Azərbaycan qlobal ekosistemdə fəal iştirak edir

post-img

Bakıda “Oracle” Mükəmməllik Mərkəzi yaradılacaq

Azərbaycanın rəqəmsal transformasiya gündəliyində beynəlxalq tərəfdaşlıq xüsusi yer tutur. Son dövrlərdə aparılan danışıqlar və keçirilən görüşlər göstərir ki, ölkə artıq qlobal texnoloji ekosistemdə daha fəal iştirak etməyə və strateji əməkdaşlıq platformalarını genişləndirməyə çalışır. Bu baxımdan Böyük Britaniya ilə qurulan dialoq və beynəlxalq texnologiya şirkətləri ilə aparılan müzakirələr Azərbaycanın rəqəmsal inkişaf strategiyasının yeni mərhələyə daxil olduğunu göstərir.

Bu istiqamətdə diqqətçəkən məsələlərdən biri Azərbaycan ilə Böyük Britaniya arasında süni intellekt və data infrastrukturu sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunmasıdır. İlk olaraq, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini Baroness Lloyd ilə görüşündə iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüş zamanı süni intellekt üzrə data mərkəzlərinə investisiyaların təşviqi, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi və rəqəmsal transformasiya istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Müzakirələrdə insan kapitalının inkişafı məsələsi də xüsusi diqqət mərkəzində olub. Bu çərçivədə Böyük Britaniya universitetləri ilə birgə təhsil proqramlarının yaradılması, təqaüd imkanlarının genişləndirilməsi və rəqəmsal akademiyaların formalaşdırılması kimi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Belə təşəbbüslər Azərbaycanın rəqəmsal transformasiya strategiyasında kadr potensialının gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Azərbaycanın beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq gündəliyində digər mühüm istiqamət isə ölkədə yeni texnoloji mərkəzlərin yaradılmasıdır. Bu kontekstdə Rəşad Nəbiyevin Böyük Britaniyaya səfəri çərçivəsində qlobal texnologiya şirkəti “Oracle” ilə əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Nazir Rəşad Nəbiyev şirkətin vitse-prezidentləri Ken MacLennan və Mark Newell ilə görüşündə Bakıda “Oracle” Mükəmməllik Mərkəzinin yaradılması perspektivlərinin nəzərdən keçirildiyini bildirib. Görüş zamanı Azərbaycan ilə “Oracle” arasında rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi və məlumat infrastrukturu sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Süni intellekt ekosisteminin inkişafı istiqamətində aparılan dialoq yalnız Avropa şirkətləri ilə məhdudlaşmır. Azərbaycan bu sahədə ABŞ texnologiya şirkətləri ilə də əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır. Nazir Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində ABŞ-ın aparıcı texnologiya şirkətlərindən biri olan “Scale AI” nümayəndələri ilə də görüş keçirib. Görüş zamanı süni intellekt texnologiyalarının tətbiqi, prioritet istifadə ssenarilərinin həyata keçirilməsi və ölkədə süni intellekt ekosisteminin inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Bununla yanaşı, Azərbaycan və ABŞ-ın "Dell Technologies" şirkəti arasında da rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq müzakirə edilib.

Müzakirələr çərçivəsində süni intellekt layihələrinin qısa və uzunmüddətli mərhələlər üzrə genişləndirilməsi, yerli istedadların inkişafı və ekosistem tərəfdaşlıqlarının formalaşdırılması kimi məsələlər də diqqət mərkəzində olub. Bu yanaşma Azərbaycanın süni intellekt sahəsində yalnız texnologiya istifadəçisi kimi deyil, eyni zamanda, innovasiya prosesinin iştirakçısı kimi mövqeyini gücləndirməyə yönəlib.

Qeyd edək ki, Azərbaycanda süni intellektin inkişafı artıq dövlət siyasəti səviyyəsində təsdiqlənib. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam bu sahədə uzunmüddətli hədəfləri və icra mexanizmlərini müəyyənləşdirir. Sərəncamda süni intellektin inkişafının sürətləndirilməsi, tədqiqatların təşviqi, infrastrukturun əlçatanlığının təmin olunması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və ixtisaslı kadr potensialının gücləndirilməsi əsas məqsədlər kimi göstərilir.

Beləliklə, Böyük Britaniya və ABŞ şirkətləri ilə aparılan danışıqlar göstərir ki, data mərkəzləri, süni intellekt infrastrukturu və innovasiya ekosisteminin formalaşdırılması istiqamətində atılan bu addımlar ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına mühüm töhfə verə bilər.

