“AZCON Holding”in şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
MMC-dən XQ-yə bildirilib ki, görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 58 min 515 IMEI koda “klon” statusu verilərək blok edilib. Həmin IMEI kodlar son üç ayda 1 milyon 564 min 73 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 1 milyon 470 min 109 dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.
“AzInTelecom” MMC mütəmadi şəkildə monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Surəti köçürülmüş IMEI kodlara “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Mobil cihazların IMEI kodlarının orijinallığını mygov portalında yoxlamaq mümkündür.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

