Azərbaycanın təşəbbüskar fəallığı İƏT-ə dinamizm və uğur qazandırır

post-img

Ölkəmizin ixrac payı 26,5 milyard dollar, idxal həcmi isə 21 milyard dollardır

Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq respublikamızın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu baxımdan 1992-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) qoşulan ölkəmiz bu qurum çərçivəsində fəal mövqe nümayiş etdirib, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşdirilməsində mühüm rol oynayıb. İƏT ilə münasibətlər Azərbaycanın həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu yerin möhkəmlənməsinə xidmət edib.

Qeyd edək ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb və sonradan Mərkəzi Asiya, Qafqaz və digər region ölkələrinin qoşulması ilə genişlənib. Hazırda təşkilata üzv ölkələr, təxminən, 500 milyonluq əhalini və zəngin təbii ehtiyatlara malik bir coğrafiyanı əhatə edir. Bu baxımdan İƏT böyük iqtisadi potensiala malik bir əməkdaşlıq platformasıdır.

Azərbaycan bu təşkilatda fəal iştirak etməklə regional iqtisadi inteqrasiyanı sürətləndirir, ticarət, nəqliyyat, enerji və digər sahələrdə üzv ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirir. Eyni zamanda, respublikamız İƏT-in əsas fəaliyyət istiqamətlərinin – iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ekologiya və turizm sahələrinin inkişafını diqqətdə saxlayır, sadalanan sahələrdə bir sıra təşəbbüslərlə çıxış edərək təşkilatın fəaliyyətində səmərəliyin artırılmasına mühüm töhfə verir.

Azərbaycanın İƏT-ə üzv dövlətlərlə xarici ticarət dövriyyəsi davamlı şəkildə artır, qarşılıqlı investisiya imkanları genişlənir. Təşkilat çərçivəsində azad ticarət zonasının yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi və ticarət maneələrinin azaldılması kimi təşəbbüslər respublikamızın daim maraq dairəsindədir. Enerji sahəsində isə ölkəmiz regionun əsas ixracatçılarından biri kimi İƏT-in enerji təhlükəsizliyi gündəliyinə mühüm töhfələr verir. Azərbaycan qazının Türkiyə və Avropa bazarlarına nəqli respublikamızın enerji tranzit imkanlarının genişləndirilməsinə xidmət edir və təşkilatın enerji əməkdaşlığını gücləndirir.

İƏT-in əsas prioritetlərindən biri üzv ölkələr arasında nəqliyyat bağlantılarının inkişafıdır. Bu kontekstdə Azərbaycan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzərində yerləşməklə mühüm tranzit ölkəyə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə respublikamızın üzv dövlətlər arasında ticarət dövriyyəsinin genişlənməsində rolu durmadan artır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Zəngəzur dəhlizi layihəsinin isə perspektivdə İƏT məkanında yeni iqtisadi əlaqələrə yol açacağı, Naxçıvanın birbaşa quru bağlantısının bərpası ilə regionun nəqliyyat xəritəsini dəyişəcəyi gözlənilir.

Kənd təsərrüfatı sahəsində İƏT ölkələri arasında təcrübə mübadiləsi, texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyi sahəsində birgə proqramların həyata keçirilməsi ölkəmiz üçün də strateji əhəmiyyət daşıyır. Azərbaycanın aqroparkların yaradılması ilə bağlı modeli və kənd təsərrüfatı məhsullarının ixracı sahəsində qazandığı təcrübə digər üzv ölkələrlə bölüşülür və bu istiqamətdə yüksək göstəricilər əldə olunur.

Ekoloji problemlərin həlli və iqlim dəyişikliyi ilə mübarizəyə də İƏT xüsusi diqqət yetirir. Azərbaycanın “yaşıl” enerji keçidi, “yaşıl zona” elan edilən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr bu sahədə nümunəvi təşəbbüslər sayılır. Bu baxımdan, Azərbaycanın “yaşıl enerji mərkəzi” kimi təşəbbüsləri digər üzv dövlətlər üçün də model ola bilər.

Turizm sahəsində İƏT ölkələri zəngin tarixi və mədəni irsə malikdir. Azərbaycan bu sahədə təşəbbüslərlə çıxış edərək üzv dövlətlər arasında birgə turizm marşrutlarının yaradılması, viza prosedurlarının sadələşdirilməsi və turizm sərgilərinin təşkili istiqamətində səy göstərir. Bakı və Şəki şəhərlərinin UNESCO irs siyahısında olması və ölkədə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın turizm potensialının artmasına xidmət edir.

Azərbaycan təşkilat daxilində yalnız iştirakçı deyil, həm də təşəbbüskar ölkə kimi fəaliyyət göstərir. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə İƏT-in gücləndirilməsinin vacibliyini qeyd edib və respublikamızın bu platformada daha sıx əməkdaşlıqda maraqlı olduğunu bəyan edib. 2012-ci ildə İƏT-in Bakı Sammiti, eləcə də təşkilat çərçivəsində keçirilən nazirlər səviyyəsində görüşlər Azərbaycanın bu istiqamətdə səylərinin göstəricisidir.

