Bank sektoru sağlamlaşdırılacaq

post-img

Azərbaycan qlobal reytinq agentliklərinin diqqət mərkəzində

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan banklarının 2026-cı ildə əvvəlki 2 ilin səviyyəsində dayanıqlılıqlarını qoruyacaqlarını gözləyir.

"S&P Global Ratings"in hesabatında bildirilir ki, bankların gəlirlilik və kapital göstəriciləri mülayim olacaq, lakin yenə də regionda kreditlərin verilməsi yüksək orta artım templəri - 15-20 faiz səviyyəsində, həmçinin aktivlərin dayanıqlılıq keyfiyyəti ilə dəstəklənəcək.

Ümumiyyətlə, son bir neçə ildə Qazaxıstan və Azərbaycanda bank sektorunun tənzimləyiciləri tərəfindən nəzarət tədbirləri əhəmiyyətli dərəcədə güclənib. Qazaxıstan artıq Bazel III standartlarını və risk-əsaslı nəzarəti tətbiq edib, Azərbaycan isə onların tətbiqetmə prosesindədir. Bununla yanaşı, analitiklərin fikrincə, Azərbaycanda iqtisadi artım templəri əsasən karbohidrogen gəlirlərinin azalmasını əks etdirir. Neft hasilatının azalması və qaz hasilatının həcmlərində staqnasiya qeyri-neft sektorundakı mülayim artımı üstələyir.

Hesabatda qeyd olunur ki, bank sektorunun tənzimləyicisi kimi Azərbaycan Mərkəzi Bankı 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyasını hazırlayıb. Strategiyaya əsasən tənzimləyici risk-əsaslı nəzarətə və MHBS9 (IFRS) standartlarına keçir. Eyni zamanda, 2026-cı ildə Bazel III tələblərinə uyğunlaşdırılması üçün kapital adekvatlığı sisteminin yenidən nəzərdən keçirilməsi, bankların stres testləşməsinin keçirilməsi üçün tələblərin sərtləşdirilməsi, bazar riskləri üzrə yeni tənzimləyici bazanın tətbiqi planlaşdırılır. Bu il, həmçinin bank sektorunun sağlamlaşdırılması mexanizminin inkişafı davam etdiriləcək.

"S&P" qeyd edib ki, 2025-ci ildə agentlik Azərbaycanın BICRA qiymətləndirmələrində sahəvi risk proqnozunu "sabit"dən "müsbət"ə yenidən nəzərdən keçirib. Bu, analitiklərin fikrincə, ölkədə bank tənzimlənməsinin və nəzarətinin güclənməsini əks etdirir.

Agentlik, həmçinin vurğulayıb ki, tarixən Azərbaycanda kreditləşmə dinamikası neft qiymətləri ilə sıx korrelyasiya olub.

"S&P"nin proqnozuna görə, 2026-cı ildə kreditləşmə üzrə artım tempinin 2025-ci ilin səviyyəsinə uyğun olaraq 12 faiz həddində olacaq. Bu, regiondakı (müqayisə edilə bilən ölkələrə nisbətən) ən aşağı iqtisadi artım templəri və neft qiymətlərinin azalması gözləntiləri ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanda özəl sektorun borc səviyyəsi müqayisə edilə bilən ölkələr arasında ən aşağı olaraq qalır. "S&P"nin qiymətləndirməsinə görə, ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 15 faiz, korporativ sektorun borclarının nisbəti isə 11 faiz təşkil edir.

XQ

İqtisadiyyat