Köçəri İMANOV,
texniki elmlər üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin yanvar ayının 5-də yerli televiziya kanallarına müsahibəsində ölkə həyatının müxtəlif aspektlərini və perspektiv inkişaf trendlərini dəyərləndirməklə yanaşı, qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin yüksəldiyi də qeyd etmiş və bu artımın daha yüksək olması üçün potensial imkanların mövcudluğunu vurğulamışdır.
Dünya tarixindən də məlumdur ki, məhz hərtərəfli iqtisadi artım, yəni təbii sərvətlərdən balanslı istifadə yeraltı ehtiyatlarla zəngin olan ölkələrdə böyük rifaha səbəb olmuşdur. Azərbaycanda qeyri-neft-qaz sektoru deyiləndə ilk öncə kənd təsərrüfatı göz önünə gəlir ki, bu da təbiidir. Respublika əhalisinin 45,6 faizi kənd əhalisi, ümumi ərazinin 55 faizi kənd təsərrüfatına yararlı torpaqlar, kənd təsərrüfatı istehsalı üçün yararlı torpaqların isə 43 faizi əkin yerləridir. Bununla yanaşı, aqrar islahatlar başlanan dövrdən, əsasən 2000-ci ildən etibarən dövlət tərəfindən aqrar sektora, xüsusən də kənd təsərrüfatı istehsalına irihəcmli dəstək tədbirləri həyata keçirilmişdir.
Dəstək paketinə aqrar islahatlar aparılmış təsərrüfat subyektlərində qalan borcların silinməsi, vergi güzəştləri, birbaşa subsidiyalar, güzəştli kreditlər, texnika alışında güzəştlər, suvarma infrastrukturunun inkişafı, toxum və gübrə alışında güzəştlər və s. daxildir. Bir sıra ölkələrlə müqayisədə Azərbaycanda dövlət dəstəyi paketinin dəyər ifadəsində hektara nisbəti ən yüksək yerdədir. Bu isə onu göstərir ki, kənd təsərrüfatı sektoru dövlət başçısının iqtisadi siyasətində xüsusi yer tutur və ölkənin gələcək inkişafı üçün sahəyə mühüm önəm verilərək genişmiqyaslı dövlət tədbirləri həyata keçirilir.
Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlər barədə danışılarkən aqrobiznes subyektləri tərəfindən də bu yöndə həyata keçirilməli fəaliyyətlər qeyd edilməlidir. Çünki dövlət tərəfindən göstərilən bütün dəstək tədbirlərinin və həyata keçirilən fəaliyyətlərin səmərəliliyi biznes və təsərrüfat subyektləri tərəfindən nə dərəcədə məqsədyönlü və bazar konyunkturasının tələblərinə adekvat faydalanmasından asılıdır.
Məlum olduğu kimi hər hansı bir sahə üzrə inkişaf dinamaikasını səciyyələndirən əsas amillər arasında ticarət əlaqələri mühüm önəm daşıyır. Ticarət əlaqələri biznesin inkişafının hərəkətverici qüvvəsidir. Beynəlxalq bazarlara çıxış, satış və gəlirlərin artırılması, innovasiyaların stimullaşdırılması, rəqabətlilik və ixtisaslaşma üsulları ilə məhsuldarlığın artırılması və s. bazarlar şəbəkəsindən, ticarət balansından və saldonun dinamikasından asılıdır. Bu baxımdan, əsas kənd təsərrüfatı məhsullarının 2014-2024-cü illər üzrə xarici ticarət dövriyyəsinin dinamikasına nəzər salsaq görərik ki, bu sahədə vəziyyət ölkəmiz üçün məqbul deyildir.
2024-cü ilin yekununa görə, əsas kənd təsərrüfatı məhsulları üzrə ticarət balansı əhəmiyyətli məbləğdə mənfi saldo ilə Azərbaycanın zərərinə olmuşdur. Bu məhsullarının idxal coğrafiyası hər iki yarımkürəni əhatə etməklə geniş və şaxələnmiş bazarlar şəbəkəsindən ibarət olsa da, ixrac coğrafiyası əsasən Rusiya və Türkiyə bazarları ilə məhdudlaşır. Bununla belə, bəzi Avropa, Yaxın Şərq və MDB ölkələrinə də kiçik həcmli çıxış mövcuddur.
Beləliklə, sadə bir sual yaranır – kənd təsərrüfatına göstərilən güclü dövlət dəstəyinə rəğmən, kənd təsərrüfatı məhsulları ilə özünütəminetmə səviyyəsi (xüsusən heyvandarlıq məhsulları və ərzaqlıq buğda) və ticarəti sahəsində hələ də qalan çatışmazlıqların səbəbini nə ilə izah etmək olar? Bu sualın cavabı təsərrüfatların təşkilatı-hüquqi forması, mini təsərrüfatçılığın və pərakəndəliyin geniş yer alması, bazar konyunkturasının yetərincə inkişaf etməməsi, nəhayət əkin sahəsinə nəzərən subsidiyalaşdırma mexanizmi ilə bağlıdır. Odur ki, dövlət dəstəyi paketindən istifadənin səmərəliliyini artırmaq üçün yeni subsidiyalaşdırma mexanizminə keçidə ehtiyac vardır.
Beynəlxalq təcrübə göstərir ki, bazar iqtisadiyyatı şəraitində dövlət dəstəyinin fermerlər üçün daha səmərəli olması üçün subsidiya aşağıdakı fundamental fermer problemlərin həllinə yönəlməlidir: uzunmüddətli problemlər – tələbatın qeyri-elastikliyi; təklif artımına nisbətən tələbat artımının zəifliyi; disparitetlik; resursların əvəzolunmazlığı; qısamüddətli problemlər – qiymətlərin dəyişkənliyi; gəlirlərin qeyri-sabitliyi.
Bu baxımdan dəstək alətləri bazar konyunkturasının inkişafına, fermerlərin rəqabətliyinə və bazar aktivliyinin stimullaşdırılmasına yönəldilməlidir. Buna görə də kənd təsərrüfatında yeni subsidiyalaşdırma mexanizminin tətbiq olunması və bu barədə əhalinin ətraflı məlumatlandırılması üçün təbliğat-təşviqat tədbirlərinə başlanılması təklif olunur.
Yeni subsidiyalaşdırma mexanizmində differensial və məqsədli subsidiya alətləri əsas götürülməlidir. Subsidiyalaşdırma strateji əhəmiyyətli məhsullara (məsələn, buğda, kartof, tərəvəz, yem bitkiləri və s.); bank kreditləri üzrə faiz dərəcələrinə; sığorta ödənişlərinə; innovativ texnologiyalara; aqroservis və mütəxəssis xidmətlərinə; logistika və bazara çıxışa və s. tətbiq olunmalıdır ki, aqrobiznes subyektlərinin bazar aktivliyi stimullaşdırılsın və bazar konyunkturasının inkişafına müsbət təsiri olsun.
Qeyd olunduğu kimi, kənd təsərrüfatı istehsalı və ticarəti sahəsində əsas problemlərdən biri mini təsərrüfatçılığın və pərakəndəliyin geniş yer almasıdır. Bu problemin həll edilməsi üçün subsidiyalaşdırma mexanizmindən istifadə edilməklə resursların konsolidasiyasına nail olmaq mümkündür. Bunun üçün təklif olunan subsidiyalaşdırma qaydalarında təsərrüfat subyektinin hüquqi statusuna və torpaq sahəsinin ölçülərinə xüsusi önəm verilməsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, yeni qaydalarda fermerlərin subsidiya alması üçün mərhələli şəkildə hüquqi şəxs statusu şərti və hektara nəzərən prioritetləşdirmənin tətbiqi vacibdir. Bununla da kənd təsərrüfatında torpaq resurslarının təmərküzləşməsinə və kooperasiyasının genişlənməsinə töhfələr vermək olar.
Müsbət saldolu xarici ticarət münasibətləri milli istehsalı stimullaşdıran əsas amillərdən biridir. Kənd təsərrüfatı məhsullarının ticarəti sahəsində mövcud vəziyyətin Azərbaycanın xeyrinə dəyişdirilməsi üçün Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi nəzərə alınmaqla yeni ixrac konsepsiyası üzərində düşünülməsi, fikrimizcə, yerinə düşərdi və bu məsələnin gündəmə çıxarılmasının artıq vaxtı çatmışdır. Bu konsepsiyaya əsasən GFSI üzrə alıcılıq qabiliyyəti 80 bal üzərində və ərzağın mövcudluğu 70 bal altında olan ölkələrin bazarlarının potensial ixrac bazarları kimi nəzərdən keçirilməsinə üstünlük verilir. İndiki mərhələdə Avropada – Yunanıstan, Rumıniya, İspaniya, Serbiya, Belçika, Danimarka; Yaxın Şərqdə- İordaniya, Küveyt; Asiyada- Malaziya, İndoneziya, Tailand kimi ölkələrin bazarları potensial ixrac bazarları kimi nəzərdən keçirilə bilər.
İxrac bazarlarının demoqrafik göstəricilərə, coğrafi yerləşməyə və adət-ənənəyə (psixoqrafik) əsasən, diversifikasiyası və seqmentləşdirilməsi bir və ya iki bazardan asılılıqdan qurtulmağın ən optimal yoludur. Bununla yanaşı, vacib bir məqama da xüsusi diqqət yetirilməlidir ki, ticarət zəncirinin tamlığının təmin edilməsi üçün bazarın tələbləri əsasında istehsal da mütləq uyğun olaraq seqmentləşməlidir. Yəni “Məhsul üçün bazar deyil, bazar üçün məhsul” prinsipinə söykənən istehsal münasibətlərinin qurulması önəmlidir.
Digər vacib bir məqam bazar iştirakçıları, biznez tərəfdaşları və ticarət münasibətlərinin yaradılması ilə bağlıdır. Hazırda kənd təsərrüfatında mövcud olan pərakəndəlik və mini təsərrüfatçılığın geniş yer aldığı bir dönəmdə bu məsələ aktuallığı ilə daha da qabarıq formada öz təsirini göstərməkdədir. Yəni çoxsaylı xırda istehsalçıların bazara çıxış sahəsində imkanlarının məhdudluğu onların gəlirlilik səviyyəsinin yüksəldilməsinə və rentabelli biznes qurmalarına heç də əlverişli şərait yaratmır. Buna görə də xarici ticarət zənciri üzrə “birləşdirici halqa” rolunu oynaya biləcək Regional Tədarük və Satış Bazalarının yaradılması məsələsinə baxılması məqsədəuyğun olardı.
Quba-Xaçmaz İqtisadi Rayonu üzrə meyvəçilik, Şəki-Zaqatala İqtisadi Rayonu üzrə qərzəkli meyvələr, Lənkəran-Astara İqtisadi Rayonu üzrə tərəvəzçilik sahəsində ixtisaslaşan tədarük-satış bazaları yaradıla bilər. Təbii ki, belə bazar subyektləri özəl əsaslarla “Dövlət–özəl tərəfdaşlığı” investisiya layihələri çərçivəsində ərsəyə gətirilə bilər.

