XI Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib. “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusuna həsr olunan ilk panel iclasına “Fortescue Metals and Fortescue Future İmdustries” şirkətinin İdarə Heyətinin sədri Jan Baderşnayder moderatorluq edib.
BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayner bildirib ki, dünya iqlim dəyişiklikləri ilə bağlı təcili cavab tədbirlərimizi səbirsizliklə gözləyir. Azərbaycan COP29-a ev sahibliyi edəcək. COP29 iqlim dəyişmələri ilə bağlı atılacaq addımlara mühüm töhfə verəcək.
BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktorunun müavini, Qlobal Tərəfdaşlıq və Xarici Əlaqələr Direktorluğunun idarəedici direktoru Fatu Haydara COP29-un qarşısında çox çətin məsələlərin həllinin dayandığını deyib. Bildirib ki, bunlardan biri iqlim maliyyələşdirilməsidir. Enerji keçidinin mexanizmi hazırlanmalıdır. Özəl sektorun da burada önəmli rolu var.
BMT-nin Məskunlaşma Proqramının 2018-2024-cü illərdə icraçı direktoru xanım Maimuna Mohd Şərif bildirib ki, hesablamalara görə, 77 faiz karbon emissiyası şəhərlərin payına düşür. 2050-ci ildə 70 faiz əhali şəhərlərdə yaşayacaq. İqlim dəyişmələri ilə bağlı tədbirlər görülməlidir.
BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza çıxışında COP29-un sonunda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına şahidlik ediləcəyinə inamını ifadə edib.
İqlim dəyişikliklərinin geosiyasi məsələlərdə rolunu vurğulayan M.F.Espinoza fikirlərinə belə davam edib: “İqlim yalnız ətraf mühit məsələsi deyil, siyasi və iqtisadi təsirlərə də malikdir. Buraya bizim istədiyimiz yaşam tərzi də daxildir. COP29-da bu məsələlərə də baxılacaq”.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera isə qeyd edib ki, COP29 çox gözəl düşüncə platformasıdır. Bakının bu tədbirə ev sahibliyi edəcəyini səbirsizliklə gözləyirik. COP29 yaşıl enerjiyə keçiddə həlledici rol oynayacaq.
“Liberal International" təşkilatının Prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri Hakima El Haite deyib ki, COP yalnız geosiyasi alət deyil, həyatın, bəşəriyyətin gələcəyidir. Biz hər şeyi dəyişdirə bilərik.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma deyib ki, biz ənənəvi enerjinin sonunu yaşayırıq. Reallıq odur ki, iqlim dəyişmələri bizə təsir etməkdədir. Ölkələr bir araya gələrək sərhəd tanımadan birlikdə işləməlidir. Bizim əlimizdə texnologiya var, amma vəsait kifayət qədər deyil”.
COP29 Azərbaycan üzrə baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, COP29 maliyyə ilə bağlı olacaq. Bakının maliyyə məsələlərini vahid platforma şəklinə necə saldığını görmək istəyirik.
“Danışıqlar üzrə komandamız hər yerə səfər edir. Ev sahibi olaraq fəal hazırlıq işlərinə başlamışıq. Prosesin davamlılığını və ardıcıllığını təmin etmək vacibdir. Hər kəs bu prosesin tərkib hissəsi olmalıdır. Bu, Azərbaycanın yanaşmasıdır və COP-da təşkilatçılığın düzgün idarə edilməsindən asılıdır”, - deyə E.Soltanov əlavə edib.
***
Həmin gün “Hər kəs üçün sağlamlıq” mövzusunda növbəti panel iclası keçirilib. İclasa Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev moderatorluq edib.
BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı çıxışında qeyd edib ki, BMT-nin qurumu olaraq bütün səbəbləri araşdırıb xəstəliklərin qarşısını almaq lazımdır. “Azərbaycan bu sahədə böyük addımlar atır. Xəstəliklərə yoluxma, həmçinin ölüm hallarının sayının azaldılması məsələlərini diqqətdə saxlayır”, - deyə UNAIDS-ın icraçı direktoru bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktorunun müavini Najat Moxtar xərçəng xəstələrinin müalicəyə çıxışı imkanlarından danışıb.
