Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimatı keçirilib.
XQ xəbər verir ki, tədbir Azərbaycan İdman Akademiyasında baş tutub.
Təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, veteran futbolçular və digər şəxslər iştirak ediblər. İlk olaraq Boris Xeqaqurovun 50 illik karyerası haqqında məlumat verilib və videoçarx təqdim olunub.
Fərid Qayıbov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, tanınmış idman həkiminin öz sahəsində peşəkar olduğunu deyib:
"Belə tədbirlər veteranlar və gənclər üçün çox vacibdir. Veteranların təcrübələrini bölüşməsi önəmlidir. Bu kitabda çox maraqlı hadisələr əks olunub. Boris müəllim vaxtı ilə buradakı veteran oyunçulara da dəstək olub. Hamısını yaxından tanıyır. "Neftçi" kimi komandada illərdir çalışmaq onun üçün şərəfdir. Boris Xetaqurov milli komandamızda da çalışıb. Onun haqqında çox danışa bilərəm. İndiki dönəmdə də bəzi həkimlərə məsləhətlərini verir. İdman həkimi deyəndə hamı Boris Xetaqurovu yada salır. Sizə təşəkkür edirəm".
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftadinova İdmançının həyatında həkimlərin rolunun böyük olduğunu söyləyib: "Böyük idmanda zədələr qaçılmazdır. Boris müəllimə can sağlığı və uzun ömür arzulayıram. Gənc nəsil üçün nümunəsiniz".
Veteran futbolçu, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev Boris Xetaqurovun gəncliyini futbola həsr etdiyini vurğulayıb:
"Kitabın ərsəyə gəlməsində dəstək olduğu üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. 90 yaşında növbəti kitabı təqdim etməyinizi arzulayıram".
Digər veteran futbolçu Nazim Süleymanov B.Xetaqurovla bağlı xatirələrini bölüşüb:
"O, "Neftçi" ilə birlikdə tarixi nailiyyətlərə imza atıb. Ondan çox şey öyrənmişəm. 2004-cü ildə də bir komandada işləmişik. Belə gözəl insanla birlikdə çalışdıq. Bu gün Azərbaycan futbolunda, idmanında əlamətdar gündür. O, öz təcrübəsini kitabda bölüşüb. Boris Xetaqurov haqqında çox danışmaq olar. Ölkə idmanında həkimlərin də böyük əməyi var. Sizi təbrik edirəm və can sağlığı arzu edirəm".


