Məhkəmə-Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

post-img

Cari ilin 15-18 dekabr tarixlərində Məhkəmə-Hüquq Şurasının üzvü – Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun rəhbərlik etdiyi hakimlər və Məhkəmə-Hüquq Şurası Aparatının nümayəndələrindən ibarət heyət Albaniya Respublikasının Tirana şəhərində təşkil olunmuş təcrübə səfərində iştirak edib.

Səfərin əsas məqsədi Albaniya Respublikası Ali Məhkəmə Şurasının fəaliyyət istiqamətləri, təşkili və məhkəmə idarəetməsi sahəsində tətbiq olunan praktika ilə yaxından tanış olmaq, habelə qarşılıqlı maraq doğuran məsələlər üzrə bilik və qabaqcıl təcrübə mübadiləsini həyata keçirmək olub. 

Səfər proqramı çərçivəsində Albaniya Respublikası Ali Məhkəmə Şurasının sədri və üzvləri ilə keçirilən görüş zamanı Albaniyada məhkəmə sisteminin təşkilati quruluşu, məhkəmə idarəetməsi, hakimlərin fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi, vakant hakim vəzifələrinə namizədlərin seçilməsi və təyin edilməsi prosedurları, habelə elektron məhkəmə sisteminin tətbiqi istiqamətində həyata keçirilən islahatlar və qabaqcıl təcrübələr barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, bu sahələr üzrə geniş və məhsuldar fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Aparatının nümayəndəsi tərəfindən Məhkəmə-Hüquq Şurasının statusu və funksiyaları, Azərbaycan Respublikasının məhkəmə sistemi, məhkəmə müstəqilliyinin təmin edilməsi istiqamətində son dövrdə həyata keçirilmiş islahatlar, eləcə də “Elektron məhkəmə” informasiya sisteminin imkanları mövzularında təqdimatla çıxış edilib.

 Nümayəndə heyəti həmçinin Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə İxtisaslaşmış birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində, Tirana İnzibati Məhkəməsində, İnzibati Apellyasiya Məhkəməsində, Tirana Ümumi Yurisdiksiya üzrə Şəhər Məhkəməsində və Tirana Ümumi Yurisdiksiya üzrə Apellyasiya Məhkəməsində olub.

 

 



Son xəbərlər