“Astana” Beynəlxalq Maliyyə Mərkəzi ilə ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun hazırladığı analitik hesabatda Qazaxıstan və Özbəkistanı Azərbaycanla birləşdirəcək “yaşıl enerji kabeli”nin İpək Yolu regionunun enerji arxitekturasının dayanıqlığını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı bildirilib.
Xatırladaq ki, bu sualtı yüksək gərginlikli kabel Qazaxıstan və Azərbaycanın enerji sistemlərini birləşdirmək üçün nəzərdə tutulub və daha geniş təşəbbüsün – Cənubi Qafqazı Avropa ilə əlaqələndirən Qara dəniz üzərindən “yaşıl enerji sualtı kabel” layihəsinin bir hissəsi olacağı planlaşdırılıb. Sənədə əsasən, sözügedən infrastrukturun istismara verilməsi Mərkəzi Asiyada istehsal olunan təmiz elektrik enerjisinin (ilk növbədə, günəş və külək) Avropa İttifaqına (Aİ) ixracına şərait yaradacaq, regionda enerji mənbələrinin şaxələndirilməsinə və Aİ-nin dekarbonizasiya hədəflərini gerçəkləşməsinə töhfə verəcək. Hesabatda, eyni zamanda, qeyd edilir ki, Transxəzər enerji kabelinin çəkilməsi sabit xarici satış kanalını reallaşdıracaq və bərpa olunan enerji mənbələri sahəsində irimiqyaslı layihələrin investisiya cəlbediciliyini artıracaq.
Müəlliflərin fikrincə, layihənin Aİ-nin enerji təhlükəsizliyi və iqlim gündəliyi sahəsindəki məqsədlərinə uyğunluğu nəzərə alınaraq, “Global Gateway” təşəbbüsü mühüm strateji maliyyələşdirmə mexanizmi ola bilər.
Sənəddə qeyd olunur ki, makroiqtisadi kontekstdə layihə Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıqda karbohidrogenlərdən elektrik enerjisinə keçidi reallaşdırır ki, bu da hər iki ölkənin aşağı karbonlu enerji ixracatçıları mövqeyindən çıxış etməsinə imkan verir, eyni zamanda, regional elektrik şəbəkələrinin modernləşdirilməsini, eləcə də iqtisadi şaxələndirməni stimullaşdırır. Bu enerji dəhlizi reallaşdırılacağı təqdirdə İpək Yolu regionunun enerji arxitekturasının dayanıqlığı və rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə artacağı da proqnozlaşdırılır.
Hesabat müəlliflərinin fikrincə, Transxəzər və Qara dəniz “yaşıl enerji dəhlizləri”nin yaradılması üçün güzəştli maliyyələşdirmə, dövlət zəmanətləri və qarışıq maliyyələşdirmə strukturlarının kombinasiyası zəruridir. Avropa İnvestisiya Bankı, Avrasiya Yenidənqurma və İnkişaf Bankı, habelə ixtisaslaşmış iqlim fondları maliyyələşdirmənin reallaşmasında mühüm rol oynaya, dövlət – özəl sektor tərəfdaşlıqları, eləcə də dövlət enerji şirkətləri tərəfindən “yaşıl istiqrazlar”ın buraxılması isə əlavə kapital səfərbər etməyə imkan verə bilər.