Polşadan olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna istinadla bildirir ki, bu tarixi məkan yerli qonaqlarla yanaşı, ölkəmizə səfər edən xarici turistlərin də diqqətini özünə cəlb edir. Qoruğu ziyarət edənlərin arasında Avropa ölkələrindən gələn turistlərə də rast gəlmək olar.
Bu dəfə qoruğa səfər edən polşalı turistlər ilk öncə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib.
Turistlər, həmçinin qoruğun tarixi məkanlarından olan Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə də yaxından tanış olublar. Əcnəbi qonaqlara Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.





