Gürcüstanın nüfüzlu “Sakartvelos Respublika” qəzetində “Alyans Gənclər Mərkəzi”nin icraçı direktoru Rəna Hüseynova və professor Quram Marxulianın xalqımızın Qarabağda tarixi Qələbəsinin 5-ci ildönümünə həsr olunmuş geniş məqaləsi dərc olunub. Yazıda deyilir:
“Azərbaycan xalqı Qarabağda qazandığı tarixi Qələbənin növbəti ildönümünü böyük təntənə ilə qeyd edir. Ölkə vətəndaşları bu günü 28 il gözləmişdilər. Amma heç vaxt inamlarını itirməmişdilər. Doğma Şuşanın düşmən tapdağından azad ediləcəyi günü görmək arzusu ilə yaşamışdı. Nəhayət, möhtəşəm tarixi gün yetişdi. 2020-ci il noyabrın 8-də Azərbaycan mədəniyyətinin tacı olan Şuşa azad olundu. Həmin tarixi anlarda Prezident İlham Əliyev xalqını bu sözlərlə müjdələdi:
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Məqalədə sonra qeyd olunur: “Ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində ağır dağıntılar törədiblər. İşğal nəticəsində Azərbaycanın 900-dən artıq yaşayış məntəqəsi vəhşicəsinə talanıb, yandırılıb və dağıdılıb, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilib, 4 min 366 sosial-mədəni obyekt, həmçinin 695 tibb ocağı məhv edilib. Eyni zamanda, kənd təsərrüfatı sahələri, hidrotexniki qurğular, nəqliyyat və kommunikasiya xətləri tamamilə sıradan çıxarılıb. Yüzlərlə kitabxana, tarix və mədəniyyət abidəsi, onlarla muzey, dövlət teatrı və konsert müəssisələri viran edilib”.
Gürcüstan nəşrində həmçinin vurğulanır ki, ölkəmizin talan edilmiş muzeylərindən 40 mindən çox qiymətli əşya və nadir eksponat Ermənistana daşınıb. Qarabağda və Şərqi Zəngəzurda onlarla məscid dağıdılıb, qəbiristanlıqlar yerlə-yeksan olunub. Bunlardan başqa, meşələr və təbii ehtiyatlar talan edilib, qiymətli ağaclar kəsilib və qanunsuz şəkildə satılıb.
Amma erməni vandallarından fərqli olaraq Azərbaycan xalqı artıq 5 ildir ki, görkəmli dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda geniş tikinti-quruculuq işləri aparır, minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır. Bir sözlə, burada həyat yenidən canlanır.
Paşa ƏMİRCANOV
XQ

