Martın 15-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Təkbətək görüş zamanı Azərbaycan ilə Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov qardaşlıq və dostluğa əsaslanan Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında müşahidə olunan dinamikanın, xüsusilə müttəfiqlik əlaqələrimizi təsbit edən Şuşa Bəyannaməsinin imzalanması ilə yeni müstəviyə qədəm qoyan əlaqələrimizin məmnunluq doğurduğunu qeyd edib. İkitərəfli müttəfiqlik münasibətlərinin regional, habelə beynəlxalq platformalar çərçivəsində özünü nümayiş etdirdiyi, qarşılıqlı dəstək və həmrəyliyimizi möhkəmləndirdiyi diqqətə çatdırılıb.
Qarşı tərəf cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırılıb. Ölkəmizin sülh prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işlərindən irəli gələn məsələlərdən bəhs edib.
Nazir Hakan Fidan yüksək qonaqpərvərliyə, habelə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilatçılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Hakan Fidan Türkiyənin COP29 çərçivəsində də qardaş Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacağını vurğulayıb.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
Tərəflər ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin regional əməkdaşlığa öz töhfəsini verəcəyini əminliklə vurğulayaraq, bu istiqamətdə yüksək səviyyəli təmasların və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini diqqətə çatdırıblar.
Xüsusilə iqtisadi sahədə əməkdaşlıq üçün mövcud potensialdan istifadənin, birgə layihələrin uğurla həyata keçirilməsinin zəruriliyi bildirilib, bu xüsusda Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacib rolundan bəhs edilib.
Postmünaqişə dövründə mövcud regional vəziyyət, ölkəmizin bərpa, quruculuq, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə regional əməkdaşlığın gücləndirilməsi üçün münbit şəraitin yarandığını deyib.
Nazir İliya Darçiaşvili Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, Tbilisinin bu format çərçivəsində regional əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
XQ

