Qırğız Respublikasında keçirilən Azərbaycan Respublikası Mədəniyyəti Günləri çərçivəsində nümayəndə heyətimiz “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli abidənin önünə çiçək çələngi qoyub. Ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov və Azərbaycandan gələn qonaqlar kompleksin qarşısına tər qərənfillər düzüblər. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun kompleks ərazisindəki məzarı da ziyarət olunub, abidəsinin önünə çiçəklər düzülüb, ədibin ruhuna dua oxunub.
Kompleksin muzey bölməsi ilə tanış olub. Onlara memorial kompleks və muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, “Ata-Beyit” kompleksi 2000-ci ildə açılıb. Repressiya qurbanlarının adları muzeydəki xatirə lövhəsində həkk edilib və orada onların şəxsi əşyaları və sənədləri saxlanılır. Siyasi baxışlarına görə edam edilən siyasi, dövlət və ictimai xadimləri arasında Ç.Aytmatovun atası Törökul Aytmatov da olub.
***
Mədəniyyət Günləri çərçivəsində bu ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetəliyev və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında ikitərəfli görüş olub.
Nazirlər 2025–2026-cı illər üçün mədəni əməkdaşlığın inkişafına dair rəsmi idarələrarası Praktiki Tədbirlər Planı (yol xəritəsi) imzalayıblar. Sənəd yeni birgə təşəbbüslərin həyata keçirilməsinə və iki dövlət arasında çoxillik tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlib.
Tərəflər mədəni-humanitar dialoqun inkişafı üçün möhkəm bazaya çevrilmiş Qırğızıstan və Azərbaycanın ümumi tarixi və mənəvi dəyərlərini vurğulayaraq ikitərəfli mədəniyyət mübadiləsi üçün mühüm layihələri müzakirə ediblər. Qeyd edilib ki, Çingiz Aytmatovun romanı əsasında hazırlanmış “Manqurt” və Hüseyn Cavidin “İblis” pyesinin tamaşaları mədəni mübadilənin uğurlu addımıdır. Bunun dvamı olaraq qırğız dramaturqu Kayrat İmanəliyevin əsəri əsasında “Qorqut Ata” tamaşası hazırlanıb və ötən günlərdə Bakıda nümayiş etdirilib.
***
Dünən Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Milli Rus Dram Teatrında Azərbaycan Dövlət Pantomim Teatrının rejissoru, aktyor, pedaqoq Ceyhun Dadaşov ustad dərsi təşkil olunub. Səhnə məşğələsində teatrda fəaliyyət göstərən studiyanın və incəsənət məktəbinin tələbələri, gənc aktyorları iştirak ediblər.
C.Dadaşov aktyor sənətinin spesifik xüsusiyyətləri barədə məlumat verib, ifaçılıq manerası ilə bağlı fikirlərini bölüşüb. İnteraktiv formatda keçən dərsdə gənclər səhnədə rejissorun aktyor oyunu ilə bağlı tapşırıqlarını əyani icra ediblər. Pantomimanın ümumi teatr estetikasının tərkib hissəsi olduğunu vurğulayan rejissor onun daha çox hərəkətin dinamikasına əsaslandığını diqqətə çatdırıb.
***
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın Qırğızıstan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani: Şərq və Avropa sənət üslublarının kəsişməsində” mövzusunda mühazirəsi dinlənilib.
Sənətşünas qeyd edib ki, rəssam bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb. Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyan M.Q.İrəvaninin zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Mədəniyyət sahəsi üzrə tələbələrin və mədəniyyət işçilərinin iştirak etdiyi mühazirə maraqla qarşılanıb.
XQ