Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

“Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli 80 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 1815 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi:

2.1. “Vahid elektron arxiv” informasiya sisteminin (bundan sonra – Sistem) aparılması, fəaliyyətinin təşkili, saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün;

2.2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

4. “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli 80 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 212) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissədə “Vahid Elektron Arxiv Məlumat Sisteminin (bundan sonra – Sistem) Əsasnaməsinin” sözləri “Vahid elektron arxiv” informasiya sistemi (bundan sonra – Sistem) haqqında Əsasnamənin” sözləri ilə əvəz edilsin;

4.2. 4-cü hissə ləğv edilsin;

4.3. həmin Qərarla təsdiq edilmiş “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları” üzrə:

4.3.1. 4.5-ci bənddə “Milli Arxiv İdarəsinin Vahid Elektron Arxiv Məlumat Sistemində (bundan sonra – VEAMS)” sözləri “Vahid elektron arxiv” informasiya sistemində” sözləri ilə əvəz edilsin;

4.3.2. 5.3-cü bənddə “VEAMS-nin” sözü “Vahid elektron arxiv” informasiya sisteminin” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 28 ” “ aprel ” 2026-cı il

№ 122

Nazirlər kabinetinin qərarları