İnformasiya təhlükəsizliyinin peşəkarlıq təminatı

post-img

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti informasiya təhlükəsizliyi sahəsində çalışan insan resurslarının inkişafı, peşəkar bilik və bacarıqların ölçülə bilən meyarlar əsasında qiymətləndirilməsi, habelə sahə üzrə əsaslı biliklərin sistemli şəkildə idarə olunması məqsədilə İnsan Resurslarının İntellektual Qiymətləndirmə Sistemini tətbiq edib.

Yeni Sistem dövlət qurumlarında informasiya təhlükəsizliyi və texnologiyaları istiqamətində fəaliyyət göstərən əməkdaşlarının peşəkar hazırlıq və bilik səviyyələrinin, peşə səriştələrinin və funksional bacarıqlarının müasir qiymətləndirmə alətləri vasitəsilə yoxlanılaraq qiymətləndirilməsini təmin edir. Qiymətləndirmə nəticələrinə əsasən sözügedən mütəxəssislərin müvafiq səriştə səviyyələrinin yüksəldilməsi üçün uyğun təlimlər keçirilərək nəticələrini əks etdirən sertifikatların təqdim olunması nəzərdə tutulur. Bu yanaşma sahə üzrə peşəkar standartların vahid platforma üzərindən formalaşdırılmasına və insan resurslarının keyfiyyət göstəricilərinin institusional səviyyədə ölçülməsinə xidmət edir.

Sistem vasitəsilə ilkin mərhələdə Energetika Nazirliyi və Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin müraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahə üzrə bilik və bacarıq səviyyələri qiymətləndirilib. Sözügedən qurumlarının sahə üzrə çalışan əməkdaşları üçün ikihəftəlik təlim proqramlarına başlanılıb. Təlimlər Bakı Ali Neft Məktəbində yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında həyata keçirilir.

XQ

İqtisadiyyat