“Köçəri” filminin nümayişi 2028-ci ilə planlaşdırılır

post-img

Rejissor Nurlan Həsənlinin ikinci tammetrajlı sənədli-bədii filmi olan “Köçəri” inkişaf mərhələsindədir. Xronometrajı 80 dəqiqə olan filmin istehsalçısı “Rental Azerbaijan”, prodüseri Emil Nəcəfovdur.

XQ xəbər verir ki, filmin nümayişi 2028-ci ilə planlaşdırılır.

Ekran əsərinin hekayəsi Quba rayonunda yaşayan etnik azlıqların həyatına əsaslanır və ata-oğul üzərindən izah olunur.

Filmin rejissoru Nurlan Həsənli deyib ki, təxminən dörd il əvvəl internetdə Dövlət Turizm Agentliyinin bir neçə əməkdaşının “Köç yolu”nu UNESCO-nun mədəni irs siyahısına salmaq üçün araşdırmaları ilə tanış olub: “Onlar bu yolu piyada keçərək məlumat toplayır, foto və videolar paylaşırdılar. Yol mənə çox maraqlı gəldi, çünki üzərində həm mədəni, həm də təbii abidələr yerləşirdi. Baxdım ki, bu, sənədli film üçün böyük potensiala malikdir”.

“Köçəri”ni bədii-sənədli layihə kimi Azərbaycan Respublikası Kino Agentliyinin dövlət dəstək proqramına təqdim etdiyini söyləyən rejissor bildirib ki, layihə ilkin mərhələdən keçib və pitçinq mərhələsinə buraxılıb. Pitçinqdən sonra istehsal dəstəyi qazanıb və hazırda sənədləşmə prosesi üzərində iş gedir.

Rejissor deyib ki, hazırda layihə inkişaf mərhələsindədir və onu beynəlxalq proqramlara – inkişaf və mentorluq platformalarına göndərir: “Məqsədim layihənin hər mərhələdə beynəlxalq təcrübə qazanmasıdır. Çəkiliş mərhələsinə yaxınlaşdıqda isə postproduksiya üçün də xarici dəstək almağı planlaşdırıram. Əslində istəyim odur ki, “Köçəri” yalnız Azərbaycan istehsalı olmasın, digər ölkələrin də marağına səbəb olsun. Çünki bu halda film daha çox tamaşaçıya çatar və satış potensialı da artar. Film təbiət mövzusu, azlıq icmalar və onların dili kimi universal meyarlarla beynəlxalq auditoriyaya açıqdır”.

Mədəniyyət