Artıq 9 ildir, Sabir Sarvan adlı istedadlı bir şair aramızda deyil. 70 illik yubileyini onsuz keçirsək də, bir neçə ay əvvəl İstanbulda çıxan “Çaldıran ağıtı” və Bakıda “Qanun” nəşriyyatında yenicə buraxılmış “Seçmə şeirlər” adlı kitabları bir daha poetik zövqümüzü oxşayır.
Sabir Sarvan ədəbiyyata 14 yaşında Ağsu rayonunda çıxan “Birlik” qəzetində çap olunmuş “Vüqar” şeiri ilə gəlib. Elə söz sənətində də vüqarlı bir qələm sahibi kimi qalıb. O, 1983–1993-cü illərdə özünü jurnalistikada sınayıb, yaddaqalan yazılar silsiləsi yaradıb. Demokratik mətbuatın ilk “qaranquş”larından sayılan “Gənclik” jurnalı nəşrə başlayanda baş redaktor Məmməd İsmayıl Sabiri də redaksiyaya cəlb edib. Bənzərsiz qələm sahibi orada ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini olub. Onun publisistikasında milli təəssübkeşlik və haqqı nahaqqa verməmək ideyası hakim idi.
Şeirlərini pafossuz yazan həqiqi vətənpərvər Sabir Sarvan Birinci Qarabağ müharibəsində tez-tez cəbhə bölgələrinə gedib əsgərlər qarşısında çıxışlar edirdi. Sağlığında “Gördüyüm göy, baxdığım işıq”, “Çıx qaranlıqdan”, “Gəldi qürub”, “Özümü sözə çevirdim”, “Dərdimi oxusun ney”, “Yarandım, yaşadım” və “Qibləm ürəyimdir” adlı 7 kitabı işıq üzü görüb. Ondan yadigar qalanlar şairin necə böyük istedad sahibi olduğunu aşkar göstərir.
Sabir Sarvan yurdun tarixini özünəməxsus bir tərzdə, kimsəni təkrarlamadan qələmə alırdı:
Bu yurd neçə dəfə qana çəkilib,
Quruyan dəniztək sinib özünə.
Axtarsan Vətənin sərhədlərini,
Düş tarix boyunca qanın izinə...
Ötən əsrin 90-cı illərində Sabir Sarvan qaynar ədəbi mühiti olan Sumqayıta köçdü və burada böyük həvəslə ciddi ədəbiyyata xidmət göstərərək, sənət karvanına əsl “sarvan”lıq edə bildi. Öz təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış AYB Sumqayıt bölməsinə rəhbərlik etdi. “Turan”, “Zərif” qadın ədəbi məclislərinin, “Tumurcuq” uşaq klubunun, sonradan onun adını daşıyan Uşaq Poeziya Teatrının fəaliyyət göstərməsində bilavasitə Sabir Sarvanın rolu oldu. Sumqayıtlı yazarların bədii nümunələrindən ibarət neçə-neçə almanax nəşr etdirdi. Dəfələrlə şeir və qiraət müsabiqələri, “Söz” bayramı keçirdi. Gənclik şəhərinin ədəbi əlaqələrini Türkiyəyə, Gürcüstana, Almaniyaya qədər genişləndirə bildi. Kirayələrdə yaşayıb-yaradan şairi 50 illik yubileyi münasibətilə Sumqayıt şəhəri rəhbərliyinin ikiotaqlı mənzillə mükafatlandırması Sabirin halal haqqı kimi bütün dostlarını sevindirdi.
O, əqidədaşları üçün dəyərli qələm, aləm və ələm dostu idi. Sanki unudulmayacağını duyub bu misraları yazmışdı:
Sıxılar doğmalar biri-birinə,
Baş-başa söykənər qarğılar kimi.
Qanlı misralarım yadigar qalar
Yaradan açılan sarğılar kimi...
Yalan danışmazdı, qarşısındakının inciyəcəyini bilsə də, həqiqəti söyləyərdi. O vaxt AYB-nin yerli bölməsinə şeir və hekayə gətirənlər çox olurdu. Sabir onların yazdıqlarını oxuduqdan sonra fikrini birbaşa deyirdi. Çünki təmənnasız idi. Küsüb gedənlər, dəstə düzəldib, əks-təbliğata başlayanlar, onu perikdirib yerinə keçmək istəyənlər də vardı. Sabir isə təsadüfi adamların ədəbiyyata gəlməsinə, bu “gülüstanda alaq otları”nın bitməsinə rəvac vermək istəmirdi. İstedadlara isə deyirdi:
Sən mənim acı dilimdə
Bal kimi qərar tutmusan.
Lalə tək yanan qəlbimdə
Xal kimi qərar tutmusan.
Onun gözəl şeirlər yazmaqdan əlavə, gözəl şeir demək qabiliyyəti də vardı. Axı, İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirmişdi. Hər zaman Sumqayıt Dövlət Dram Teatrı ilə sıx əlaqə saxlayır, repertuar siyasətinin düzgün qurulmasında ədəbiyyatı və teatrı mükəmməl bilən bir qələm adamı kimi öz köməyini əsirgəmirdi.
Sabirin lirikası da güclü idi. “Sevərsən”, “Saxla bülbül kimi”, “Mən o bənövşəni niyə dərmədim?”, “Min dəfə demişəm”, “Tərk edib gedərdim”, “Gözəl şeirlərlə gözəl xanımlar” şeirləri dillər əzbəridir. Onun sevgi duyğuları özünəməxsusluğu ilə seçilirdi:
Günəş güzgüsünü əlindən salıb,
Çiçəklər rəngini rəngindən alıb.
Şəhərə çıxmısan, daş heykəllər də
Arxanca boylana-boylana qalıb, –
Hara aparırsan bu gözəlliyi?
Şair özü də “Sabir Sarvan poeziyası” adlı, bulaq suyu kimi duru bir gözəlliyi götürüb, harasa uzaqlara aparıb. Heykəlli məzarı doğma Ağsu rayonunun Pirhəsənli kənd məzarlığında dostlarının tez-tez ziyarət etdiyi ocağa, pirə dönüb...
Əli NƏCƏFXANLI
XQ