Səhiyyəyə investisiyanın insana qoyulan sərmayə hesab edildiyini deyən Najat Moxtar bildirib: “Dünyada 30 ölkənin heç bir tibbi ləvazimatı yoxdur. Ona görə də bu ölkələr xərçəng xəstələrinin müalicəsini həyata keçirə bilmir. Bizə 80 ölkədən dəstək üçün müraciət edilib. Bunlar əsasən Afrika ölkələridir”.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında “Hər kəs üçün sağlamlıq” konsepsiyasının Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmalarının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərin təmir-bərpası istiqamətində misli görünməmiş yenidənqurma işləri aparır. Azərbaycanın Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə işğaldan azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb.
Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç diqqətə çatdırıb ki, dünyada baş verən müharibələr qısa müddət ərzində COVID-19 pandemiyasını unutdurdu. O, növbəti pandemiyaya hazır olmağımızın, onu diqqətdə saxlamağımızın vacibliyini vurğulayıb.
Misirin sabiq ailə və əhali naziri Muşira Xattab səhiyyənin, təhsilə əlçatanlığın insan hüquqları olduğunu deyib. “"Hər bir ölkə bunu təmin etməli, bərabərsizliyin qarşısını almalıdır. İnsan hüquqlarının bərpası ilə parçalanmış dünyanı bərpa edə bilərik”, - deyə nazir əlavə edib.
Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev bildirib ki, biz hazırda parçalanmış, bölünmüş səhiyyə sistemi olan dünyada yaşayırıq. Bəşəriyyətin yoluxucu xəstəliklərdən xilas ola bilməsi üçün bütün dünya birgə mübarizə aparmalıdır.
Moldovanın sabiq Baş naziri Kirill Qaburiç dünyanı düzgün prioritetlər müəyyənləşdirməyə, qlobal dialoq qurmağa çağırıb.
***
Növbəti panel iclası “Həyatda qalmağımızı maliyyələşdirmək: İqlim ədaləti” mövzusuna həsr olunub. Iclasına Dünya Bankının Şərqi və Cənubi Afrika regionu üzrə sabiq vitse-prezidenti Hafez Qanem moderatorluq edib.
Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels hazırda dünyanın bir çox ölkəsinin iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkdiyini bildirib. Hazırda 3,6 milyon insan iqlimə həssas ərazilərdə yaşayır.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım qeyd edib ki, təbii qazın vurduğu ziyan aradan qaldırılmalıdır.
Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev təmiz ətraf mühitin və yaşıl iqtisadiyyatın artırılmasının Azərbaycanın strategiyasının əsas xəttini təşkil etdiyini vurğulayıb.
UNESCO-nun 2009-2017-ci illərdə baş direktoru, Beynəlxalq Elm Şurasının hamisi, BMT Sülh Universitetinin İdarə Heyətinin sədri İrina Bokova deyib ki, hər şey təhsildən başlayır. Bu, bünövrədir. Bizim yaşam tərzimizi dəyişdirən yaşıl iş yerləri təhsildən keçir. Biz artıq hər bir layihədə elm tutumluluğu gücləndirməliyik.
2009-2011-ci illərdə Belçikanın Baş naziri İv Löterm çıxışında zamanın insanlara qarşı işlədiyini, biznes ssenarisi ilə davam ediləcəyi təqdirdə nəyəsə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.
Çıxışında iqlim dəyişikliyinin yaratdığı maliyyə böhranlarından danışan Mavrikinin sabiq Prezidenti Ameenah Qurib Fakim həssas ölkələrin həmin qlobal problemin mənfi təsirlərindən qorunmasına kömək məqsədilə İtki və Zərər Fondunun təsis olunmasının əhəmiyyətindən danışıb.
Malavinin sabiq Prezidenti Coys Banda Afrikada mövcud olan problemlər haqqında danışıb.
Rumıniyanın sabiq Baş naziri Petre Roman dünyanın gələcəyi ilə bağlı qarşıda duran məsələlərin müzakirəsinin əhəmiyyətini vurğulayıb. O, maliyyə məsələləri və iqlim dəyişiklikləri ilə bağlı risklərə toxunub.
Ümumdünya Təbiət Fondunun (WWF) İqlim və Enerji üzrə Qlobal Təcrübə Lideri, Perunun sabiq ətraf mühit naziri, COP20-nin prezidenti Manuel Pulqar Vidal isə deyib: “Biz insanların səsini eşitməliyik. Bunun üçün böyük işlər görülməlidir”.
