Bəzən siyasi coğrafiya xəritədə görünəndən daha ağır olur. Cənubi Qafqaz məhz belə məkandır: sərhədləri 20 milyonadək əhalinin yaşadığı ərazini əhatə etsə də, geosiyasi çəkisi böyük güclərin strateji planlarına sığmayacaq qədər ağırdır. Avropa İttifaqı (Aİ) uzun illər Cənubi Qafqaza normativ güc kimi daxil olub. Brüsselin ritorikasında əsas sözlər demokratiya, qanunun aliliyi, insan hüquqları idi. Lakin son aylar Avropa Komissiyasının Gürcüstana münasibətində müşahidə olunan sərtləşmə fərqli dinamikanı üzə çıxardı.
Maraqlıdır Brüsselin regiona baxışında daha dərin, struktur yanaşma transformasiyası nə üçün baş verir? Əgər məsələ yalnız hüquqi standartların tətbiqidirsə, onda sual yaranır: niyə oxşar problemlər yaşayan müxtəlif ölkələrə münasibətdə fərqli ton müşahidə olunur? Əgər məsələ geosiyasi loyallıqdırsa, onda “dəyərlər siyasəti” hansı nöqtədə maraqlar siyasətinə çevrilir?
Cənubi Qafqaz Rusiya ilə strateji rəqabətin sərhəd xətti, Orta Dəhlizin keçid nöqtəsi, enerji təhlükəsizliyinin alternativ xəritəsidir. Bu məkanda dəyərlər diskursu istər-istəməz geosiyasi realizmlə toqquşur. Və məhz bu toqquşma indi daha açıq görünür. Bəlkə də əsas sual budur: Aİ Cənubi Qafqaza həqiqətən normativ layihə kimi yanaşır, yoxsa onu strateji periferiyada saxlanılmalı olan idarəolunan zona kimi görür?
İlk növbədə, aydınlaşdıraq ki, Aİ-nin yaranmasında din amili mühüm rol oynayıbmı? Bu sualı cavablandırmaq üçün əvvəlcə miflə reallığı ayırmaq lazımdır. Aİ haqqında rəsmi narrativ onu iqtisadi rasionalizm və sülh məntiqinin məhsulu kimi təqdim edir. Müharibədən çıxmış bir qitə sənaye resurslarını ortaq nəzarətə verərək yeni qarşıdurmaların qarşısını almağa çalışdı. Lakin siyasi layihələr heç vaxt yalnız iqtisadi hesablamalardan doğmur. Onların arxasında ideya da olur, dünyagörüşü də, tarixi yaddaş da. Avropa inteqrasiyasının ilk memarları – Şuman, Adenauer, de Gasperi – sırf praqmatik texnokratlar deyildilər. Onlar xristian-demokrat siyasi məktəbin nümayəndələri idilər və müharibədənsonrakı Avropanı mənəvi baxımdan yenidən qurmaq istəyirdilər. Onların baxışında Avropa ortaq mədəni irsə malik sivilizasiya idi. Bu, o demək deyil ki, Aİ dini birlik kimi yaradılıb. Hüquqi strukturu sekulyardır, qərar mexanizmləri dünyəvidir və üzvlük üçün dini meyar yoxdur. Lakin inteqrasiya ideyasının formalaşdığı intellektual mühit xristian sosial doktrinasının təsirindən kənar deyildi. Maraqlı məqam ondan ibarətdir ki, bu matrisa zamanla transformasiya olundu. “Soyuq müharibə”dən sonra Aİ özünü artıq xristian Avropanın deyil, “dəyərlər Avropasının” layihəsi kimi təqdim etməyə başladı. Demokratiya, insan hüquqları və hüququn aliliyi dini və mədəni çərçivədən çıxarılaraq universal prinsip kimi formullaşdırıldı.
