Qərbə qarşı yeni güc mərkəzi, yoxsa müvəqqəti yaxınlaşma?
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tiencin sammiti beynəlxalq medianın diqqətini cəlb edib. Xüsusilə də Çin Xalq Respublikasının sədri Si Cinpinin Hindistan baş naziri Narendra Modi ilə görüşdən sonra səsləndirdiyi “Əjdaha və fil birlikdə rəqs edə bilərlər” ifadəsi belə düşünməyə vadar edib ki, Pekin ilə Nyu-Dehli strateji rəqiblikdən mehriban dostluq əlaqələrinin formalaşdırılması mərhələsinə qədəm qoyublar. Lakin ekspertlər bu mesajın real siyasi və iqtisadi nəticələrə çevrilib-çevrilməyəcəyinə şübhə ilə yanaşırlar.
Məsələ ondadır ki, Çin və Hindistan uzun illərdir həm iqtisadi, həm də siyasi sahədə rəqib mövqedədir. 2020-ci ildə sərhəd bölgəsində baş verən toqquşmalar, eləcə də Hindistan–Pakistan qarşıdurmalarında Pekinin İslamabada verdiyi dəstək iki ölkə arasında inamsızlığı gücləndirib. Son illərdə isə hər iki tərəf Qərb bazarları uğrunda ciddi rəqabət aparır. Məsələn, “Çin plyus” strategiyası çərçivəsində beynəlxalq korporasiyalar istehsal gücünün bir hissəsini Çindən çıxararaq Hindistana köçürürlər. Aşağı əmək haqqı, ingilis dilinin geniş istifadəsi, Qərb biznes mədəniyyətinə yaxınlıq kimi faktorlar Nyu-Dehliyə böyük üstünlüklər qazandırır. 2021-ci ildə Hindistanda “iPhone” istehsalı 1 faiz idisə, 2024-cü ildə bu göstəricinin 25 faizə çatıb. “Samsung”, “General Electric”, “Boeing” və “Siemens” kimi nəhənglər də oxşar addımlar atıblar.
Çində əməkhaqlarının artması, istehsal xərclərinin yüksəlməsi Hindistanı daha cazibədar edir. Əgər 1990–2010-cu illərdə “dünyanın fabriki” statusunu qazanan Çin çox ucuz işçi qüvvəsi, nəhəng istehsal gücü və ixrac imkanları ilə fərqlənirdisə, indi vəziyyət dəyişib. Çində orta aylıq əməkhaqqı min dollardan çoxdur. Bu, on il əvvəlki göstəricilərlə müqayisədə iki-üç dəfə yüksəkdir. Beləliklə, Çin artıq “ucuz işçi qüvvəsi” üstünlüyünü böyük ölçüdə itirib. Buna baxmayaraq, Çin hələ də daxili bazarının ölçüsü və inkişaf etmiş infrastrukturla üstünlüyünü qoruyur. Buna görə də, Hindistan sürətlə istehsal mərkəzinə çevrilsə də, infrastruktur, logistika və texnoloji təchizat baxımından Çindən geri qalır. Məsələn, Çin dünyanın ən geniş dəmir yolu və avtomobil şəbəkəsinə, həmçinin yüksək sürətli logistika imkanlarına malikdir. Hindistanda bu sahələrin inkişafı ilə öyünə bilməz.
Belə rəqabətli münasibətlərdə Rusiya vasitəçi və balanslaşdırıcı rol oynamağa çalışır. Moskva həm Pekinlə, həm də Nyu-Dehli ilə strateji tərəfdaşlıq münasibətləri saxlayır. Hindistan Rusiyadan iri həcmdə silah alır, eyni zamanda, Ukrayna müharibəsindən sonra Rusiyanın əsas neft alıcılarından birinə çevrilib. Çin isə Qərbin sanksiyaları fonunda Moskvanın əsas siyasi və iqtisadi dayağına çevrilib. Belə şəraitdə Rusiya–Çin–Hindistan üçbucağı Qərbə qarşı alternativ güc mərkəzi kimi təqdim olunur. Sammitdə Si Cinpin, Narendra Modi və Vladimir Putinin birgə fotosu da bu mesajı gücləndirmək məqsədi daşıyırdı.
Əlbəttə, Qərb analitikləri bu yaxınlaşmanı Vaşinqton və Brüsseldə narahatlıqla izləyirlər. ABŞ-ın Çinlə ticarət müharibəsi, Rusiyaya qarşı sanksiyalar və Hindistana tətbiq etdiyi tariflər bu üçlüyü müəyyən qədər bir-birinə yaxınlaşdırır. Lakin əməkdaşlıq perspektivləri ciddi məhdudiyyətlərlə üz-üzədir. Məsələn, Çin və Hindistan arasındakı hərbi toqquşmalar hələ də xatırlanır. Bundan başqa, hər iki ölkə Qərb kapitalını və texnologiyasını cəlb etməkdə bir-birinə rəqibdir. Eyni zamanda, Hindistan Qərblə, xüsusən də ABŞ-la əməkdaşlığı tam dayandırmaq niyyətində deyil, əksinə, Nyu-Dehli “balans siyasəti” yürüdür. Hindistan ABŞ, Yaponiya və Avstraliya ilə birlikdə QUAD alyansında iştirak edir. Bu alyans Çinin Asiya-Sakit okeandakı təsirini balanslaşdırmağa yönəlib.
Buna görə də, Rusiya–Hindistan–Çin əməkdaşlığı, hələ ki, simvolik xarakter daşıyır. Onların Qərbə qarşı vahid cəbhə kimi çıxış etməsi qısa müddətdə real görünmür. Bununla belə, hər üç ölkənin maraqlarının müəyyən məqamda üst-üstə düşməsi, xüsusilə də Qərbin təzyiqlərinə qarşı koordinasiyalı addımlar atması mümkündür. Əgər tərəflər ən azından münasibətləri rəqabətdən düşmənçiliyə sürükləməsələr, bu artıq böyük nailiyyət sayılacaq.
Səbuhi MƏMMƏDOV
XQ