Möminə xatun türbəsinə XXI əsrin sığalı çəkiləcək

post-img

Xəbər verildiyi kimi, Prezident cənab İlham Əliyev may ayının 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında türbənin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə bağlanıb və ictimaiyyət üçün brifinq keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirlinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Möminə xatun türbəsinin bərpa və konservasiyası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, tarixi abidənin mövcud vəziyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib və nəticələr barədə nazirliyə müvafiq sənədlər təqdim olunub. Həsən Seyidov mədəniyyət işçiləri adından Prezident İlham Əliyevə mədəni irsimizə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan “Atelier Erich Pummer GmbH”nin rəhbəri Erich Pummer çıxış edərək abidənin mövcud vəziyyəti və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Hacı Fəxrəddin çıxışlarında Möminə xatun türbəsinin tarixi əhəmiyyətindən, bərpa və konservasiya olunmasının vacibliyindən danışıb, bu sahədə gələcəkdə görüləcək işlərlə bağlı düşüncələrini bildiriblər.

Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” Şirkəti arasında bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb. Media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib.

Səbuhi HƏSƏNOV
XQ



Mədəniyyət