Lakin burada incə bir sual ortaya çıxır. Əgər bu dəyərlər doğrudan da universaldırsa, onların tətbiqi niyə müxtəlif coğrafiyalarda fərqli siyasi ton və intensivliklə müşayiət olunur? Niyə bəzi regionlarda sərt şərtləndirmə, digərlərində isə praqmatik yumşaqlıq müşahidə edilir? Bu sual bizi dini faktorun birbaşa deyil, dolayı roluna gətirir. Müasir Avropa siyasətində açıq dini kriteriya yoxdur. Amma mədəni yaxınlıq, tarixi inteqrasiya təcrübəsi və identitet uyğunluğu qərar qəbuletmədə psixoloji komfort zonası yaradır. Qərbi Balkanlar, məsələn, Avropa siyasi yaddaşının bir hissəsi kimi qəbul olunur. Cənubi Qafqaz isə çox vaxt “kənar perimetr” kimi dəyərləndirilir. Deməli, sualın cavabı ikili xarakter daşıyır. Aİ dini birlik deyil və onun genişlənmə siyasəti rəsmi olaraq sekulyar meyarlara əsaslanır. Amma onun formalaşma tarixində və identitet kodlarında xristian-sivilizasion elementlər mühüm rol oynayıb.
Aİ Gürcüstandan nə istəyir?
Gürcüstan uzun müddət Brüsselin “uğur hekayəsi” kimi təqdim edilirdi. Şərq Tərəfdaşlığı çərçivəsində ən sürətli yaxınlaşan, islahat dili ilə danışan, Avropa bayrağını daxili siyasətdə legitimlik alətinə çevirən ölkə məhz Gürcüstan idi. İctimai rəy sorğularında yüksək Avropa dəstəyi, vizasız rejim, assosiasiya sazişi – bütün bunlar Tbilisinin Avropa trayektoriyasının sabit və dönməz olduğu təəssüratını yaradırdı. Ancaq son mərhələdə ton dəyişdi. Avropa Komissiyasının bəyanatlarında sərt ifadələr, konkret şərtlər və daha açıq siyasi mesajlar görünməyə başladı. “Namizəd statusu” ciddi monitorinq mexanizmi ilə müşayiət olunan proses kimi təqdim edilir. Sual yaranır: bu dəyişiklik doğrudanmı yalnız demokratik geriləmənin nəticəsidir? Şübhəsiz, daxili siyasi mühitdəki gərginliklər – media azadlığı ilə bağlı müzakirələr, seçki mühitinə dair iradlar, bəzi qanunvericilik təşəbbüsləri – Brüsselin tənqidlərinin formal əsasını təşkil edir. Aİ öz normativ identitetinə uyğun olaraq bu məsələlərə reaksiya verməlidir və verir. Lakin analitik baxış daha geniş çərçivə tələb edir. Əsas məsələ ondan ibarətdir ki, Gürcüstanın son illərdə apardığı balans siyasəti Brüsseldə narahatlıq yaradır. Tbilisi açıq şəkildə Avropa kursunu bəyan etsə də, eyni zamanda, regiondakı güc balansını nəzərə alaraq daha ehtiyatlı geosiyasi davranış nümayiş etdirir. Xüsusilə Rusiya ilə birbaşa qarşıdurmadan yayınma strategiyası, iqtisadi əlaqələrin tam qopmaması və ritorikada müəyyən yumşaqlıq Avropada “strateji qeyri-müəyyənlik” kimi oxunur.
Brüssel üçün isə inteqrasiya xarici siyasətdə uyğunlaşma deməkdir. Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət xəttinə paralel hərəkət etməyən ölkə “yarıuyğunlaşmış tərəfdaş” kimi qəbul edilir. Gürcüstanın balans cəhdi isə Aİ-də bəzən geosiyasi yayınma, hətta loyalıq boşluğu kimi şərh olunur.
Burada incə bir ziddiyyət ortaya çıxır. Cənubi Qafqaz kimi həssas regionda balans siyasəti təhlükəsizlik instinktindən doğur. Kiçik dövlət üçün alternativlərin açıq qalması strateji zərurətdir.
Aİ Cənubi Qafqazı hansı statusda görür?
