Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov ilə Asiya İnkişaf Bankının (AİB) ölkə direktoru Sunniya Durrani-Camal arasında görüş keçirilib. Söhbət zamanı Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, Asiya İnkişaf Bankı ilə potensial texniki yardım layihələri təqdim edilib.
Görüş çərçivəsində ADSEA ilə AİB arasında Hövsan Tullantı Sularının Təmizlənməsi Qurğusu üzrə dövlət-özəl tərəfdaşlığı üzrə texniki yardım sazişi imzalanıb. Bu saziş cari ilin əvvəlində duzsuzlaşdırma zavodunun uğurla tenderə çıxarılmasından sonra Azərbaycanda hazırlanan ikinci dövlət-özəl tərəfdaşlığı layihəsidir.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 25-də Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Gələcəkdə Hövsan Aerasiya Stansiyasındakı sutəmizləyici qurğuların gücünün 200 min kubmetrə qədər artırılması nəzərdə tutulub.
XQ