“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin 25 illik yubileyi keçirilib

post-img

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti (DC) Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU) ilə birgə bu qurumun 25 illik yubileyi münasibəti ilə “Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi yolunda” adlı yubiley konfransı keçirib.  

    Tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar,  Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) və universitetin rəhbərləri, professor-müəllim heyəti, tələbələr, ictimaiyyətin nümayəndələri, Azərbaycandan gələn qonaqlar iştirak ediblər. 

İştirakçılar əvvəl universitetin foyesində təşkil olunan “Dostluğumuz əbədidir” adlı fotosərgi ilə tanış olub. Sərgidə ötən illər ərzində DC-nin iki ölkə arasında dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsindəki fəaliyyəti, keçirilən tədbirlər öz əksini tapıb. 

Universitetin rektoru, professor Abduqafar Qırğızbayev Özbəkistan-Azərbaycan dostluğu haqqında danışıb, bu əlaqələrin bugün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini söyləyib.O deyib ki, DC iki ölkə arasında dostluğun və hərtərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirir, AMM ilə birgə reallaşdırılan  təşəbbüslərin faydalı olduğunu vurğulayıb. 

Özbəkistan Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Qurbanov Özbəkistanda bütün millətlərin dinc yanaşı yaşadığını, öz adət və ənənələrini, mədəniyyətlərini qoruyub saxladığını və ictimai işlərdə aktiv fəaliyyət göstərdiyini qeyd edib.

 R. Qurbanov komitəyə tabe olan cəmiyyətlər arasında DC-nin fəal olduğunu vurğulayıb. Ölkələrimiz arasında münasibətlərdə Cəmiyyətin də xidmətlərinin olduğunu qeyd edərək  Cəmiyyət rəhbərliyini 25 illik yubiley münasibəti ilə təbrik edib.

AMM-nin direktoru Samir Abbasov iki ölkə arasında münasibətlərin dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində yüksək səviyyəyə çatdırıldığını qeyd edib, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin Dostluq Cəmiyyəti ilə sıx əməkdaşlığı nəticəsində son 10 ildə iki ölkə arasında dostluq və əməkdaşlığa dair yüzlərlə tədbir və layihənin reallaşdırıldığını bildirib. 

Samir Abbasov əsl dostun dar və çətin günlərdə tanındığını, Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında olduğu vaxtlarda və 44 günlük Vətən müharibəsi zamanı özbək xalqının, o cümlədən “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin daim Azərbaycanın yanında durduğunu, işğalı pisləyən bəyanatlar verdiyini qeyd edib.  

Cəmiyyətin icraçı direktoru, professor Erkin Nuriddinov qurumun yaranma tarixindən, 25 illik fəaliyyətindən, Özbəkistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində, elmi, ədəbi, mədəni əlaqələrin qurulmasında həyata keçirdiyi layihələrdən danışıb.

Özbəkistan Ali Məclisinin deputatları Gülbahar Saidqaniyeva və Oydin Abdullayeva, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, dosent Əzizağa Nəcəfov dövlətlərimiz arasında mədəni, ədəbi, elmi əlaqələrdən söz açıb, cəmiyyətin xalqlarımız arasında dostluq və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətindən danışıblar.  

Çıxışlardan sonra Samir Abbasov  DC-nin rəhbəri Erkin Nuriddinova üzərində Azərbaycan və Özbəkistan Prezidentlərinin portretləri olan Azərbaycan xalçası hədiyyə edib. 

Tədbirdə Dostluq Cəmiyyətinin 25 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib, DDPU-nun tələbələri iki qardaş ölkənin dostluq münasibətlərinə həsr olunmuş şeirlər səsləndiriblər. 

Sonra Özbəkistan-Azərbaycan dostluq münasibətlərində xidmətləri olan bir qrup şəxs Komitə və DC tərəfindin fəxri fərmanlarla təltif edilib, AMM tərəfindən adı çəkilən qurumlara xatirə hədiyyələri verilib.

 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Daşkənd

 









Mədəniyyət