Bu sualın cavabını tapmaq üçün Brüsselin davranış trayektoriyasına baxmaq lazımdır. Çünki Cənubi Qafqazla bağlı siyasət heç vaxt açıq şəkildə “üzvlük perspektivi” dili ilə qurulmayıb. Reallıq ondan ibarətdir ki, Brüssel regionu hazırkı mərhələdə genişlənmə xəritəsinin bir hissəsi kimi deyil, daha çox geosiyasi perimetr kimi qiymətləndirir. Üzvlük perspektivi olan ölkəyə yanaşma ilə tampon zona kimi görülən məkana yanaşma arasında ciddi fərq var.
Birinci istiqamət enerji təhlükəsizliyidir. Ukrayna müharibəsindən sonra Avropa enerji xəritəsini sürətlə diversifikasiya etməyə başladı. Xəzər qazı və Cənub Qaz Dəhlizi Brüssel üçün strateji zərurətə çevrildi. İkinci qat Rusiya amilidir. Cənubi Qafqaz postsovet məkanıdır və Moskvanın təsir tarixi burada dərin köklərə malikdir. Avropa İttifaqı açıq qarşıdurma dili istifadə etməsə də, regionu Rusiya təsirinin balanslaşdırılması kontekstində dəyərləndirir. Üçüncü istiqamət nəqliyyat və logistika xəritəsidir. Orta Dəhliz Çin–Avropa ticarət əlaqələrinin alternativ marşrutu kimi strateji əhəmiyyət qazanır. Qara dənizdən Xəzərə, oradan Mərkəzi Asiyaya uzanan xətt Avropanın qlobal iqtisadi təhlükəsizlik arxitekturasında mühüm yer tutur. Bu üç istiqaməti birləşdirəndə aydın olur ki, Brüsselin baxışı yalnız “demokratiya qiymətləndirməsi” ilə məhdudlaşmır.
Maraqlıdır: niyə Cənubi Qafqaz ölkələri hər dəfə Avropa ilə yaxınlaşma mərhələsində uzun “şərtlər siyahısı” ilə üzləşir, amma sərt təhlükəsizlik zəmanətləri əldə etmir? Niyə islahat tələbləri detallı, lakin təhlükəsizlik təminatı abstraktdır?
Aİ hərbi ittifaq deyil. Onun əsas alətləri maliyyə dəstəyi, hüquqi harmonizasiya, institusional inteqrasiya və siyasi şərtləndirmədir. Yəni Brüssel təhlükəsizlikdən çox transformasiya vəd edir. Halbuki Cənubi Qafqazın əsas gündəliyi transformasiya deyil, sağ qalmaq instinktidir. Məhz burada Cənubi Qafqaz “imtahan zonasına” çevrilir. Çünki bu region Avropa üçün dəyərlərin tətbiq olunduğu laboratoriyadır, lakin, eyni zamanda, böyük güclər arasında balans saxlanılan geosiyasi sahədir. Normativ siyasət ilə realpolitik burada daim toqquşur. Avropa inteqrasiyası hüquqi uyğunlaşma tələb edir, amma region təhlükəsizlik baxımından alternativləri açıq saxlamağa çalışır.
Bəlkə də, əsas sual budur: Avropa İttifaqı gələcəkdə öz təhlükəsizlik rolunu genişləndirəcəkmi, yoxsa Cənubi Qafqaz daim normativ şərtlərlə, lakin məhdud strateji təminatla kifayətlənməli olacaq? Əgər Aİ geosiyasi aktor olmaq istəyirsə, təhlükəsizlik mexanizmləri də təklif etməlidir. Əks halda, Cənubi Qafqaz Avropa layihəsi üçün sınaq meydanı olaraq qalacaq – tam inteqrasiya olunmamış, amma tam kənarda da buraxılmamış bir məkan kimi.
Sonda onu da qeyd edək ki, Cənubi Qafqaz və Avropa İttifaqı arasındakı münasibətin izahında yalnız dini və ya sivilizasion faktorları ön plana çıxarmaq, yaxud onları görməmək, hər iki halda analitik boşluq yaradır. Hər şey bir-biri ilə bağlıdır: Avropa universal dəyərlərin daşıyıcısı kimi özünü təqdim edir, region isə real təhlükəsizlik və strateji maraqlar prizmasından hərəkət edir. Bu iki məntiq bir-biri ilə toqquşanda ortaya “ikili standart” təsəvvürü çıxır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