Fərid KAZIMOV,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İctimai Şurasının üzvü

Azərbaycan rəqəmsal texnologiyaları öz inkişaf strategiyasının əsas sütunlarından biri kimi qəbul edir. Bu çərçivədə ölkəmiz artıq yalnız istifadəçi qismində çıxış etməklə kifayətlənmir. Eyni zamanda qlobal vendorlar, yəni beynəlxalq IT şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, həmin texnologiyaların inkişafında tərəfdaş kimi iştirak edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Beləliklə, formalaşan yeni strategiya Azərbaycanın sadəcə texnologiya istifadəçisi mövqeyindən çıxaraq birgə inkişaf və tərəfdaşlıq modelinə keçməsini nəzərdə tutur.

Azərbaycan özünün unikal coğrafi mövqeyi, imkanları və regiondakı strateji rolu baxımından bu prosesdə müəyyən məsələlər üzrə əlaqələndirici məkan və ya texnoloji qovşaq rolunu oynaya bilər. Qeyd etmək lazımdır ki, Azərbaycanda artıq bir sıra rəqəmsal inkişaf strategiyaları qəbul edilib. Bu strategiyalar dövlət idarəçiliyində elektronlaşmanın genişləndirilməsini, rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqini və innovativ həllərin təşviqini nəzərdə tutur.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, bəzi texnologiyalar var ki, onların sıfırdan yaradılması və tam şəkildə inkişaf etdirilməsi böyük maliyyə və resurs tələb edir. Məsələn, süni intellekt bu sahələrdən biridir. Məlum olduğu kimi, ABŞ bu istiqamətdə inkişafı sürətləndirmək üçün yüz milyardlarla dollar həcmində maliyyə vəsaiti ayırıb. Bu isə çox böyük rəqəmdir və Azərbaycanın iqtisadi miqyası ilə müqayisədə belə investisiya həcmlərinə çatmaq real görünmür.

Məhz buna görə Azərbaycan bu sahədə aparıcı texnologiya şirkətləri ilə tərəfdaşlıq modelinə üstünlük verir. Belə əməkdaşlıq vasitəsilə ölkəmiz həm texnologiyalardan istifadə edir, həm də onların hazırlanması və inkişafı prosesində iştirak edir.

Məsələn, beynəlxalq proqram təminatı şirkətlərindən biri olan “EPAM” müxtəlif ölkələrdə texnoloji mərkəzlər yaradaraq həmin ölkələrlə tərəfdaşlıq formatında fəaliyyət göstərir. Bu cür şirkətlər yerli proqramçıların da iştirak etdiyi texnoloji mərkəzlər formalaşdırır və beləliklə, həm texnologiya inkişaf edir, həm də ölkənin kadr potensialı güclənir. Yəni Azərbaycan artıq texnologiyaların yalnız istifadəçisi kimi deyil, onların hazırlanması və inkişafında iştirak edən tərəfdaş kimi çıxış etməyə çalışır.

Bu, tamamilə yeni bir strateji yanaşmadır. Müasir dünyada texnologiya istehsalında və innovasiya proseslərində iştirak etmək ölkələrin iqtisadi inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən layihələr və beynəlxalq şirkətlərlə keçirilən görüşlər də məhz bu strategiyanın reallaşdırılmasına xidmət edir.

Bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyi gözlənilir. Azərbaycan gələcəkdə daha çox texnologiya şirkətini tərəfdaş kimi cəlb etməyə və ölkədə rəqəmsal ekosistemi genişləndirməyə çalışır.

Rəqəmsal inkişaf iqtisadiyyatın da əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Bu sahənin inkişafı həm texnologiya sektorunun genişlənməsinə, həm də ölkənin ixrac potensialının artmasına səbəb olacaq. Hazırda Azərbaycanın rəqəmsal məhsullar üzrə ixracı təxminən 200 milyon dollar səviyyəsində qiymətləndirilir. Lakin aparılan siyasət və yeni əməkdaşlıq modelləri bu göstəricinin yaxın illərdə əhəmiyyətli dərəcədə artacağını deməyə əsas verir.

Azərbaycan artıq rəqəmsal hökumət həlləri və innovativ texnologiya paketlərini müxtəlif ölkələrə təqdim etməyə başlayıb. Məsələn, Afrika ölkələrindən nümayəndə heyətləri ölkəmizə gələrək bu sahədə tətbiq olunan sistemləri öyrənir və əməkdaşlıq imkanlarını araşdırırlar. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkədə rəqəmsal hökumət və elektron xidmətlər sistemi kompleks və inteqrasiya olunmuş şəkildə formalaşdırılıb.

Gözlənilir ki, yaxın illərdə Azərbaycan texnoloji həllərin ixracını daha da genişləndirəcək və müxtəlif ölkələrdə bu sistemlərin tətbiqi başlayacaq. Bu isə ölkə iqtisadiyyatına əlavə gəlir gətirməklə yanaşı, Azərbaycanın qlobal rəqəmsal ekosistemdə mövqeyini daha da gücləndirəcək.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat