Ali Məclisin Zəfər Gününə həsr olunmuş iclası

post-img

Dünən yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının Zəfər Gününə həsr olunmuş iclası keçirilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, 5 il bundan öncə noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsini tarixi zəfərlə başa çatdırmışdır. Şanlı Zəfər və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

8 Noyabr – Zəfər Günü ilə əlaqədar deputatlardan Gülşad Rüstəmova, Emin Şıxəliyev və Məmməd Məmmədov çıxış edərək tarixi qələbənin Ermənistanın 30 illik işğalına son qoyması xalqımıza sonsuz sevinc və əbədi fəxarət gətirıb.

İclasda Zəfər Gününün ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatı qəbul edilib.

Sənəddə bildirilir ki, 8 Noyabr – Zəfər Günü uzun illər işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış Azərbaycan xalqının əzminin və milli birliyinin, beynəlxalq hüququn aliliyinin və ədalətin təntənəsidir: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək regionda yeni geostrateji reallıqlar yaratmışdır. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisində bərpa olunması ilə nəticələnmişdir. Bununla da cənab İlham Əliyev ən mühüm missiyaya - Ata vəsiyyətinə əməl etmiş, ümummilli liderimiz Heydər Əliyevin arzularını reallaşdırmışdır.”

Bəyanat bu sözlərlə bitir: “Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şərəfli səhifəsi olan Zəfər Günü milli birliyimizin, qəhrəman oğullarımızın Vətən və xalq qarşısındakı fədakarlığının nəticəsidir”.

İclasda “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə, “Normativ hüquqi aktlar haqqında” Qanunda dəyişikliklər edilməsi və “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” layihələr də müzakirə edilib.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



Son xəbərlər