Onun tarı həmişə oxuyacaq...

post-img

Azərbaycan musiqi mədəniyyətində elə şəxsiyyətlər var ki, onların adını zaman musiqi tariximizə qızıl hərflərlə yazır. Belə ustadların, unudulmazların sırasında olmaq haqqını, görkəmli tarzən və pedaqoq, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, Xalq artisti Ramiz Quliyev də qazanmışdır.

Bu il oktyabrın 15-də musiqi mədəniyyətimizə ağır itki üz verdi. Ömrünün 78-ci yaşında amansız ölüm sevimli sənətkarımız Ramiz Quliyevi aramızdan apardı. Bu hadisə onu sevən milyonlarla sadə dinləyicini, onunla ünsiyyətdə olmuş sənət yoldaşlarını, saysız-hesabsız tələbələrini, fəaliyyət göstərdiyi elmi-tədqiqat laboratoriyasının əməkdaşlarını dərindən kədərləndirdi.

Son illərdə Ramiz müəllimlə uzun illərdən bəri çalışdığı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, bəlkə də, ən çox ünsiyyətdə mən olmuşam, onu daha yaxından tanımışam. Görmüşəm ki, onun sənətinin vurğunları arasında təkcə musiqiçilər deyil, şair, yazıçı, rəssamlar da çoxdur. Azərbaycanın Xalq şairləri – Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, şair-publisist Əli Vəkil və başqaları onun nadir sənətini vəsf etmişdilər.

Əgər biz Ramiz müəllimin keçdiyi həyat və fəaliyyətinə nəzər salsaq, onda onu qısaca belə xarakterizə edə bilərik: ustad sənətkar, pedaqoq, ictimai xadim və doğma torpağını sonsuz sevən əsl vətəndaş.

Ramiz Quliyev 30 aprel 1947-ci ildə Azərbaycanın dilbər güşəsi Qarabağın Ağdam şəhərində anadan olmuşdur. Görkəmli tarzən ilk musiqi təhsilini doğulduğu şəhərdə almış, 1964–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisası üzrə tanınmış bəstəkar Adil Gərayın sinfində oxumuşdur. Ramiz Quliyev ömrünün 50 ildən artıq müddətini şərəfli müəllim peşəsinə həsr etmişdir. O, müəllimlik fəaliyyətinə Bakıda 1 saylı musiqi məktəbində başlamış, sonra Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasında müəllim, baş müəllim, dosent, professor olmuşdur. Ramiz müəllim uzun illər həmin kafedranın müdiri vəzifəsində çalışmışdır.

Ramiz Quliyevin onlarla tələbəsi beynəlxalq və respublika müsabiqələrinin laureatıdır. Onun məktəbini keçmiş tələbələr nəinki Azərbaycanın hər bir bölgəsində, eləcə də Türkiyə və İranda sənətkardan öyrəndikləri sirləri gənc ifaçılara aşılayırlar.

Ustadımızın məharətli ifasının pərəstişkarları dünyanın bir çox ölkələrində də var. Ramiz Quliyev dəfələrlə müxtəlif ölkələrdə qastrollarda çıxış etmiş və öz ecazkar ifaları ilə milli musiqimizi tərənnüm etmişdir. Xarici qastrolların birində Parisdəki məşhur “Liberasyon” qəzeti Ramiz Quliyevi “Tarın Paqaninisi” və “Şərqin Paqaninisi” adlandırmışdır.

1987-ci ildə xalq musiqisinə həsr olunmuş Səmərqənd simpoziumunda “Sadıqcan” triosunun ifasını dinləyən məşhur tədqiqatçı-alim İ.Zemtsovski onun ifasını “sensasiya” kimi qiymətləndirmişdir. Görkəmli bəstəkar Tofiq Quliyev isə Ramiz Quliyevi bütün yaxın Şərgin ən yaxşı tarzəni adlandırmışdır.

Ulu öndər Heydər Əliyev də Ramiz Quliyevin ifasını çox bəyənirdi və çaldığı C.Cahangirovun “Ana” mahnısını sevə-sevə dinləyirdi. Dünyaşöhrətli violonçel ifaçısı Mstislav Rostropoviç Ramiz Quliyevin oğlu Əyyubla ifasını dinləyərkən onları “Musiqi möcüzəsi” adlandırmış, Ramiz müəllimi isə çətin klassik əsərlərin obraz-emosional məzmununu çatdıran “parlaq virtuoz” kimi dəyərləndirmişdir.