Beləliklə, Azərbaycanın İƏT çərçivəsində qurduğu münasibətlər regional əməkdaşlıq modelinin uğur nümunəsinə çevrilib. İqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə ardıcıl və konstruktiv fəaliyyət göstərən Azərbaycan bu platformada əlaqələrin dərinləşməsi ilə həm regionun, həm də ölkənin inkişafına mühüm töhfələr verir. Bu əməkdaşlıq formatı isə respublikamızın beynəlxalq iqtisadi sistemdə daha da möhkəmlənməsini və Azərbaycanın çoxşaxəli diplomatik uğurlarını şərtləndirir.

Lətif ZEYNALLI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin aparıcı məsləhətçisi

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan da daxil olmaqla bir sıra Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin qoşulduğu regional iqtisadi inteqrasiya platformasıdır. Təşkilatın başlıca məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində qarşılıqlı əməkdaşlığın təşviq olunması və dərinləşdirilməsidir. Azərbaycan Respublikası 1992-ci ildən etibarən İƏT-in tamhüquqlu üzvü kimi bu təşəbbüslərdə fəal iştirak edir.

Azərbaycanın geostrateji mövqeyinin Cənubi Qafqaz regionunda yerləşməsi və Şərq – Qərb, eləcə də Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində qərarlaşması ölkənin İƏT çərçivəsində nəqliyyat və logistika əməkdaşlığı üçün mühüm potensialını formalaşdırır. Bu xüsusda Bakı –Tbilisi – Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri infrastruktur layihələri Azərbaycanın regional tranzit mərkəzi statusunu möhkəmləndirərək təşkilat daxilində yüklərin daşınması və ticarət əlaqələrinin sadələşdirilməsinə şərait yaradır. Təşkilata 10 ölkə – Azərbaycan, Əfqanıstan, İran İslam Respublikası, Özbəkistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistan üzvdür.

2024-cü il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsinə nəzər yetirildikdə, ixracın həcminin 26,5 milyard ABŞ dolları, idxalın isə 21 milyard ABŞ dolları təşkil etdiyi müşahidə olunur. 2024-cü il üzrə Azərbaycanın İƏT-ə üzv ölkələrlə xarici ticarət əlaqələrinin statistik təhlili göstərir ki, bu ölkələrlə aparılan ixrac və idxal əməliyyatlarının həcmi və strukturu əhəmiyyətli dərəcədə fərqlənir.

Fikrimin təsdiqi olaraq diqqəti konkret göstəricilərə yönəltmək istərdim. Belə ki, İran İslam Respublikasının Azərbaycanın ümumi ixracında payı 0,05 faiz, ümumi idxalında isə 3,01 faiz təşkil edib. Özbəkistanla ticarət əməliyyatları çərçivəsində ixracın ümumi ixracdakı payı 0,15 faiz, idxalın payı isə 1,01 faiz olub. Pakistanla aparılan ticarət əməliyyatları isə son dərəcə məhdud xarakter daşıyır – ölkənin ümumi ixracında payı 0,00 faiz, idxalında isə 0,1 faiz təşkil edib. Qazaxıstanla xarici ticarət dövriyyəsində ixrac 0,5 faiz, idxal isə 1,6 faiz səviyyəsində qeydə alınıb. Qırğızıstan üzrə bu göstəricilər müvafiq olaraq 0,11 faiz və 0,05 faiz, Tacikistan üzrə isə 0,02 faiz və 0,01 faiz təşkil edib. Ən yüksək ticarət dövriyyəsi Türkiyə Respublikası ilə qeydə alınıb. Belə ki, 2024-cü ildə Azərbaycanın ümumi ixracının 14,38 faizi, idxalının isə 10,97 faizi məhz Türkiyənin payına düşüb.Türkmənistanla ticarət əlaqələrində ixrac 0,3 faiz, idxal isə 1,44 faiz səviyyəsində olub. Əfqanıstanla isə 2024-cü il ərzində heç bir ticarət əməliyyatı həyata keçirilməyib. Ümumilikdə, Azərbaycanın xarici ticarət dövriyyəsində İƏT-ə üzv ölkələr arasında Türkiyə Respublikası ikinci mövqedə qərarlaşır. Bu göstərici iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi sahədə də intensiv şəkildə inkişaf etdiyini təsdiqləyir.

Prezident İlham Əliyevin “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunu imzalaması Azərbaycanın regional və beynəlxalq təşkilatlarla strateji əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsidir. Bu addım Azərbaycan ilə İƏT arasında mövcud əməkdaşlığın hüquqi – institusional çərçivəsinin daha da möhkəmləndirilməsinə xidmət edir. Sənəd çərçivəsində nəzərdə tutulan birgə layihələr və təşəbbüslər elmi – tədqiqat və iqtisadi inkişaf sahələrində qarşılıqlı fəaliyyətin keyfiyyətini artırmağa imkan verəcək.

 





İqtisadiyyat