Jurnalistlər kütləvi iğtişaşlardan kənarlaşdırılırmı?
Fransa Daxili İşlər Nazirliyi iyul ayında “Şəhər zorakılığı üzrə Milli Sxem” (SNVU) qəbul edib. Sənəd hüquq-mühafizə orqanlarının şəhər iğtişaşlarına qarşı fəaliyyətini tənzimləyən praktiki rəhbərlikdir. Burada resursların səfərbərliyindən tutmuş əməliyyat planlaşdırılmasına, saxlanılan şəxslərin hüquqi işlənməsindən məlumatlandırma prosesinədək çoxsaylı mexanizmlər yer alıb.
Sənədin əsas məqsədi dövlət strukturlarının şəhər zorakılığına qarşı daha koordinasiyalı və çevik hərəkətini təmin etməkdir. Lakin sənəddə yer alan bir qeyd Fransa mediası və beynəlxalq jurnalist təşkilatlarının ciddi narahatlığına səbəb olub.
“Jurnalistlərin statusu” məsələsi
Yeni qaydalarda açıq şəkildə qeyd olunur ki, jurnalistlərin statusunun nəzərə alınması — yəni onların xüsusi hüquqlarının və fəaliyyət azadlıqlarının qorunması — şəhər zorakılığı kontekstində əvvəlki milli asayiş sxemində (SNMO) olduğu kimi tətbiq edilmir.
Bu, praktikada o deməkdir ki, iğtişaşlar zamanı jurnalistlər artıq əvvəlki kimi hüquqi imtiyazlarla müdafiə olunmayacaq, onların hadisə yerində fəaliyyətinə məhdudiyyətlər qoyula bilər.
Jurnalist təşkilatlarının reaksiyası
Fransa Jurnalistlər İttifaqı (SNJ) bu yanaşmanı “mətbuat azadlığı üçün açıq təhdid” sayır. “Sərhədsiz Reportyorlar” (RSF) isə bəyan edir ki, hüquq-mühafizə orqanlarının jurnalistləri digər vətəndaşlardan fərqləndirməməsi onların peşə fəaliyyətini faktiki olaraq mümkünsüz vəziyyətə gətirəcək.
Xüsusilə qeyd olunur ki, 2023-cü ildə baş vermiş genişmiqyaslı iğtişaşlarda polis ilə jurnalistlər arasında gərginlik yaşanmış, bəzi media nümayəndələri zorakılığa məruz qalmışdı. O vaxtdan bəri hakimiyyətin məqsədi asayişi möhkəmləndirmək olsa da, qəbul edilən yeni sənəd mətbuatın fəaliyyət azadlığını məhdudlaşdıran bir mexanizmə çevrilib.
Hüquqi və siyasi nəticələr
Fransa Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası mətbuat azadlığını təmin edən əsas hüquqi sənədlərdir. Bu baxımdan, SNVU-nun yeni bəndləri qanunvericilikdə mövcud olan prinsiplərlə ziddiyyət təşkil edə bilər. Ekspertlərin rəyincə sənədin məhkəmə müstəvisində mübahisələndirilməsi mümkündür.
Siyasi müstəvidə isə bu addım hakimiyyətin “təhlükəsizlik” və “azadlıq” balansını getdikcə daha çox təhlükəsizliyin xeyrinə dəyişdiyini göstərir. Bu isə Fransanı demokratik dəyərlərin qorunması ilə bağlı yeni suallar qarşısında qoyur.
Analitik nəticə
Əgər yeni qayda bu formada qüvvədə qalarsa, Fransada jurnalistlərin hadisə yerlərinə çıxışı məhdudlaşacaq, informasiya axını ləngiyəcək və ictimaiyyətin obyektiv məlumat alma hüququ zərbə altında qalacaq. Əslində, zorakılığın qarşısını almaq adı ilə informasiya azadlığı məhdudlaşacaq.
Sənəd yalnız Fransa mediasının deyil, bütün Avropa jurnalist cəmiyyətinin diqqət mərkəzindədir. Çünki Avropa İttifaqının aparıcı ölkələrindən biri sayılan Fransada belə bir presedent yaranarsa, digər dövlətlərdə də oxşar addımların atılması ehtimalı güclənə bilər.
Oğuz ARİF,
hüquqşünas