O, musiqini təkcə barmaqları ilə deyil ürəyi ilə səsləndirirdi. Bir çox bəstəkarlarımız məhz görkəmli tarzənin ifalarından ilhamlanıb, onun bədii və texniki imkanlarını nəzərə alıb, ona müxtəlif formalı əsərlər həsr etmişdilər. Bunların arasında Hacı Xanməmmədov, Səid Rüstəmov, Süleyman Ələsgərov, Ramiz Mirişli, Tofiq Bakıxanov və digər bəstəkarların tar və simfonik orkestri üçün konsertlərini göstərmək olar. Ramiz müəllim bu mürəkkəb musiqi əsərlərini öz interpretasiyasında dinləyiciyə o qədər dolğun və dəqiq çatdırırdı ki, insan onları dinləyərkən heyranlığını gizlədə bilmir.

Gələcək nəsillərin musiqi təhsilini düşünən pedaqoq kimi Ramiz müəllim müsahibələrinin birində gileylənərək söyləmişdir: “Təsəvvür edin ki, Süleyman Ələsgərovun bir neçə pyesini nəzərə almasaq, konsertdə ifa etməyə, eləcə də dərs keçməyə tar üçün orijinal əsər yoxdur. Yazan da ancaq konsert janrına müraciət edir”. Bu səbəbdən o, 1985-ci ildən 10-dan artıq “Azərbaycan və xarici bəstəkarların əsərlərinin tar və fortepiano üçün işləmələri” adlı dərs vəsaitini, 2004-cü ildə yaradıcılığının 40 illiyinə həsr olunmuş “Ramiz Quliyev” (poemalar, rəylər, məqalələr, intervyu və xatirələr) kitabını tərtib etmişdi.

Tarzən 2021-ci ildə Üzeyir Hacıbəyli adına BMA-nın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan və xarici bəstəkarların əsərlərinin tar və fortepiano üçün köçürmə və işləmələri” adlı ikicildlik kitabın da müəllifidir. Burada Ramiz müəllim görkəmli bəstəkarlarımız Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, Niyazi, C.Cahangirov, S.Rüstəmov, S.Ələsgərovdan tutmuş, müasir bəstəkarlara kimi çoxsaylı sənətkarın müxtəlif balet parçalarını, romans və rəqslərini tar üçün işləmiş və özü də onları redaktə etmişdir.

Ramiz müəllimin gördüyü hər iş mükəmməl idi. Bakı Musiqi Akademiyasında təşkil olunan, demək olar ki, bütün konfransların fəal iştirakçısı idi. Onun bölüşdüyü xatirələrə və nəzəri biliklərə əsaslanan çıxışlarına baxanda, olduqca geniş dünyagörüşünə malik, musiqişünaslığın müəyyən problemlərinə öz baxışı olan bir alimi görürük. Elmi-tədqiqat laboratoriyasında birgə işlədiyimiz zaman mən hər dəfə onun məsləhətlərini çox diqqətlə dinləyir və əməl etməyə çalışırdım.

Onun şahidi olduğum bir cəhətini də xüsusi vurğulamaq istərdim. Ustad dərslərini keçirərək o, öz bilik və bacarıqlarını gənclərlə paylaşmağı özünə borc bilirdi.

Ramiz Quliyevin 1993-cü ildə Fərhad Bədəlbəyli və digər tanınmış ziyalılarımızla “təmas xəttində” Ağdamın Şelli kəndindəki əsgər kazarmasının önündə güllə yağışı altında konsertdə çıxış etməsi əsl vətənpərvərlik nümunəsi idi.

Uzun illər yurd nisgili ilə yaşamış Ramiz müəllimin son 5 ildə gözləri gülürdü. Doğma Ağdam şəhəri II Qarabağ müharibəsi zamanı azad edilmişdi. Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasına start verəndə Ramiz müəllim oğlu Əyyub Quliyevlə tanınmış ağdamlıların arasında idi. Xatırladaq ki, Ramiz müəllimin canlı əsəri – oğlu Əyyub Quliyev istedadlı dirijor, Əməkdar artistdir. Hazırda o, Opera və Balet Teatrının baş dirijorudur.

Bu yerdə Ramiz müəllimin son vaxtlar dediyi sözlər yadıma düşür: “Ölkəmizin bu çiçəklənən dövründə yaşayıb-yaratmağa dəyər!” Heyif ki, Ramiz müəllim bu yaşamalı dünyadan əbədiyyətə köçdü. Axı o, hələ yaşayıb neçə-neçə kamil tarzən yetişdirə bilərdi. Ramiz Quliyevin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Yazdığı elmi əsərlər, yetişdirdiyi tələbələr onun sənət yolunu yaşadacaq.

Nuridə İSMAYILZADƏ,
Üzeyir Hacıbəyli adına BMA-nın laboratoriya müdiri,
fəlsəfə doktoru, dosent

Mədəniyyət