Sabiq prezidentin yeni iddiaları bunun aşkar göstəricisidir
Ermənistanın birinci prezidenti, uzun illər özünü Qarabağ məsələsinin həllində Azərbaycanla dil tapmağa çalışan, habelə Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa cəhd edən siyasətçi kimi göstərən Levon Ter-Petrosyan son illərdə əsl simasını nümayiş etdirir. Onun son açıqlamaları əvvəlki ritorikası ilə kəskin ziddiyyət təşkil edir. Əvvəllər kompromis tərəfdarı kimi çıxış edən, daha doğrusu, bunun imitasiyası ilə məşğul olan Ter-Petrosyan hazırda daha çox revanşist dairələrin mövqeyinə yaxın mövqe sərgiləyir. Bir vaxtlar “sülh tərəfdarı” imici ilə tanınan sabiq prezident indi populist çağırışlarla gündəmdə qalmağa çalışır. Nəticədə onun sözlərinin real siyasi çəkisi azalır və verdiyi bəyanatlar yalnız radikal qrupların rəğbətini qazanır.
Bugünlərdə “İlur.am” saytında Ter-Petrosyanın “Nikol Paşinyan Ermənistanın daxili siyasi həyatında sabitliyi pozan əsas amildir” sərlövhəli məqaləsi yerləşdirilib. O, məqalədə bildirib ki, N.Paşinyan daxili siyasi həyatın sabitliyini pozan əsas amildir. Xalqı konsolidasiyaya deyil, cəmiyyəti parçalamağa yönəlmiş siyasət yürüdür: “Dəli olmayan istənilən dövlətin başçısı ilk növbədə öz ölkəsində sabitlik yaratmağa çalışır. Təbii ki, həqiqətən də dəli liderlər (Qəddafi, Səddam Hüseyn və başqaları) var ki, onlar istəmədən və ya bilərəkdən bu imperativin əksinə olaraq, özləri qeyri-sabitlik yaradırlar. Bəs ölkəmizdə nə baş verir? Son vaxtlar Nikol Paşinyan Ermənistanda sığınacaq tapmış yüz mindən çox (?) “Artsax” sakininin ədalətli tələblərinə məzəmmət, təhqir və bəzən vulqar ifadələrlə cavab verir. Sonuncular ümidsizcəsinə yüzlərlə qapını döyürlər, lakin istək və tələblərinə layiqli cavab tapmayıb etirazlarını kütləvi nümayişlər, oturaq aksiyalar, mitinqlər, küçələrin bağlanması və sair üsullarla bildirməyə məcbur olurlar”.
Sabiq prezident xatırladıb ki, oxşar vəziyyət 1990-cı illərdə Sumqayıt, Gəncə (Ter-Petrosyan “Kirovabad” yazır–S.H.) və xüsusilə Bakıdakı “talanlardan” sonra “Ermənistana pənah gətirmiş yüz minlərlə erməni qaçqının” məsələsində də yaranıbmış. Onun sözlərinə görə, həmin vaxt hakimiyyət Vladimir Movsisyanın rəhbərlik etdiyi “Ermənistan Respublikasının xüsusi proqramlar üzrə Dövlət İdarəsi”ni yaratmaqla həll yolu tapıb: “Yeri gəlmişkən, 2023-cü ildən sonra Samvel Babayan belə bir struktur yaratmaq təklifi ilə Paşinyana müraciət etsə də, sonuncu bu təklifi rədd edib. Beləliklə, Paşinyan və onun komanda yoldaşları bu cür işlək strukturun yaradılması ideyasından imtina edərək, atdıqları addımların səmərəsizliyini aqressiv ritorika ilə ört-basdır etməyə məcbur olurlar. Halbuki bu aktual problemlərin həllini peşəkar məmurlardan ibarət xüsusi quruma həvalə etmək olar ki, onun da müstəsna məsuliyyəti koordinasiyalı fəaliyyət və “Artsax” ermənilərinin ədalətli tələblərinin təmin edilməsi olacaq”.
