Türk dünyasının ortaq əlifbası da olacaq

post-img

Mayın 6-da Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib.

Türk Akademiyası və Atatürk adına Mədəniyyət, Dil və Tarix üzrə Ali Şurasının Türk Dil Qurumu, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən iclasda ortaq əlifbanın inkişafı istiqamətində atılacaq yeni addımlar müzakirə olunub.

Azərbaycanda latın qrafikasına keçidin ulu öndər ­Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı Nizami Cəfərov 2001-ci ildə Ümummilli lider tərəfindən imzalanmış “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla ölkədə iki əlifbadan istifadəyə birdəfəlik son qoyulduğunu və latın qrafikasına keçidin təmin olunduğunu bildirib. Akademik çıxışının sonunda ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlərin zamanın tələbi olduğunu vurğulayıb.

AMEA-nın prezidenti İsa Həbibbəyli türk xalqlarının latın qrafikası əsasında ortaq əlifbaya keçidi məsələsinin təqribən 100 il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda müzakirə edildiyini xatırladıb. Bildirib ki, qurultayda ərəb əlifbasının sadələşdirilib qəbul edilməsi və vahid qrafit təsvirləri olan latın əlifbasına keçid məsələsi tədbirin əsas müzakirə mövzusu idi. 

Türk dünyasında əlifba islahatlarının Azərbaycan xalqının mütəfəkkiri Mirzə Fətəli Axundzadə tərəfindən başladıldığını söyləyən AMEA-nın prezidenti 1879-cu ildə latın qrafikası əsasında əlifba hazırlandığını diqqətə çatdırıb. O, 1924-cü ildə yaradılan Əlifba Komissiyasının bu istiqamətdə müəyyən işlər gördüyünü qeyd edib.

Akademik İsa Həbibbəyli indiki mürəkkəb geosiyasi şəraitdə ortaq əlifbanın yaradılmasının Türk dövlətləri arasında inteqrasiyanın, birlik, həmrəylik və əməkdaşlığın daha da genişlənməsi baxımından vacibliyini vurğulayıb. 

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev bildirib ki, Türk dünyası üçün son dərəcə zəruri olan ortaq əlifbanın yaradılması məsələsi bütün ziyalıların qarşısında mühüm vəzifə kimi durmaqdadır. O, Prezident ­İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrinin Türk dünyasında sevinclə qarşılandığını vurğulayıb.

Qədim dövrlərdən əcdadlarımızın yüksək yazı mədəniyyətinə malik olduğunu deyən Türk Dil Qurumunun rəhbəri professor O.Mert türk dilində danışan ölkələrlə elmi-mədəni əlaqələrin genişləndirilməsi baxımından ortaq əlifbanın yaradılmasının vacibliyini vurğulayıb. Türkiyəli professor bildirib ki, ortaq əlifba mədəniyyətimizin, dilimizin bir-birinə daha da yaxınlaşmasını təmin edəcək. 

İclasda çıxış edən TDT Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov türk dövlətlərinin mövcud əlaqələrini, münasibətlərini intibah kimi qiymətləndirib. Qeyd edib ki, vaxtilə Azərbaycanda latın qrafikasına keçilməsinə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olunub: “Hazırda türk dövlətlərinin ortaq əlifbasının yaradılması üzərində iş gedir və Prezident İlham Əliyev bu istiqamətdə görülən işlərə böyük dəstək verir”.

Daha sonra tədbir plenar iclaslarla davam edib.

XQ

 



Mədəniyyət