Azərbaycan qazı Suriyada təhlükəsizliyə töhfədir

post-img

Azərbaycan qazı ilə istehsal edilən elektrik enerjisi sayəsində Suriya xalqı uzun müddət gözlədiyi işığı əldə edəcək. Nəhayət ki, uzun illər Bəşər Əsəd rejiminin zülmü altında olan suriyalılar öz problemlərini həll edə biləcəklər. Bu kontekstdə hesab edirəm ki, Azərbaycan qazının Suriyaya tədarükü mühüm humanitar addım və regionun enerji təhlükəsizliyinə töhfədir.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu bəyanatla avqustun 20-də “SOCAR Türkiye” şirkəti və Yaxın Şərq Universitetinin (ODTÜ) səyləri ilə həyata keçirilən “Cib kitabları” sosial layihəsinin Ankarada təşkil edilən təqdimat mərasimində çıxış edib.

C.Yılmazın sözlərinə görə, Azərbaycan qazının Suriyaya nəqlinin başlanması Ankara ilə Bakının sıx əməkdaşlığı və koordinasiyası sayəsində mümkün olub. O, Türkiyə və Azərbaycanın, habelə bütün regionun tərəqqisində əhəmiyyətli rola malik olan iki qardaş ölkənin əməkdaşlığını enerji təhlükəsizliyinin təmin edilməsində “kritik əlamətdar amil” adlandırıb.

Türkiyənin vitse-prezidenti Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və Trans–Anadolu (TANAP) kimi layihələrin əhəmiyyətini də vurğulayıb.

C.Yılmaz diqqətə çatdırıb ki, SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi 18 milyard dollardan çoxdur. Bu, Azərbaycan şirkətinə Türkiyə iqtisadiyyatına sərmayə qoyan xarici investorlar arasında lider mövqeyinə çıxmaq imkanı verib.

C.Yılmaz bildirib ki, “SOCAR Türkiye” şirkəti Türkiyənin neft-kimya kompleksinə əlavə 7 milyard dollar sərmayə qoymaq imkanlarını nəzərdən keçirir. “Ümidvaram ki, bu layihə mümkün qədər tez həyata keçiriləcək. Bu cür təşəbbüslər xarici ticarət kəsirinin azaldılması və ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə C.Yılmaz bildirib.

Türkiyənin vitse-prezidenti bəyan edib ki, “SOCAR Türkiye”nin inkişafı Türkiyə hökumətinin 2053-cü ilə qədər atmosferə zərərli qaz emissiyalarını sıfıra endirmək planlarına uyğundur.

O, elektrik enerjisi nəqlinin artırılmasını Ankara ilə Bakı arasında əməkdaşlığa doğru daha bir strateji addım adlandırıb.

Türkiyəli siyasətçi “SOCAR Türkiye” və ODTÜ-nün sosialyönümlü yeni layihəsini alqışlayıb və bu təşəbbüsü Türkiyədə mədəniyyət və savadlılığın artırılmasına mühüm töhfə kimi xarakterizə edib.

Təqdimat mərasimində “SOCAR Türkiye” şirkətinin baş direktoru Elçin İbadov və ODTÜ-nün rektoru Ahmet Yozqatlıgil da çıxış ediblər.

XQ

Son xəbərlər