Azərbaycan Davosda yeni sənaye təşəbbüsünə qoşulub

post-img

Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub.

İqtisadiyyat nazirliyindən bildirilib ki, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və innovasiya əsaslı inkişafın təşviqi məqsədilə qəbul edilən "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya" çərçivəsində işlər davam etdirilir.

Strategiyanın əsas prioritetlərinə uyğun olaraq sənaye klasterlərinin formalaşdırılması, beynəlxalq təşəbbüslərə inteqrasiya və "yaşıl" iqtisadiyyatın inkişafı istiqamətlərinə uyğun olaraq, Azərbaycanın DİF-in "Sənaye Klasterlərinə Keçid" qlobal təşəbbüsünə qoşulmasına dair Niyyət Məktubu imzalanıb.

Sənəd Prezident İlham Əliyevin DİF-in illik toplantısında iştirakı çərçivəsində Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən imzalanıb.

Bu çərçivədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə "SOCAR Polymer" və "SOCAR Karbamid" müəssisələri arasında əməkdaşlıq çərçivəsində Sumqayıt Sənaye Parkında formalaşdırılan "NextGen" sənaye klasteri istehsal xərclərinin optimallaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının yüksəldilməsini hədəfləyir.

Dünya İqtisadi Forumu tərəfindən 2021-ci ildən həyata keçirilən bu təşəbbüsə indiyədək 19 ölkədən 39 sənaye klasteri qoşulub. Azərbaycan bu təşəbbüsə qoşulan 20-ci ölkədir. Təşəbbüsə qoşulmuş klasterlər 877 milyon ton karbon dioksid ekvivalentinin azaldılmasına imkan yaradır, 508 milyard ABŞ dolları həcmində qlobal ÜDM-ə töhfə verir və 4,6 milyon iş yerini dəstəkləyir. Bu göstəricilər təşəbbüsün qlobal enerji keçidi və sənaye transformasiyasında strateji rolunu nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycanın DİF-in "Sənaye Klasterlərinə Keçid" təşəbbüsünə qoşulması İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) koordinasiyası ilə həyata keçirilir.

XQ

İqtisadiyyat