1 əsr milli elmin xidmətində

post-img

AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan məclisi giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının kollektivini yubiley münasibətilə təbrik edib. AMEA rəhbəri bir çox qurumların Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti dövründə yarandığını, sonralar Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətini davam etdirdiyini söyləyib. Vurğulayıb ki, bir müddət əvvəl Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi keçirilib, bu gün isə “Elm” nəşriyyatının 100 illik yubileyi qeyd olunur.

AMEA rəhbəri xatırladıb ki, nəşriyyat 1925–1932-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin, 1932–1935-ci illərdə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin, 1935–1945-ci illərdə SSRİ EA Azərbaycan Filialının, 1945-ci ildən isə Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərib. Akademik İsa Həbibbəyli bu illərdə müəssisəyə Bəkir Çobanzadə, Abdulla Vəliyev, Ziya Bünyadov, Əjdər Xanbabayev kimi bir sıra görkəmli şəxsiyyətlərin rəhbərlik etdiyini deyib.

Akademik müstəqillik dövründə Akademiyada nəşriyyat sahəsinin yeni tipli–nəşriyyat-poliqrafiya sisteminin inkişaf etdiyini vurğulayıb: “Əvvəllər Akademiyada nəşriyyat və mətbəə ayrı-ayrı strukturlar kimi fəaliyyət göstərmiş, müstəqillik illərində isə bu iki sahə vahid ad altında birləşdirilmişdir. Həmçinin dövrün görkəmli alimlərindən ibarət Redaksiya-nəşriyyat şurası da formalaşdırılıb. Bu prosesdə nəşriyyatın mərhum direktorlarından filologiya elmləri doktoru, professor Şirindil Alışanovun əməyi yüksək olmuşdur”.

İsa Həbibbəyli qeyd edib ki, nəşriyyat işinin daha da səmərəli olması üçün mühüm işlər görülüb, bu məqsədlə müəssisənin maddi texniki bazası gücləndirilib. O bildirib ki, nəşriyyatda hazırlanan “Azərbaycan elminin salnaməsi və bələdçisi”, eləcə də tərtib etdiyi “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1925–1990)” və “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1991–2025)” adlı ikicildlik biblioqrafiya və “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” adlı nəşrlər müəssisənin 100 illik yubileyinə mühüm töhfədir.

AMEA-nın rəhbəri nəşriyyatın işini yüksək qiymətləndirib, əməkdaşları yubiley münasibətilə bir daha təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Sonra nəşriyyatın direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kəmalə Məmmədzadə, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Bayramov, BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, “Elm” nəşriyyatının sabiq direktorlarından Əjdər Xanbabayevin qızı və müəssisənin keçmiş əməkdaşı Afət Xanbabayeva çıxış edərk “Elm” nəşriyyatının fəaliyyəti, əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, kollektivi yubiley münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar diləyiblər.

Tədbirdə akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanova Akademiyada uzunmüddətli və səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945–2025)” döş nişanını təqdim edib.

Daha sonra “Elm” nəşriyyatının bir qrup əməkdaşı 100 illik yubileyi münasibətilə müəssisənin elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə AMEA Rəyasət Heyətinin Təşəkkürnaməsi və AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif ediliblər.

Qabil ƏLİYEV
XQ

Son xəbərlər