Ötən “Əsrin müqaviləsi”nin yeni əsr uğurları

post-img

19 ildə Ceyhan limanından dünya bazarına 605 milyon ton neft göndərilib

Ölkəmizin iqtisadi müstəqilliyi üçün möhkəm təməl, etibarlı baza yaradan “Əsrin müqaviləsi” çərçivəsində əməliyyatlar uğurla davam edir. Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin yanvar-iyun aylarında da “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar sahəsində uğurlu nəticələr əldə edilib.

“BP-Azərbaycan” şirkətinin 2025-ci ilin birinci yarısının nəticələrinə dair hesabatına əsasən, yanvar-iyun aylarında konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 259 milyon dollar, əsaslı məsrəflərinə isə 558 milyon dollar xərclənib. Konsorsium iştirakçıları “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda aparılan 4-ölçülü yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalını bu ilin birinci yarısında yekunlaşdırıblar. İyun ayında isə ikinci il üçün məlumat toplanması işlərinə start verilib.

Cari ilin yanvar-iyun ayları ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. Hesabat dövründə AÇG-də, ümumilikdə, 143 hasilat, 46 su injektor və 10 qaz injektor quyusu istismarda olub. Bu ilin ötən dövründə 7 hasilat platforması vasitəsilə gündə orta hesabla 327 min barel və ya ümumilikdə, təxminən, 59 milyon barel, yəni 8 milyon ton neft çıxarılıb.

Ümumi hasilatın 21 min bareli “Çıraq”, 86 min bareli “Mərkəzi Azəri”, 75 min bareli “Qərbi Azəri”, 42 min bareli “Şərqi Azəri”, 54 min bareli “Dərinsulu Günəşli”, 24 min bareli “Qərbi Çıraq” və 25 min bareli “Azəri-Mərkəzi-Şərqi” platformalarının payına düşüb. Fevral ayının 18-də isə BP və tərəfdaşları AÇG layihəsi çərçivəsində “Mərkəzi Azəri” platformasından ilk neftin əldə olunmasının 20 illiyini qeyd etdilər. Xatırladaq ki, indiyədək bu platformadan, ümumilikdə 1,1 milyard barrel (154 milyon ton) neft hasil edilib.

AÇG layihəsi çərçivəsində neft hasilatını sabit saxlamaq məqsədilə ilin əvvəlindən bir sıra texniki tədbirlər həyata keçirilib. Belə ki, ikinci rübdə 4 illik fasilədən sonra “Çıraq” platformasından laylara su vurulması prosesi yenidən bərpa edilib. Bunun üçün platformada bir sıra vacib yenilənmə işləri həyata keçirilib. Həmin işlərə isə suvurma nasoslarının yenidən layihələndiriləsi və modifikasiya olunması, idarəetmə sisteminin yenidən qurulması, eləcə də əlavə bir su injektor quyusunun qazılması daxildir. Yeri gəlmişkən, yeni quyu “Çıraq” platformasında ilk dəfə olaraq ayrıca dizel generatoruna ehtiyac olmadan mövcud üst tikililər və qazma generatorlarının istehsal etdiyi elektrik enerjisi ilə qazılıb. Bundan əlavə, ikinci rübdə AÇG layihəsi çərçivəsində “ACE” platformasından ilk qaz injektoru quyusu təhlükəsiz şəkildə və qrafikə uyğun işə salınıb.

AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Belə ki, 6 ay ərzində müqavilə sahəsində 3 neft hasilatı, 3 su injektor və 1 qaz injektor quyusunun qazılması tamamlanıb.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun hazırda işlənməkdə olan laylarının altı sərbəst təbii qaz ehtiyatları ilə zəngindir. Mütəxəssislər AÇG yatağının çıxarıla bilən sərbəst təbii qaz ehtiyatlarının 4 trilyon kub futadək olduğunu düşünürlər. Həmin ehtiyatların kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 2024-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 30-cu ildönümündə AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə yeni bir əlavə imzalanıb.

2025-ci iin birinci yarısında sərbəst təbii qaz ehtiyatlarının zəngin olduğu güman edilən iki prioritet layı əhatə edən ilkin qiymətləndirmə quyusunun qazılması tamamlanıb. Mövcud “Qərbi Çıraq” platformasından qazılmış həmin quyu olduqca əhəmiyyətli hesab edilir. Çünki quyu hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. Hazırda həmin quyudan ilk qaz hasilatının əldə olunması istiqamətində bütün lazımi sualtı birləşdirmə işləri davam edir.

Bu ilin ilk yarısında AÇG-dən neft və səmt qazının sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. Yanvar-iyun aylarında AÇG-dən Azərbaycan dövlətinə, əsasən, Səngəçal terminalından, eləcə də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə, isə 1,5 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Xam nefti dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, əvvəlki dövrlərdə olduğu kimi, 2025-ci ilin yanvar-iyun aylarında da fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin bu ilin birinci yarısının nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 60 milyon dollar, əsaslı məsrəflərinə isə 30 milyon dollar xərclənib.

Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş, təqribən, 13 milyon ton xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC boru kəməri vasitəsilə 2025-ci ilin ikinci rübünün sonunadək 605 milyon ton (4,6 milyard barel) xam neft nəql edilib. Xam neft Ceyhan limanında 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Xatırladaq ki, hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, adıçəkilən kəmər vasitəsilə Qazaxıstan və Türkmənistana məxsus xam neft və kondensat həcmləri də nəql olunur.

 

 

İqtisadiyyat