Ter-Petrosyan yazıb ki, bununla o, mahiyyət etibarilə, “Artsax” ermənilərini sakitləşdirmir, əksinə, onları etirazları davam etdirməyə və gücləndirməyə sövq edir, qeyri-stabilliyi daha da dərinləşdirir: “Yada salmaq yerinə düşər ki, bu, Paşinyanın yeganə bədbəxtliyi deyil. O, həmçinin erməni kilsəsinə qarşı oxşar bağışlanmaz və təhlükəli avantüra nümayiş etdirdi, lakin bu, güclü milli müxalifətə görə dayandırıldı. Nəticədə, o, ən azı müvəqqəti olaraq kilsəyə qarşı bölücü kampaniyasını dayandırmağa məcbur oldu. Paşinyanın növbəti təxribatçı addımı “Ermənistan Elektrik Şəbəkəsi”nin milliləşdirilməsi üzrə konstitusiyaya zidd təşəbbüs və Samvel Karapetyana qarşı qanunsuz cəza tədbiri olub ki, bu da ölkəmizin son dərəcə ehtiyac duyduğu sabitliyin bərqərar olmasına xələl gətirən amillərdən biridir. Bir sözlə, Paşinyanın qəbul etdiyi təkəbbürlü iş üslubu həqiqətən də millətimizin çox ehtiyac duyduğu birləşməyə deyil, yalnız parçalanmağa yönəlib”.
***
Qeyd edək ki, Ter-Petrosyan hələ 1990-cı illərdə siyasətə qədəm qoyduğu vaxtdan ölkədə ziddiyyətli fiqur olub. O, bir tərəfdən, beynəlxalq ictimaiyyətə özünü Azərbaycanla kompromis axtarışında olan lider kimi təqdim edir, digər tərəfdən isə, cəmiyyətin həssas mövzularından bəhrələnərək siyasi mübarizədə üstünlük qazanmağa çalışırdı. 1997-ci ilin sentyabrında İrəvanda keçirdiyi nadir mətbuat konfranslarından birində Qarabağ məsələsində Azərbaycanla razılığa gəlməyin vacibliyi barədə səsləndirdiyi fikirlər onun barış tərəfdarı kimi tanınmasına gətirib çıxarmışdı. Habelə Türkiyə ilə münasibətlərin normallaşdırılması yönündə də müəyyən təşəbbüslərlə çıxış etmişdi. Onun həmin mətbuat konfransında açıq və səmimi danışması, Qarabağ separatçılarının münaqişənin paket həll variantını rədd edəcəyi halda Ermənistanın mərhələli həll yoluna meyilli ola biləcəyinə dair eyhamı 1998-ci ilin fevral ayının əvvəlində Ter-Petrosyanın istefası ilə yekunlaşan siyasi böhrana davamlı sürüşmənin əlaməti oldu. O zaman Ter-Petrosyan Cənubi Qafqazdakı siyasi və iqtisadi tendensiyalara ayıq realist baxış sərgiləmişdi. Demişdi ki, kasıb Ermənistan gec-tez neft-qaz ehtiyatları ilə zəngin Azərbaycanla toqquşmalı olacaq. Bildirmişdi ki, müharibədəki (Birinci Qarabağ müharibəsindən söhbət gedir–S.H.) qələbə İrəvana həm Qarabağın təhlükəsizliyini, həm də Ermənistanın siyasi və iqtisadi rifahını təmin edəcək sövdələşmə bağlamaq imkanı verib. Ermənistan qoşunlarının Qarabağdan kənarda işğal olunmuş ərazilərdən çıxarılması ilə başlayan addım-addım yanaşma uzunmüddətli həllə gətirib çıxara biləcək qarşılıqlı etimad yaradar. Mahiyyət etibarı ilə o, ermənilərə bildirdi ki, onlar Qarabağın de-yure Azərbaycanın tərkibində olacağını, azərbaycanlılar isə Qarabağ ermənilərinin faktiki olaraq tam özünüidarəyə malik olacağını qəbul etməli olacaqlar. Ter-Petrosyanın Azərbaycan üçün də böyük ölçüdə məqbul olan kompromisə doğru addımını Qarabağın Bakıya “şaquli tabeçiliyi” kimi şərh edən separatçı hökumətlə rəsmi İrəvan arasında münasibətlərdə fasilə yarandı. Ermənistanda 1997-ci ilin sonu və 1998-ci ilin əvvəllərində gərgin hökumətdaxili mübarizə gedirdi. Separatçı rejim Ter-Petrosyanın təkliflərini rədd etdikdən sonra hökumət və parlamentdəki bir çox əsas müttəfiqləri onu tərk etdilər. Ter-Petrosyan güclü müdafiə və daxili təhlükəsizlik nazirləri ilə qarşıdurma riskinə düşməkdənsə, istefa vermək qərarına gəldi. Bir neçə həftə sonra Ermənistanın prezidenti seçilən separatçı rejimin keçmiş başçısı (Ermənistanın o vaxtkı baş naziri) Robert Koçaryanın rəhbərliyi altında yeni hökumət quruldu. Demək olar ki, Ermənistan hökuməti dərhal Qarabağ məsələsində daha sərt mövqe tutdu.
