Tarix çeşidli texnoloji inqilaba şahidlik etsə də, heç biri süni intellekt qədər sürətli və kütləvi olmayıb. Bu gün süni intellekt müasir dünyada köklü dəyişikliyin əsas ruporudur. Onun geniş meydanı isə, şübhəsiz ki, təhsildir.
Ənənəvi yanaşma yerini fərdiləşdirilmiş, çevik və data əsaslı öyrənmə metodlarına verir. Süni intellekt təkcə müəllimlərin yükünü azaltmır, həm də hər bir tələbənin öyrənmə sürətinə və maraq dairəsinə uyğunlaşan rəqəmsal mentor rolunu oynayır.
İnnovativ təhsil layihələrindən biri də “Metatesk” platformasıdır. Bu qurumun təsisçisi və direktoru Günay İmanzadə innovasiya və sahibkarlıq sahəsində fəaliyyətinə görə Prezident mükafatına, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin İKT sahibkarı” adına layiq görülüb. “Metatesk”in adı beynəlxalq səviyyədə “Forbes” jurnalının nüfuzlu “30 yaş altı 30” siyahısına daxil edilib.
Müsahibimiz startapın uğur yolu və hədəfləri barədə söz açaraq bildirdi:
– Pandemiya dövründə onlayn təhsilin məhdudiyyətlərini, şagirdlərin passivləşməsini və yeni nəsil üçün daha interaktiv həllərə ehtiyac olduğunu müşahidə etdikdən sonra təhsil texnologiyaları istiqamətində daha sistemli işləməyə qərar verdim. Beləliklə, “Metatesk” startapı yarandı.
Düşünürdüm ki, nə üçün həyat bu qədər sürətlə dəyişir, amma təhsil modeli demək olar ki, eyni qalır? Mən həm ölkəmizdə, həm də İsveçrə və Çin də fərqli təhsil sistemlərində çalışmışam. Bu təcrübələr göstərir ki, istedad və potensial hər yerdə var, amma öyrənmə netodu çox vaxt yeni nəslin düşüncə tərzinə uyğun deyil.
Onlayn dərslərin böyük hissəsi, faktiki olaraq, “videoya baxmaq” formatına çevrilmişdi. Şagird ekranda idi, amma zehni olaraq prosesdən uzaqlaşırdı. Burada problem öyrənmə modelində idi. Yeni nəsil vizuallığı sevir, texnologiya ilə böyüyür və məlumatı passiv şəkildə deyil, təcrübə ilə qəbul etməyə meyillidir. Amma biz onlara hələ də ənənəvi, çox vaxt bir istiqamətli model təklif edirdik.
Bu müşahidələrdən sonra mən proqram təminatı sahəsində çalışan dostlarımla müzakirələrə başladım. Araşdırmalar apardım, beynəlxalq təcrübələri öyrəndim və əmin oldum ki, virtual reallıq doğru qurulduqda anlayışı dərinləşdirən və təcrübə əsaslı öyrənməni mümkün edən güclü vasitədir. İlk mərhələdə çox kiçik prototip hazırladıq. Həmin prototipi test etdik və uşaqların reaksiyası bizim üçün dönüş nöqtəsi oldu .
Komanda quruldu, sahə üzrə yeni mütəxəssislər cəlb olundu. Başlanğıcda məqsədimiz məktəblilər üçün təhsili daha maraqlı və effektiv etmək idi. Zamanla isə gördük ki, bu yanaşma yalnız universitetlər, təşkilatlar və hətta korporativ təlim mühitləri üçün də aktualdır.
Layihədə virtual reallıq ilə artırılmış reallıq texnologiyalarından istifadə edilir. Məsələn, kimya dərsində şagirdlər virtual laboratoriyaya daxil olaraq təcrübələri təhlükəsiz mühitdə həyata keçirirlər. Tarix və ya biologiya mövzuları isə üçölçülü vizual modellərlə daha anlaşıqlı şəkildə təqdim olunur. Bu yanaşma həm marağı artırır, həm də məlumatın yadda qalmasını asanlaşdırır.
Effektivliyi ölçərkən təkcə nəticəyə yox, prosesə baxırıq. Şagird ssenaridə necə qərar verir? Alternativləri araşdırırmı? Səhvdən sonra geri qayıdıb yeni yol seçirmi? Sistem bu mikrodavranışları analiz edir və bizə tənqidi düşüncənin formalaşma səviyyəsini göstərir.
