Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu barədə XQ-yə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Ötən müddətdə Füzuli şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi üzrə 11,4 kilometr magistral, müxtəlif diametrli borularla 4,4 kilometr artezianlararası su və 1,8 kilometr kanalizasiya kollektor xətti çəkilib. Bundan əlavə, şəhər ərazisində 6 subartezian quyusunun tikinti işləri icra olunub, müxtəlif tutumlu 2 su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.
Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 4,36 kilometr magistral su və 1 kilometr kanalizasiya kollektor xətti çəkilir, 1 sutəmizləyici qurğular kompleksi, 2 su anbarı, 1 kanalizasiya nasos stansiyası, eləcə də 1 tullantı sutəmizləyici qurğu inşa olunur. Artıq sözügedən infrastruktur obyektlərinin tikintisində işlərin 60-80 faizi görülüb.
Ağdam şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi çərçivəsində 2,6 kilometr içməli su, 2,8 kilometr kanalizasiya kollektor və 3,08 kilometr yağış suları xəttinin, eləcə də 10 min kubmetrlik 1 su anbarının tikintisi 60 faiz, 7 min 500 kubmetrlik su anbarının inşası isə 70 faiz tamamlanıb. Rayonun Sarıcalı kəndinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 1,36 kilometr magistral su, 3 kilometr təzyiqli kanalizasiya xətlərinin və 1 kanalizasiya nasos stansiyasının tikintisi ilə bağlı işlərin 97 faizi icra olunub.
Eyni zamanda, Kəngərli və Xıdırlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində ərazidə 3 kilometr magistral su və 2,1 kilometr kanalizasiya kollektor xəttinin çəkilişi başa çatdırılıb. Bununla yanaşı, hazırda Kəngərli kəndində 3 kilometr magistral su və 5,73 kilometr kanalizasiya kollektor xətlərinin, eləcə də 1 kanalizasiya nasos stansiyasının tikintisi davam etdirilir.
Şuşa şəhərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 0,51 kilometr su xətti çəkilib, mövcud su anbarında abadlıq işləri həyata keçirilib. Hazırda isə ərazidə daha 1 su anbarının tikintisi davam etdirilir. Bununla yanaşı, rayonun Turşsu qəsəbəsinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 1,52 kilometr magistral su və 1,19 kilometr kanalizasiya kollektor xətləri çəkilib, 1 su anbarı və modul tipli tullantı sutəmizləyici qurğu inşa olunub.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlıda da içməli su təchizatı və kanalizasiya sisteminin yaradılması ilə bağlı layihənin icrası davam etdirilir. Regional Su Meliorasiya Xidmətindən verilən məlumata əsasən, rayonun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 3,32 kilometr magistral su və 9,5 kilometr kanalizasiya kollektor xətləri çəkilir, müxtəlif tutumlu 3 su anbarı və 1 su nasos stansiyası inşa olunur, həmçinin 5 subartezian quyusu qazılır. Artıq layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərinin yarısından çoxu başa çatdırılıb.
Zəngilan şəhərinin və rayonun Cahangirbəyli kəndinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində işlər də sürətlə davam etdirilir. Hazırda Zəngilan şəhərində 1,86 kilometr magistral, 1,68 kilometr subartezianlararası su və 7,2 kilometr kanalizasiya kollektor xətlərinin, müxtəlif tutumlu 2 su anbarının və 1 inzibati binanın, Cahangirbəyli kəndində isə 2,2 kilometr magistral və 460 metr subartezianlararası su xətlərinin, müxtəlif tutumlu 2 su anbarının və 3 subartezian quyusunun tikintisi həyata keçirilir.
Hazırda Cəbrayıl şəhərinin, eləcə də rayonun Horovlu və Şükürbəyli kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində də mühüm işlər görülür. Artıq layihə üzrə Cəbrayıl şəhərində 1,17 kilometr magistral və 0,77 kilometr subartezianlararası su xətlərinin, eləcə də 5,1 kilometr kanalizasiya kollektor və 0,63 kilometr yağış suları xətlərinin, müxtəlif tutumlu 2 su anbarının, 3 subartezian quyusunun, inzibati və köməkçi binaların tikintisi 15-20 faiz icra olunub.
Horovluda anbarlararası 1,5 kilometrlik su, 5,75 kilometr kəhrizlərin suyığıcı və 0,32 kilometr kanalizasiya kollektor xətlərinin, eləcə də 2 su anbarının tikintisi 70 faiz icra olunub. Bununla yanaşı, ərazidə 1 su anbarı və nasos stansiyası tikilir. Şükürbəyli kəndində isə 1 su anbarı inşa olunur.
Qurumdan verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə su təchizatı ilə bağlı təxirəsalınmaz işlərin icrası layihəsi çərçivəsində Ağdam şəhərində 5, Cəbrayıl şəhərində 1, Kəlbəcər şəhərində 1 modul tipli tullantı sutəmizləyici qurğunun tikinti-quraşdırma işləri başa çatdırılıb. Xocal rayonunda isə 2 subartezian quyusu qazılıb, 3 kilometr magistral su xətti çəkilib.