Həmin dövrdən etibarən Ter-Petrosyanın Qarabağ klanı ilə münasibətləri gərgin olaraq qalırdı. Bu gərginlikdə 2008-ci il prezident seçkilərində Levonun qələbəsinin oğurlanmasının da böyük payı var idi. Lakin son illərdə onun çıxışlarında tamamilə başqa bir mənzərə müşahidə olunur. Ter-Petrosyan artıq özünü “sülhün tərəfdarı” kimi yox, daxili narazılıqları körükləyən, revanşist dairələrə yaxınlaşan siyasətçi kimi təqdim edir. Onun yazmış olduğu məqalə bunun bariz nümunəsidir. O, Paşinyanı Ermənistanın daxili sabitliyini pozan əsas amil adlandırır və hökumətin “qaçqınlar”la bağlı siyasətini sərt tənqid edir. 1990-cı illərdə Azərbaycandan Ermənistana köçmüş ermənilərlə bağlı təcrübəni misal gətirir və guya, bu gün də eyni model tətbiq edilməlidir deyir. Amma həmin dövrdəki şərtlər, regionun geosiyasi vəziyyəti və Ermənistanın daxili imkanları ilə indiki şərait arasında ciddi fərqlər var. Əgər 30 il əvvəlki model bugünkü reallığa cavab versəydi, Ermənistan artıq sosial böhranlardan çıxış yolu tapmış olardı.
Ter-Petrosyanın Paşinyanı “xalqı parçalamaqda” ittiham etməsi də siyasi obyektivlikdən uzaqdır. Ermənistanda cəmiyyətin parçalanmasının səbəbi yalnız hazırkı hökumətin mövqeyi deyil, həm də illər boyu formalaşdırılmış yanlış ideoloji təməllərdir. Bu təməllərin yaradıcılarından biri Ter-Petrosyanın özüdür. O, 1990-cı illərdə hakimiyyətə gəldiyi vaxt “Artsax məsələsini” Ermənistanın daxili siyasətinin mərkəzinə çevirdi, bununla da sonrakı bütün siyasi prosesləri gərginlik üzərində qurdu. İndi isə öz səhvlərini unudaraq, məsuliyyəti hazırkı iqtidarın üzərinə atması heç də ciddi siyasətçi mövqeyinə uyğun gəlmir.
Bütün bu arqumentlər göstərir ki, Ter-Petrosyan bu gün artıq konstruktiv siyasətçi kimi çıxış etmir. Onun son açıqlamaları daha çox emosional reaksiya doğurmaq, cəmiyyətdə mövcud narazılıqları dərinləşdirmək və revanşist qüvvələrin mövqeyini gücləndirmək məqsədi daşıyır. Əgər 80 yaşlı siyasətçi doğrudan da Ermənistanın sabitliyini istəyirsə, çıxışlarını təcrübə və bilik üzərində qurmalı, real həll yolları göstərməlidir. Lakin bu baş vermədiyi üçün bir vaxtların “sülh tərəfdarı” hazırda daxili qarşıdurmaları qızışdıran siyasətçi imicini qazanmaqdadır.
Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, Levon Ter-Petrosyan məqaləsindən aydın görünür ki, sabiq prezident daha çox şəxsi ambisiyalarını ön plana çıxarır: “O, Paşinyanı “əsas təxribatçı” kimi göstərsə də, əslində, öz dövründə Ermənistanı böhrana sürükləyən qərarlarını xatırlamaq istəmir. 1990-cı illərdə Qarabağ məsələsini həddindən artıq şişirtməsi, Ermənistan iqtisadiyyatını təcridə aparması və cəmiyyəti yanlış gözləntilərə alışdırması bu günün böhranının təməlini qoyub. İndi isə hansısa “qaçqınlar”ın problemlərindən danışaraq məsuliyyəti yalnız hazırkı hakimiyyətin üzərinə yükləməyə çalışır”.
Politoloq dedi ki, Ter-Petrosyan öz səhvlərini etiraf etmək əvəzinə, Paşinyanı günahlandıraraq cəmiyyətdə saxta müqayisələr yaradır. Bu mövqeyi onun səmimiliyini şübhə altına alır və Ermənistanın gələcəyinə dair real baxışının olmadığını göstərir.
Səxavət HƏMİD
XQ