Musa Ələkbərli – 75
Gədəbəydə bir Ataxal bulağı var. Suyu “süvari dəstəsi” kimi axıb gedir. Eyni adlı kəndin şair oğlu Musa Ələkbərlinin şeirləri də elə Ataxalın dumduru suyu kimi gümüldənir: təşnə ürəkləri soyudur, sevgi soraqlı könülləri çınqı-çınqı yandırır.
“Mən alov uduram hava yerinə” deyən, ilhamı soğulmayıb çağlayan Musa Ələkbərlinin istedadını, çalışqanlığını ustadları hər zaman layiqincə dəyərləndiriblər. Hələ universitetin filologiya fakültəsinin 2-ci kursunda təhsil alarkən Hüseyn Arifin “Uğurlu yol”u ilə şeirləri işıq üzü görüb, sevimli müəllimi Bəxtiyar Vahabzadənin xahişi ilə Maarif Nazirliyindən “azad təyinat” alıb və İyas Tapdığın köməkliyi ilə nəşriyyatda işə düzəlib. 1977-ci ildə çıxan ilk kitabını “Məndən şeir istə” adlandırıb. Əslində, cəsarət sayılan bu adı seçməsi ilə şair öz ilhamına güvəndiyini, ədəbiyyata ciddi məramlarla gəldiyini söyləmək istəyib və buna nail ola bilib. Böyük yola çıxanda görkəmli yazıçı-ədəbiyyatşünas Qulu Xəlilov “Ədəbiyyat və incəsənət” qəzetində ona açıq məktub yazaraq, xeyir-duasını əsirgəməyib. O vaxt Bakının “Qanlı göl” adlanan ərazisində heç bir şəraiti olmayan gecəqonduda yaşaması, DİN-də çalışan şair Azad Talışoğlunun sayəsində paytaxtda qeydiyyata düşməsi, böyük yazıçı və ictimai xadim İsmayıl Şıxlı Yazıçılar Birliyinin rəhbəri olarkən mənzillə təmin edilməsi Musa müəllimin şair ömrünün nurlu səhifələri, həzin xatirələrinin özəyidir.
Mən onu tanıyanda artıq 15–20 ilin oturuşmuş şairi idi. Bir dəfə iş yoldaşı – Sumqayıtda yaşayan uşaq şairi Məmməd Namaza qoşulub bizim gənclik şəhərimizə qonaq gəlmişdi. Şair Tofiq Məmmədlə onun görüşünə getdik. Çay içdik, nərd oynadıq (məni məğlub etdiyi də yadımdadır), şeirdən, ədəbiyyatdan maraqlı söhbətlərini, şeirlərini dinlədik. Bir “azaylama” bəndi o vaxtdan yaddaşıma möhürlənib:
Özləri sığışmır vaxta-vədəyə,
Təkcə sevgiləri vaxtına düşür.
Nədənsə qızların ən insafsızı,
Elə şairlərin baxtına düşür...
Saf vətənpərvərlik duyğuları “Ay gözəllik arayan kəs, bu boyda Vətən – gözəllik!” – deyən şairin yaradıcılığının ana xəttidir. Şeirlər pafosdan uzaq, təbii sevgi duyğularının çələngidir.
Sevginə köklənib ürəyim, canım,
Nə qədər ömrüm var, eşqinlə yanım.
Sənə qurban olum, Azərbaycanım,
Məni gözlərindən uzağa qoyma!
Onun “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Sevgi bulağı”, “Aydanım Ay işığı”, “Dünya sevgidən doğulub”, “Tanrı mənə söyləməsə, yazmaram”, “Gəlir türkün səadəti”, “Ürəyimin qapısından keçənlər”, “Gözümdə ağlayan bulud” və s. kitabları yetkin və bitkin bir şairin poetik tərcümeyi-halı kimi diqqət çəkib. Bəlkə daha çox əsər yarada bilərdi, əgər nəşriyyat redaktorluğu, gənc müəlliflərin kitablarının yüksək səviyyədə nəşri üçün yorulmaz çalışmaları, ara-sıra publisistik ictimai yazılar qələmə alması olmasaydı. Elə indi də naşirliyindən qalmır – mənası “eşq”, “şövq”, “coşğu” olan “Şur” adlı nəşriyyatın direktorudur.
