Əbil və Süleyman medalçı ola bilmədilər

post-img

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ikinci yarış günündə 2 cüdoçumuz tatamiyə çıxıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 73 kq çəki dərəcəsində mübarizəyə qoşulan Əbil Yusubov qitə birinciliyində Georqios Kotsaxristos (Yunanıstan) və İsveçrə təmsilçisi Stevan Maitini məğlub edərək 1/4 finalda Bolqarıstan idmançısı Viktor Skerlevə məğlub olaraq təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Cüdoçumuz bu qarşılaşmada Lusio Tavolettaya uduzaraq yarışı 7-ci pillədə tamamlayıb.

81 kq çəkidə qüvvəsini sınayan Süleyman Şükürov 1/16 finalda serbiyalı Duşan Qraxovaca qalib gəlib. İkinci görüşdə ispaniyalı İnyaki Baztan Merçana məğlub olan təmsilçimiz yarışla erkən vidalaşıb.

Xatırladaq ki, birinci yarış günündə cüdoçularımız 2 qızıl və 1 bürünc medal qazanıblar.

Qabil YUSİFOĞLU 
XQ

İdman