Ədəbiyyatşünasın xatirəsi anıldı

post-img

Bəkir Nəbiyev – 95

Dünən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Xalqlar dostluğu”, “Şöhrət” və “İstiqlal” ordenli akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr olunan “Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın aktual problemləri” adlı elmi sessiya keçirilib.

Əvvəlcə ədəbiyyatşünas alimin elmi yaradıcılığından bəhs edən sərgi nümayiş olunub.

Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli simalarından olan akademik Bəkir Nəbiyevin zəngin fəaliyyətindən söz açıb, onun fundamental əsərləri ilə elmimizə böyük töhfələr verdiyini, ictimai fikrin inkişafında əvəzsiz xidmətlər göstərdiyini bildirib.

Akademik Bəkir Nəbiyevi ustad ədəbiyyatşünas alim kimi səciyyələndirən AMEA rəhbəri onun Firudin bəy Köçərli haqqında yazılmış ilk monoqrafik əsərin müəllifi olduğunu vurğulayıb. Qeyd edib ki, arxiv materallarına əsaslanan bu kitab zaman keçsə də, dəyərini qoruyub saxlayır.

Azərbaycan ədəbi-elmi ictimaiyyəti tərəfindən akademik Bəkir Nəbiyevin, əsasən tənqidçi ədəbiyyatşünas kimi qəbul edildiyini söyləyən AMEA-nın prezidenti bildirib ki, alimin ədəbi tənqidi irsi ədəbiyyatşünaslığımızın yarım əsrdən çox salnaməsini təşkil edir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, taleyini Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayan görkəmli alim AMEA-da müxtəlif vəzifələrdə çalışıb, Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrini tutub. O, 1971-1987-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, 1987– 2001-ci illərdə Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi, 2002-ci ildən ömrünün sonunadək isə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olub.

“Akademik Bəkir Nəbiyev səmərəli elmi-təşkilati fəaliyyətlə yanaşı, yüksəkixtisaslı kadrların yetişdirilməsində də böyük əmək sərf etmişdir”, – deyən AMEA rəhbəri onun rəhbərliyi altında çox sayda fəlsəfə və elmlər doktorlarının hazırlandığını, alimin Azərbaycan filologiyasında mükəmməl elmi məktəb yaratdığını vurğulayıb.

O, ədəbiyyatşünas alimin “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görüldüyünü, Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif edildiyini diqqətə çatdırıb.

Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvgin çıxış edərək akademik Bəkir Nəbiyevlə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və yüksək vətənpərvərliyindən söz açıb.

Daha sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, şöbə müdiri professor Asif Rüstəmli, institutun aparıcı elmi işçisi filologiya elmləri doktoru, dosent Esmira Fuad məruzələrlə çıxış ediblər.

Tədbirdə görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda akademik Bəkir Nəbiyevin ailəsi adından çıxış edən oğlu Sadıq Nəbiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət