Bu gün Mars soyuq və cansız bir səhranı xatırladır. Lakin qırmızı-narıncı toz qatlarının altında tamam başqa bir tarix gizlənir. Planetoloqlardan ibarət beynəlxalq tədqiqat qrupu milyardlarla il əvvəl qırmızı planetdə nəhəng bir okeanın mövcud olduğuna dair inandırıcı sübutlar aşkar edib. Yeni orbital məlumatlar alimlərə qədim sahil xəttinin konturlarını bərpa etməyə və Marsın iqliminə və geologiyasına təsir göstərə biləcək bu okeanın miqyasını qiymətləndirməyə imkan verib.
Uzun illər ərzində alimlər Marsın su ilə bağlı keçmişi haqqında fərziyyələr irəli sürürdülər. Peyk görüntüləri planet səthində Yer üzündə axar suların formalaşdırdığına bənzər çay məcralarını, vadiləri və deltaları üzə çıxarmışdı. Tədqiqatçılar, həmçinin yaranması üçün su tələb olunan minerallar - fillosilikatlar (gillər), sulfatlar və karbonatları da aşkar etmişdilər. Hətta qədim Mars dənizlərinə asteroidlərin düşməsi nəticəsində nəhəng sunamilərin baş verdiyi ehtimalları belə irəli sürülmüşdü. Lakin bütün bu dəlillər dolayı xarakter daşıyır, sanki tam mənzərəni formalaşdırmayan bir pazl parçalarını xatırladırdı.
Əsas sual, - Marsda planetar miqyaslı okeanın olub-olmaması,- uzun müddət elmi mübahisələrin mərkəzində qalmışdı. Aydın və təkzibedilməz sübut, yəni onun “sahil xətti” çatışmırdı. Məhz bu boşluğu İsveçrənin Bern Universitetindən Frits Şluneggerin rəhbərlik etdiyi beynəlxalq planetoloqlar qrupu doldura bilib.
Şlunegger və həmkarları Mars orbitində fəaliyyət göstərən bir neçə kosmik aparatın məlumatlarını təhlil ediblər. Söhbət ABŞ-ın Mars Reconnaissance Orbiter, Avropa Kosmik Agentliyinin Mars Express və Trace Gas Orbiter stansiyalarından gedir. Xüsusilə ExoMars missiyasının göyərtəsində yerləşdirilən CaSSIS elmi aləti həlledici rol oynayıb. Bu yüksək ayırdetmə qabiliyyətinə malik kamera rəngli və stereo şəkillər əldə etməyə imkan verir ki, bu da səthin qara-ağ görüntülərdə seçilməyən xırda xüsusiyyətlərini aşkara çıxarır.
Planetoloqlar diqqəti Mariner vadisinin cənub-şərq hissəsində yerləşən Coprates Chasma kanyonuna yönəldiblər. Təxminən 960 kilometr uzunluğunda olan bu ərazi dərin yarğan və çatlar sistemindən ibarətdir. Əvvəlki tədqiqatlar göstərib ki, kanyonun geoloji strukturlarının yaşı təxminən 3,3 milyard ildir və relyef formaları Yer üzündəki oxşar landşaftlarla heyrətamiz dərəcədə uyğunluq təşkil edir.
Yeni görüntüləri geomorfoloji analizlə birləşdirən alimlər Yer üzündə çayların okeanlara töküldüyü yerlərdə və ya dağətəyi ərazilərdə alp göllərinin formalaşdığı zonalarda yaranan strukturlara bənzər çoxsaylı relyef formaları aşkar ediblər. Yer üzərində bunun ən bariz nümunələrindən biri Nil çayının deltasıdır. Əgər Aralıq dənizinin sularını Nilin mənsəbindən “çıxarsaq”, ortaya çıxan relyef alimlərin Marsda müşahidə etdiklərinə olduqca yaxın olar.
Başqa sözlə, planetoloqlar bu günə qədər Marsda okeanın mövcudluğunu göstərən ən əyani və inandırıcı geoloji sübutları əldə ediblər. Bu dəlillər digər məlumatlarla birlikdə qırmızı planetdə okeanın mövcudluğu lehinə çox güclü arqument formalaşdırır.
Alimlər əldə etdikləri şəkilləri topoqrafik məlumatlarla üst-üstə qoyduqda, keçmiş okeanı əhatə edən qədim sahil xəttini də müəyyənləşdirə biliblər. Hesablamalar göstərir ki, bu okeanın sahəsi Yer kürəsindəki Şimal Buzlu okeanı ilə müqayisə oluna biləcək ölçüdə - təxminən 14,09 milyon kvadrat kilometr olub. Bu isə onu Mars tarixində məlum olan ən böyük okean edir.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, təxminən 3 milyard il əvvəl Mariner vadisində sabit su hövzələri mövcud olub. Su burada qısa müddətli yağıntılar və ya buzların əriməsi nəticəsində yaranmayıb, kifayət qədər uzun zaman ərzində saxlanılıb.
Daha da önəmlisi odur ki, kanyon daxilində mövcud olmuş bu göl və ya dənizlər, ehtimal ki, təcrid olunmuş vəziyyətdə olmayıb. Onlar Marsın şimal düzənliklərini əhatə edən nəhəng okeanla əlaqəli ola bilərdi. Əslində, söhbət planetar miqyaslı bütöv bir su sistemindən gedir.
Beynəlxalq planetoloqlar qrupunun bu kəşfi genişmiqyaslı nəticələr vəd edir. Tədqiqatda iştirak etməyən, ABŞ-ın Cekson Dövlət Universitetindən olan geokimyaçı Ezat Heydarinin sözlərinə görə, Marsdakı okeanlar Yer üzündəki kimi fəaliyyət göstərərək planetin “sağlamlığında” mühüm rol oynaya bilərdi. Sabit və iri okean daha mülayim iqlim formalaşdıra, atmosferə təsir göstərə və ən əsası, həyatın yaranması və inkişafı üçün potensial mühit təmin edə bilərdi.
Hazırladı:
S.ELAY
XQ


