Prezident İlham Əliyevin sədrliyi ilə ölkədə süni intellektin (Sİ) inkişafı və rəqəmsal transformasiyaya dair fevralın 11-də keçirilmiş müşavirədən irəli gələn vəzifələrə uyğun olaraq Biləsuvar rayonunda dövlət idarəçiliyinin rəqəmsal transformasiyasını sürətləndirmək və kadr potensialını müasir standartlara uyğunlaşdırmaq məqsədilə rəqəmsal savadlılıq təlimləri keçirilib.
Rayon icra hakimiyyətinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə təşkilatçılığı ilə keçirilən təlimlərin əvvəlində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev rəqəmsallaşmanın müasir idarəetmədəki strateji rolunu vurğulayıblar.
Qeyd olunub ki, rəqəmsal keçid sadəcə texnoloji yenilik deyil, həm də vətəndaşlara göstərilən xidmətlərin şəffaflığı və operativliyinin təminatıdır. Günboyu davam edən intensiv proqram çərçivəsində iştirakçılar rəqəmsal dünyanın aktual istiqamətləri üzrə həm nəzəri, həm də praktik biliklərə yiyələniblər. “Süni intellekt (Sİ) və gündəlik iş prosesləri” adlı təlimdə iştirakçılara süni intellekt alətlərinin sənəd dövriyyəsində, məlumatların analizində və vaxtın səmərəli idarə edilməsində necə tətbiq olunacağı əyani şəkildə nümayiş etdirilib. Süni intellektin dövlət qulluqçusunun “rəqəmsal köməkçi”sinə çevrilməsi yolları müzakirə olunub.
Kibertəhlükəsizlik və məlumatların mühafizəsi ilə əlaqədar təşkil olunan təlimdə dövlət informasiya sistemlərinin kiberhücumlardan qorunması, “fayrvoll” sistemlərinin iş prinsipi və dövlət sirri daşıyan məlumatların rəqəmsal mühitdə təhlükəsiz saxlanılması üsulları öyrədilib. Sosial mühəndislik və hücum növləri ilə bağlı isə təlimçilər tərəfindən müasir dünyada ən çox rast gəlinən manipulyasiya üsulları və sosial mühəndislik hücumlarından qorunma yolları izah edilib. “İnsan faktoru”nun kibertəhlükəsizlik zəncirindəki ən həssas bənd olduğu və fərdi ayıq-sayıqlığın əhəmiyyəti xüsusi vurğulanıb. Bulud texnologiyaları və kollektiv iş üzrə təlimdə isə ofis alətlərinin rəqəmsal versiyalarından istifadə edərək eyni sənəd üzərində bir neçə şöbənin eyni vaxtda və əlaqəli şəkildə çalışmasının səmərəsi izah olunub. Təlimlərin sonunda vurğulanıb ki, bu biliklər Biləsuvarda “Ağıllı idarəetmə” modelinin təməlini qoyur və kadrların rəqəmsal çevikliyini artıraraq idarəetmədə şəffaflığı təmin etməklə sənəd dövriyyəsinin daha sadə və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır.
Ə.ƏLİYEV
XQ

