İtaliyanın Rai telekanalı Azərbaycanın üzləşdiyi mina problemi, eləcə də Qarabağda aparılan bərpa və yenidənqurma layihələrindən bəhs edən reportaj yayımlayıb. Kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanya dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemdən bəhs edib.
Reportajda işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi barədə məlumatlar diqqətə çatdırılır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməliyyat rəhbəri Xaliq Zülfüqarov ölkəmizdə həyata keçirilən minatəmizləmə fəaliyyətindən danışıb.
ANAMA-nın keyfiyyətə nəzarət idarəsinin rəisi Elnur Qasımov qurumun humanitar minatəmizləmə fəaliyyəti, minatəmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi barədə ətraflı məlumat verib.
Reportajda, eyni zamanda, Ağdam və Şuşada aparılan bərpa və yenidənqurma layihələrindən bəhs olunur. İşğal dövründə yararsız vəziyyətə düşmüş və dağıdılmış tikililərin yenidən bərpa olunduğu, yeni infrastruktur layihələrinin həyata keçirildiyi, Şuşa və Ağdamın tikinti-quruculuq meydançasına çevrildiyi bildirilir.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev SSRİ-nin dağılmasından sonra başlayan hərbi təcavüz və 30 ilə yaxın davam edən işğal dövründə yerlə-yeksan edilən Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığını bildirib.
Prezidentin köməkçisi, həmçinin hərbi münaqişə aradan qalxdıqdan sonra Azərbaycanın işğala məruz qalmasına baxmayaraq, Ermənistana sülh təklif edən ölkə olduğunu vurğulayıb.
Hikmət Hacıyev, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyətinin əhəmiyyətindən bəhs edib, həmin şirkətlərin Orta Asiyada genişlənmə üçün strateji pasportu təmsil etdiklərini bildirib. Vurğulayıb ki, İtaliyanın “Leonardo” şirkəti Xəzər regionunda fəaliyyətini genişləndirib və bu sahədə yeni bazarları inkişaf etdirərək Orta Asiya ölkələri ilə tərəfdaşlıq qurub.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov “Böyük Qayıdış” Proqramı çərçivəsində insanların doğma yurdlarına qayıdışı prosesindən danışıb, şəhərdə inşa olunan hotel və mehmanxanalar barədə məlumat verib.
XQ