Güllü Tomarlı ilə şeir gecəsi

post-img

20 may 2025-ci il tarixində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin Moskvadakı ofisində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, kitab və şeirlərin müəllifi, qədim Azərbaycan kəlağayısının qayıdışının təbliğatçısı Güllü Eldar qızı Tomarlı Əliyeva ilə görüş keçirilmişdir.

Məlum olduğu kimi, 2014-cü ilin noyabr ayında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına “Qadın ipək baş örtüyü – kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilmişdir. 2022-ci ildə şairə Güllü Eldar Tomarlı Bakıda öz evində, hər birinin özünəməxsus tarixi olan, müxtəlif illərə, formalara və rənglərə malik təbii ipəkdən hazırlanmış 150-dən çox qədim qadın yaylığı eksponatını əhatə edən ilk Kəlağayı Muzeyini açmışdır.

Sərgidə kəlağayılarla yanaşı, rəsmlər, qədim əşyalar və Tomarlının özünün hazırladığı məhsullar da nümayiş etdirilir. Şairə həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan kəlağayısı – minilliklərin yadigarı” adlı sənədli film də çəkmişdir. Kəlağayı gözəllik, ləyaqət və sədaqət rəmzi olmaqla yanaşı, Odlar Yurdunun qədim tarixini, mədəniyyətini və adət-ənənələrini də əks etdirir.

Əsrlərlə tarixi olan kəlağayının ərsəyə gəlməsi mürəkkəb bir prosesdir və burada bir neçə peşə sahibi iştirak edir. Maraqlıdır ki, bu qadın baş geyimi adətən kişilər tərəfindən hazırlanır. Baş örtüyünün hazırlanma prosesində ən aparıcı rol boyaqçıya məxsusdur. Çünki kəlağayıların küpxanada qaynar şəkildə boyanması böyük zəhmət, virtuoz bacarıq və incə duyum tələb edir. Əsasən, boyamada sumaq, zirinc, narıncı, cır alma, zəfəran, qarağat və s. təbii boyalardan istifadə edilir. Buna görə də kəlağayılar köhnələ bilər, lakin orijinal rəngini heç vaxt itirmirlər.

Ofisin divarlarında muzey direktorunun gətirdiyi gözəl naxışlı, heyrətamiz rənglərlə bəzədilmiş, tarixi şəxsiyyətlərin və tanınmış ədəbiyyat, mədəniyyət xadimlərinin təsvir olunduğu, “Buta”, “Xarı Bülbül” rəmzləri ilə zəngin qadın yaylıqlarının nümayişi sevindirici hal idi.

Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri, iş adamı və xeyriyyəçi Bəxtiyar Həsənov tədbiri açaraq Bakidan gələn qonağı salamlayıb və ona Moskvaya gəldiyinə, şairlik istedadına və qədim Azərbaycan kəlağayısının əvvəlki şöhrətinin dirçəldilməsi istiqamətindəki ictimai və təbliğat fəaliyyətinə görə təşəkkür edib.

Tədbirin moderatoru Leyla Fərəcova çıxış edərək Güllü Tomarlını iştirakçılara təqdim edib və onun şeirlərini səsləndirmişdir. Daha sonra söz növbə ilə Muxtariyyətin Qadınlar Birliyinin fəal üzvlərinə – Afaq Şıxlıya, İradə Məmmədovaya, Afaq Məhərrəmovaya, Gülnur Alışovaya, Məxsəti Əliyevaya, Xalidə Səmədovaya, Səidə Rəhimliyə, Leyla İsmayılovaya və Gündüzər Kərimzadəyə verilmişdir. Onlar şairənin şeirlərini böyük məharətlə səsləndirmişlər.

Şeirlərin gözəl təqdimatı və uzaqlarda olan bu xanımların Azərbaycan ədəbi-mədəni irsinə göstərdikləri diqqət Güllü Tomarlını dərin şəkildə duyğulandırmışdır.

Tədbirdə Gülnur Alışovanın ifasında gözəl xalq mahnıları da səsləndirilmiş və iştirakçılar sevinclə ona qoşulmuşlar.

Möhtəşəm üç saatlıq şeir  gecəsi xoş ab-havada, milli şirniyyatlar və ənənəvi çay süfrəsi arxasında, hiss olunmadan sona çatmışdır.











Mədəniyyət