“Nəsil ağacı” sənədli filminin  Özbəkistanda təqdimat mərasimi keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşəbbüsü ilə Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusunda çəkilən “Nəsil ağacı” adlı sənədli filmin özbək dilində təqdimatı keçirilib.

AMM-də keçirilən təqdimatda Özbəkistanda yaşayan azərbaycanlılar, Qərbi Azərbaycan icmasının təmsilçiləri, qardaş ölkənin mədəniyyət, təhsil, ictimaiyyət xadimləri, universitetlərin tələbələri iştirak ediblər.

Filmin təqdimatından əvvəl Mədəniyyət Mərkəzinin foyesində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı fotosərgi baş tutub. Sərgidə Qərbi Azərbaycan ərazisində ölkəmizin tarixi, dini  abidələri, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və s. mahallarda xalqımız tərəfindən yaradılan mədəni irs nümunələri öz əksini tapıb.

Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyevdir.  

“Nəsil ağacı” filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.

Tədbirdə AMM-nin direktoru Samir Abbasov  xalqımızın əzəli  torpaqları olan Qərbi Azərbaycan ərazilərində min illərlə yaratdığı böyük mədəniyyət və mədəni irs nümunələri haqqında danışıb, ermənilər tərəfindən bir əsrdə 4 dəfə Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiya edilməsini, onların öz yurd yerlərindən qovulmasını tarixi ədalətsizlik adlandırıb. 

O, Azərbaycan Prezidentinin bu mövzuda etdiyi çıxışlardan sitat gətirərək bildirib ki, Qərbi azərbaycanlılar dəəfələrlə ağrı və acılarla müşayiət olunan  deportasiyaya məruz qalıblar. Onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bu hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və bütün beynəlxalq konvensiyalar bu hüququ tanıyır. Samir Abbasov sonda soydaşlarımızın gec-tez öz doğma yurdlarına qayıdacağına inamını  ifadə edib. 

Ayaz Mirzəyev öz çıxışında deyib ki, Qərbi azərbaycanlılar adət-ənənələrini qoruyub saxlayaraq gələcək nəsillərə ötürürlər. Onların “Nəsil ağac”larının budaqları burada olsa da, kökləri Qərbi Azərbaycandadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.

Elnur Niftəliyev bildirib ki, filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşlarımızın vaxtilə öz yurdlarından  deportasiya olunandan sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncə şəhərində lentə alınıb. Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulan sənədli filmdə  kütləvi deportasiyaya məruz qalan azərbaycanlı əhalinin çətin və faciəli həyatı öz əksini tapıb.

Sonda çıxış edən  Daşkənddə yaşayan soydaşlarımız, Göyçə mahalının Zod kəndindən olan Füzuli Qurbanov və Aşıq İlham Abdullayev doğma yurd-yuvaları ilə bağlı fikirlərini bölüşüblər. Onlar öz dədə-baba yurdlarına qayıdacalarına əmin olduqlarını bildiriblər.


Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 

 







Mədəniyyət