Bir şeirində dediyi kimi, indi “Xəyal-xəyal ötüb keçən illərin kitab-kitab varaqlanan vaxtıdır” və o yazır:
Yanılmayıb qismətimi göndərən,
Geciksə də o yolları köndələn....
Gözlərinin gözəllikdən köz dərən,
Ürəyinin çıraqlanan vaxtıdır.
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli yubilyar şairi özünəməxsus tərzdə xarakterizə edir:
– Musa müəllim öz kökünə-soyuna, ocağına-suyuna bağlı qələm sahibidir. Özü şəhərdə yaşasa da, köksündə kənd uşağının saf ürəyini gəzdirir, dünyaya könlü ilə baxır. Musa Ələkbərli ənənədən dördəlli yapışan, xalq şeirinə, heca şeirinə möhkəm bağlı olan şairlərimizdəndir. Heç kimi təqlid etməyən, poeziyada yalnız öz cığırını tutub gedən Musa yaxşı bilir ki, ondan qabaqda kimlər var və ustadların arxasınca qoşmaq üçün o da öz sözünün, özününkü olan misraların qədir-qiymətini bilməlidir...
BDU-nun jurnalistika fakültəsində tələbə yoldaşım olmuş yazıçı-publisist Nurəddin Ədiloğlu isə ağsaqqal şairlə hər gün görüşə bilən dostlardandır. Onun dedikləri:
– Gənclik çağlarımız geridə qalsa da, adətən, Musa Ələkbərli ilə paytaxtın “Gənclik” adlanan parkında elə gənclik həvəsi ilə səhər yürüşü edirik. Musa müəllimin azca əyilmiş qamətini dikəldərək yol gedə-gedə etdiyi söhbətlərdən doymuram. Qaynar gənclik çağlarının xatirələri, şeir-sənət, mənəviyyat, ziyalılıqla bağlı fikirləri, sanki, susuzluğumu yatırır. 75-inin zirvəsində ulu Göyyurd dağlarından, zümrüd meşələrdən, büllur bulaqlardan ötrü qəribsəmiş müdrik şair hərdən poetik və həzin notlar üstündə köklənən misralarını da dilə gətirir”.
Yuyundum xatirə yağışlarında,
Dünyanın pak, təmiz uşağı oldum.
Musa Ələkbərlinin “Sözün qiyaməti qopan yerdəyəm” adlı və sayca 16-cı olan hesabat kitabında son 20 ildə qələmə aldığı şeirlərinin mühüm bir hissəsi, eləcə də Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poeması yer alıb. Hələ 14 il əvvəl “Azərbaycan” jurnalında dərc edilmiş həmin poema poeziyamızda da mübarizlik dərsinin başlandığını bəyan elədi. Bir daha gördük ki, söz də bir silahdır.
“Elm və Təhsil” nəşriyyatında ərsəyə gələn sanballı kitab 776 səhifədən ibarətdir. Bütün səhifələrindən vətəndaşlıq yanğısı, insan sevgisi sarı sim kimi keçir. Şair nədən yazırsa-yazsın, duyğularına ürəyinin odunu-közünü qatır:
Axı nə fərqi var, kimdir, nəçidir,
İnsan bu dünyada kirayəçidir.
Hər ömrün sonu var, ölüm də haqdı
Can ilə ödənir kirayə haqqı...
Adı çəkiləndə onun haqında hamının “Gözəl şairdir” deməsi Musa Ələkbərlinin ən böyük mükafatıdır. Yubilyar şair dostuma uzun ömür və coşğun ilham arzusu ilə:
Əli NƏCƏFXANLI
XQ