NDU-nun nümayəndə heyəti Ankara Qazi Universitetində olub

post-img

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə Naxçıvan Dövlət Universitetinin əsas icraçısı olduğu layihələrlə bağlı rektor Elbrus İsayev, beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə və NDU Xəstəxanasının baş həkimi Elmar Rzayev Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər edib.

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyətini qarşılayan Ankara Qazi Universitetinin rektoru Uğur Ünal və heyəti ilə ali təhsil müəssisələri arasında inkişaf etməkdə olan təhsil və tədqiqat sahəsindəki qarşılıqlı əməkdaşlıq, tələbə və müəllim mobilliyi, tibb ixtisası tələbələrinin yay istehsalat təcrübəsi, rezidentlərin rotasiyası, Qazi Universiteti xəstəxanalarında fəaliyyət göstərən həkimlərin NDU-da tədris, tədqiqat və müalicə prosesinə cəlbi məsələləri müzakirə edilib. 

Elbrus İsayev Qazi Universitetinə yeni rektor təyin olunmuş Uğur Ünalı təbrik edərək uzun illərdir davam edən NDU-Qazi universitetləri əlaqələrindən danışıb, ortaq fəaliyyət sahələrindən bəhs edib. Hər iki rektor arasında  perspektiv fəaliyyət sahələri barədə fikir mübadiləsi aparılıb. 

Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru Qazi xəstəxanasının həkimləri və Tibb fakültəsinin professor müəllim heyəti ilə dəyirmi masa ətrafında görüş keçirib. Müzakirələr zamanı Qazi Universiteti həkimlərinin tədris, tədqiqat, müayinə və əməliyyatlarda iştirakı, Naxçıvanda tibbi kadrların yetişdirilməsinin dayanıqlılığının təmin edilməsi, tibb bacısı və həkimlərin cəlbinin hüquqi prosedurları və sair məsələlər müzakirə edilib. 

Qeyd olunan məsələlərin operativ həlli yolları üçün təkliflər səsləndirilib və işçi qruplarının fəaliyyəti üçün yol xəritəsi müəyyən edilib.

Görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova da iştirak edib.





Son xəbərlər