Gündəlik bir fincan qəhvə aritmiya riskini azaldır

post-img

Qəhvə bir çox insanın sevimli içkisidir, lakin həkimlər ənənəvi olaraq ürək ritminin pozulması – yəni qulaqcıqların fibrilasiyası diaqnozu qoyulmuş xəstələrə kofeindən uzaq durmağı tövsiyə edirlər. Bunun səbəbi odur ki, kofein bu geniş yayılmış xəstəliyin simptomlarını artıraraq insult və vaxtsız ölüm riskini yüksəldə bilər. Lakin beynəlxalq kardioloqlar qrupunun apardığı yeni klinik sınaqlar bu tövsiyənin doğruluğunu şübhə altına alıb.

Fibrilasiya və qəhvə istehlakı arasındakı əlaqəyə həsr olunmuş tədqiqat JAMA jurnalında dərc olunub. Araşdırmaya ABŞ, Kanada və Avstraliyadan olan 200 pasiyent cəlb edilib. Onların hamısında xəstəliyin davamlı forması - yəni  qulaqcıqların fibrilasiyası mövcud idi. Bütün iştirakçılara ürək ritmini bərpa etmək məqsədilə elektrik kardioverziya proseduru tətbiq olunub - bu zaman sinxron elektrik impulsu vasitəsilə normal ritm bərpa edilir.

Sonra pasiyentlər təsadüfi şəkildə iki qrupa bölünüblər: birinci qrup hər gün ən azı bir fincan kofeinli qəhvə və ya espresso qəbul edib,
ikinci qrup isə qəhvədən və digər kofeinli məhsullardan tam imtina edib. Pasiyentlərin vəziyyəti altı ay ərzində müşahidə olunub. Hər dəfə aritmiyanın təkrarlanması halları elektrokardioqramma və ya xüsusi kardiomonitorlar vasitəsilə həkimlər tərəfindən təsdiqlənib.

Nəticələr kardioloqları təəccübləndirib: qəhvə içənlər arasında aritmiyanın təkrarlanması 47%, qəhvədən uzaq duranlarda isə 64% təşkil edib. Beləliklə, qəhvə qəbul edənlərin təkrar fibrilasiya riski 39% az olub. Avstraliyanın Adelaida Universitetindən kardioloq Kristofer Vonq, tədqiqatın müəlliflərindən biri, deyib: “Bu nəticələr həm həkimlər, həm də xəstələr arasında yayılmış fikrə ziddir. Uzun illərdir hesab olunurdu ki, qəhvə ürək ritminin pozulmasını gücləndirir və bu səbəbdən xəstələrə qəhvədən uzaq durmaq tövsiyə olunurdu. Lakin bizim tədqiqat göstərir ki, qəhvə təkcə zərərsiz deyil, həm də, çox güman, qoruyucu təsirə malikdir”.

Tədqiqatçılara görə, bu effekt bir neçə amillə bağlı ola bilər. Kofein yüngül sidikqovucu təsirə malikdir, bu da qan təzyiqinin azalmasına və ürək yükünün yüngülləşməsinə kömək edir. Bundan başqa, qəhvə içən insanlar digər, sağlamlığa daha az faydalı içkiləri az qəbul edir və daha çox fiziki aktiv olurlar ki, bu da aritmiya riskini azaldır. Nəhayət, qəhvənin tərkibində iltihabəleyhinə xüsusiyyətlərə malik bioloji aktiv maddələr var ki, bunlar da ürək sağlamlığına müsbət təsir göstərir.

Kardioloqlar əldə edilən nəticələrin əhəmiyyətini vurğulayıb, eyni zamanda, bəzi məhdudiyyətləri qeyd edərək xəbərdarlıq ediblər ki, bu müsbət təsir yüksək dozalarda kofeinə və sintetik kofein məhsullarına aid deyil. Kristofer Vonq yekun olaraq bildirib: “Məlumatlarımıza əsasən,  qulaqcıqların fibrilasiyasından əziyyət çəkən insanlar qəhvəni qorxmadan içməyə davam edə bilərlər. Hətta belə xəstələr üçün qəhvənin mülayim şəkildə qəbulunu tövsiyə etmək barədə düşünmək olar".

Hazırladı:

S.ELAY

XQ

Maraqlı