Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 784 (Cild I) ilə təsdiq edilmiş “Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.2-2-ci və 1.3-1-ci bəndlər əlavə edilsin:
“1.2-2. Maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların və sənədlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi halları müəyyən edildikdə maliyyə institutu tərəfindən şəxs və aşkar olunmuş pozuntu barədə yazılı məlumat dərhal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – Dövlət Vergi Xidməti) verilməlidir.”;
“1.3-1. Xarici ölkənin qanunvericiliyinə uyğun olaraq hüquqi təsisat formasında yaradılmış hesabatverən maliyyə institutu adından çıxış etməklə onun maliyyə hesablarının saxlanılmasını və bu Qaydalarla müəyyən edilmiş hesabatvermə və hərtərəfli yoxlama öhdəliklərinin yerinə yetirilməsini təmin edən şəxs (trasta münasibətdə trastın idarəçisi) hesabatverən maliyyə institutunun Qanunla müəyyən edilən məsuliyyəti həddində məsuliyyət daşıyır.”.
2. 2.2.1-ci yarımbənddə “şəxsdir” sözü “şəxs, o cümlədən xarici hüquqi təsisatdır” sözləri ilə əvəz edilsin.
3. 2.2.4.1-ci abzasda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin, həmin abzasın mətni birinci cümləsi hesab edilsin və aşağıdakı məzmunda ikinci, üçüncü cümlələr, 2.2.4.1.1-ci və 2.2.4.1.2-ci abzaslar əlavə edilsin:
“Depozitar fəaliyyəti dedikdə, fəaliyyətinin əhəmiyyətli hissəsi digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılmasından ibarət olan fəaliyyət nəzərdə tutulur. Hüquqi şəxsin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20%-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması hüquqi şəxsin fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:
2.2.4.1.1. hüquqi şəxsin depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üçillik müddət;
2.2.4.1.2. hüquqi şəxsin fəaliyyət göstərdiyi müddət;”.
4. 2.2.18-ci yarımbənddə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti)” sözləri “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.
5. 2.2.21-ci yarımbənddə (ikinci halda) “olmayan” sözü “olan” sözü ilə, “2.2.4.2-ci” sözləri “2.2.4.4.2-ci” sözləri ilə əvəz edilsin və “iştirakçı” sözündən sonra “olmayan” sözü əlavə edilsin.
6. 4.8.5.1-ci və 4.9.5.1-ci abzaslarda “2.2.4.4-cü” sözləri “2.2.4.4.2-ci” sözləri ilə əvəz edilsin.
7. 6.2-ci bənddə “iyul” sözü “iyun” sözü ilə əvəz edilsin.
8. Həmin Qaydaya 2 nömrəli əlavəyə aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:
“Bu Qaydaların 4.5.6.1-4.5.6.3-cü abzaslarında göstərilən bütün tələblərə cavab verən və hesab qalığı 1000 ABŞ dolları məbləğini keçməyən əvvəlcədən mövcud olan qeyri-aktiv hesablar (annuitet sığortası müqaviləsi istisna olmaqla).”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 27 ” “ aprel ” 2026-cı il
№ 120