***
“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda ikinci günün sonuncu panel iclası keçirilib. Belçikanın sabiq Baş naziri İves Letermenin moderatorluq etdiyi müzakirələr “Regional hərbi və iqtisadi ittifaqların rolu” mövzusunda olub.
Münxen Təhlükəsizlik Konfransının Fond Şurasının prezidenti Volfqanq İşinger ölkələrin ərazisində boz ərazilərin yaranmasının qarşısını almağın mümkünlüyünü qeyd edib: “Bunun qarşısını almaqda bir sıra təsisatlar bizə kömək edə bilər. NATO hərbi müttəfiqdir. Ancaq onun aparıcı ölkəsi Amerika Birləşmiş Ştatlarıdır. Digər böyük təşkilat isə İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Həmin təşkilata daxil olan ölkələr vahid mövqe əsasında qərar verirlər. Ancaq BMT-də belə deyil. Lissabon sazişi isə mürəkkəb detallarla izah edilir. Biz hər hansı bir ölkənin təkbaşına qalmasının qarşısını almalıyıq”.
Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa ölkələrin öz vətəndaşlarına tətbiq etməli olduğu azadlıq və demokratiyadan bəhs edib.
Çinin Renmin Universitetinin maliyyə tədqiqatları üzrə Çonqyanq İnstitutunun dekanı Vanq Ven çıxışında süni intellektin bəşəriyyət üçün təhdidlər törədəcəyini diqqətə çatdırıb. O, qlobal idarəetmənin süni zəkaya həvalə edilməsinə qarşı çıxmağın zəruriliyini vurğulayıb. Vanq Venin sözlərinə görə, əks halda təhdidlər artacaq.
Azərbaycanla Çin arasında əlaqələrdən danışan V.Ven qeyd edib: “Azərbaycan Çinin çox vacib iqtisadi partnyorudur. “Bir kəmər, bir yol” layihəsi ilə sıx əməkdaşlıq edirik. Azərbaycan region üçün olduqca vacib tərəfdaş ölkə hesab edilir”.
Monqolustanın sabiq Prezidenti Nambarin Enxbayar ölkəsinin bütün dünyanın dost olması konsepsiyasını hazırladığını və birtərəfli situasiyada qalmaq istədiyini diqqətə çatdırıb: “Böyük ölkələr üzərində olan öhdəlikləri yerinə yetirmir. Bu, yanlış istiqamətdir. Bütün dünyanın taleyüklü məsələsi beş ölkənin qərarına bağlıdır. Bizə isə heç nə qalmır. Yalnız BMT-də təmsil olunan beş ölkəyə taleyimizi həvalə etmişik. Hesab edirəm ki, veto hüququ beş ölkənin əlindən alınmalıdır. BMT daha məsuliyyətli orqana çevrilməlidir. Həmin təşkilat böyük güclərin iradəsini səsləndirən təşkilat olmalı deyil, bütün dünyanın mövqeyini əks etdirməlidir.”.
Amerikanın xarici siyasət üzrə milli komitəsinin baş icraçı direktoru və prezidenti Suzan Eliot Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) təşkilatının fəaliyyətində bəhs edib. Bildirib ki, ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yer alır.
İsrailin sabiq xarici işlər naziri Tzipi Livni İsrail-Fələstin münaqişəsi barədə danışıb.
Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç hər bir dövlətin Avropa İttifaqına üzv qəbul edilmək istədiyini deyib: “Bu gün bir çox ölkələr tərəqqiyə imza atıb və yaxşı həyat tərzini yaradıb. Regionumuzda Bosniya və Herseqovina Avropaya doğru addım atıb və üzvlük astanasındadır.
NATO isə bir seçim deyil, sadəcə hərbi ittifaqdır. BMT-nin Nizamnaməsinə uyğun fəaliyyət göstərən bir təşkilatdır. NATO bizə düşmən deyil. NATO-nun əməliyyatları açıq şəkildə bəyan edilib”.
Litvanın sabiq Prezidenti Daliya Qribauskayte isə bildirib ki, təhlükəsizlik infrastrukturu yaradılsa da, faktiki olaraq bu, bir çox təşkilatlarda dağıdılıb: “Yaxın Şərqdə biz artıq müdrik liderliyin və təhlükəsizliyin azalmasına şahidlik edirik. Avropa isə təhlükəsizliklə bağlı boşluqların doldurulmasına cəhd göstərir”.
Bununla da “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun ikinci gününün müzakirələri başa çatıb.