Həmsöhbətimiz vurğuladı ki, ənənəvi dərs modelində çox vaxt müəllim izah edir, şagird isə yadda saxlayır. “Metatesk”də isə ssenari əsaslı, interaktiv mühit var:
– Şagird virtual mühitdə mövzuya aid situasiya ilə qarşılaşır və qərar verməyə məcbur olur. Əgər qərar səhvdirsə, sistem dərhal nəticəni göstərir və uşağa alternativ yol axtarmağa imkan yaradır. Bu ardıcıllıq - müşahidə, analiz, qərar, nəticə və düzəliş tənqidi düşüncənin əsas mexanizmini təşkil edir.
Məntiqi təhlil bacarığını inkişaf etdirmək üçün biz səbəb-nəticə əlaqəsini xüsusi vurğulayırıq. Şagird sadəcə: “Bu belədir.” – demir: “Niyə belədir?” – sualını cavablandırır. Hər ssenaridə seçimlərin nəticələri var və nəticə dəyişəndə şagird anlayır ki, qərarların məntiqi ardıcıllığı vacibdir. Bu, abstrakt anlayışı konkret təcrübəyə çevirir.
Yəni sual yalnız düzgün cavabla bitmir. Şagird müxtəlif yanaşmalar sınaya, alternativ yollar tapa bilər. Bu isə yaradıcı və analitik düşüncəni paralel şəkildə inkişaf etdirir. Biz çalışırıq ki, şagird səhvdən qorxmasın. Əksinə, səhv onun üçün öyrənmə mərhələsinə çevrilsin. Çünki real həyatda da problemi həll etmək bacarığı yalnız uğurlu nəticələrdən deyil, səhvlərdən öyrənməkdən formalaşır.
Platformada sosial komponentlər şüurlu şəkildə dizayn olunub. Şagirdlər qrup tapşırıqları yerinə yetirir, rolları bölüşdürür, ortaq qərarlar qəbul edir və nəticələri birlikdə analiz edirlər. Bu proses empatiya və perspektiv dəyişmə bacarığını inkişaf etdirir, çünki iştirakçılar yalnız öz mövqelərini deyil, komanda üzvlərinin yanaşmasını da nəzərə almalıdırlar.
Günay İmanzadə onu da söylədi ki, müasir təhsil sahəsində onu ən çox düşündürən məsələlərdən biri fərdiləşdirmə ilə kütləvi təhsil modeli arasındakı ziddiyyətdir:
– Araşdırmalar göstərir ki, uşaqlar öyrənmə tezliyi, diqqət səviyyəsi və dərketmə qabiliyyətinə görə fərqlənirlər. Lakin təhsil sistemi çox vaxt standart proqram və vahid qiymətləndirmə modeli üzərində qurulur. Bu isə fundamental sual yaradır: eyni sinifdə fərqli ehtiyaclara effektiv şəkildə necə cavab vermək olar?
Digər mühüm məsələ biliklə bacarıq arasındakı balansdır. İnformasiya artıq əlçatandır. Əsas çağırış onun analizi, tətbiqi və problem həllində istifadə bacarığının inkişafıdır. Lakin mövcud qiymətləndirmə modelləri hələ də əsasən faktlara yönəlir. Eyni zamanda, emosional və sosial bacarıqların: özünü tənzimləmə, empatiya, qərarvermə – sistemli şəkildə ölçülməsi və inkişaf etdirilməsi də açıq qalan elmi məsələlərdəndir.
Bu nöqtədə süni intellekt yeni imkanlar yaradır. Adaptiv sistemlər şagirdin performansına əsaslanaraq məzmunu, tempi və çətinlik səviyyəsini fərdiləşdirə bilər. Biz də hazırda “Metatesk”də süni intellekt əsaslı alətlər üzərində işləyirik ki, öyrənmə prosesi şagirdin anlayış sürətinə və ehtiyaclarına uyğunlaşa bilsin.
Hesab edirəm ki, gələcəyin təhsili pedaqoji yanaşma ilə texnologiyanın balanslı inteqrasiyası üzərində qurulacaq və əsas məqsəd yenə də insan potensialını daha səmərəli və maksimum səviyyədə üzə çıxarmaq olacaq.
Söhbəti yazdı:
Fidan ƏLİYEVA
XQ

