Türkiyədə keçirilən Azərbaycan Kinosu Günləri silsilə tədbirlərlə davam edir.
Kino günlərinin açılış mərasimi və ilk film nümayişi İzmir şəhərində Egey Universitetində olub. Bakı ilə qardaşlaşmış şəhərin tamaşaçılarına yeni Azərbaycan filmi olan “Nargin: Sonadək sirli” təqdim edilib. Bədii-sənədli ekran əsəri Azərbaycan tarixinin qardaş Türkiyə ilə bağlı az öyrənilmiş səhifələrindən birinə günümüzdən baxmağa imkan yaradır.
Filmdə xüsusilə Birinci Dünya müharibəsi dövründə Bakı yaxınlığında – Xəzər dənizindəki Nargin adasında yaranmış müdhiş mənzərə orada saxlanılan yaralı Osmanlı əsirlərinin ağır durumu əks olunub. Xalqımızın ən çətin tarixi dönəmlərdə belə türk qardaşlarına kömək etmək üçün nümayiş etdirdiyi fədakarlıq, xronikada ön plana çəkilib, dostluq və qardaşlıq tellərinin ən ağır sınaqlardan güclənərək çıxması çağdaş nəsillərə təqdim edilib.
Kino günlərində “Buta”, “Cənnət yuxusu” və “Zəfər rəqsi” filmləri də nümayiş olunacaq.
XQ

