Əsrdən uzun bədii filmlər

post-img

Kino da insan kimidir: yaranır, yaşayır, ya xoş xatirələrlə anılır, ya da unudulub gedir. Bu il Azərbaycan kinematoqrafiyasına öz möhürünü vurmuş bir sıra ekran əsərinin yubiley ilidir. Hər zaman həvəslə baxdığımız, epizodlarını, qəhrəmanlarının dialoq və replikalarını əzbər bildiyimiz həmin filmlər hansılardır?

“Yubilyar” kinolentlərimizin ən “qocaman”ları 1916-cı ildə çəkilmiş “Arvad” və “Arvadlar ərlərini mənsəbə necə çatdırırlar”, eləcə də “Neft və milyonlar səltənətində” adlı tammetrajli bədii filmlərdir. Doğrudur, buna qədər hələ 1898-ci ildə Bibiheybətdə və Balaxanıda neft fontanlarından çəkilmiş xronikal kadrlar və “İlişdin” adlı kiçik kinosüjet də olub və 2 avqust Milli Kino Günü də bu əsasda təsis edilib.

Adıçəkilən bütün kinolentlər ta 1935-ci ilədək çəkilmiş digər ekran işləri kimi, kinematoqrafiyanın “səssiz” dövrünə aiddir. Digər adı “Həyat yoldaşı” olan “Arvad” filmi yazıçı Artsıbaşovun “Ər” romanına ekran parodiyasıdır. Müəllifləri qeyri-türklər olan “Arvad”ın aktyor heyətində də heç bir soydaşımızın adına rast gəlmirik. “Arvadlar ərlərini mənsəbə necə çatdırırlar” filmində isə hətta ssenarist, rejissor və operator özləri də çəkiliblər, amma yenə də azərbaycanlı aktyorlar yoxdur. Bu kinolentlərin hər ikisi arxivlərdə itib-batıb.

Böyük milli dəyər kəsb edən “Neft və milyonlar səltənətində” tammetrajlı filmi isə ilk Azərbaycan bədii filmi sayılır. Çünki, əvvəla, maarifçi-pedaqoq, yazıçı İbrahimbəy Musabəyovun povesti əsasında çəkilib, titrləri Azərbaycan və rus dillərində yazılıb, üstəlik, görkəmli aktyor və rejissorumuz Hüseyn Ərəblinski bu filmdə Lütfəli bəy rolunda oynayıb. Məşhur xanəndə Cabbar Qaryağdıoğlu ilə tarzən Qurban Pirimov və kamança ifaçısı Məşədi Qulu kinodramın “Toy” və “Kazinoda şənlik” epizodlarında lentə alınıblar.

Daha bir maraqlı fakt: hələ film çəkilməmişdən əvvəl gənc şair-dramaturq Cəfər Cabbarlı aktyor Məmməd Əliliyə deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Onlara hər cür kömək edək, qoy, azərbaycanlı aktyorlar, uşaqlar da çəkilişlərə cəlb olunsunlar. Bizlərdən də bir kino artisti çıxsın ortaya. Beləliklə, Məmməd Əlili və Balaxanı mollaxanalarından 5 uşaq kütləvi səhnələrdə yer alıb. Əlili həm də filmin qeyri-rəsmi rejissor köməkçisi olub.

Yeri gəlmişkən, “Neft və milyonlar səltənətində” Ərəblinskinin ilk və son filmi olsa da, 3 ay sonra həmin yaradıcı heyətin çəkdiyi “Knyaz Dəmir Bulat” bədii filmində daha bir soydaşımız – Abbas Mirzə Şərifzadə baş rolu ifa edib. Növbəti ildə lentə alınan “Arşın mal alan”ın ilk variantında isə artıq Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Yunis Nərimanov, Mirzəağa Əliyev, Hənəfi Terequlov kimi Azərbaycan aktyorları rol alıblar.

Sosial kinodram neft Bakısının ötən əsrin əvvəllərindəki həyatı, müsəlman milyonçuların məişəti, dolanışıq üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranı haqqındadır. Kinokadrlarda baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (Vladimir Lenin) taleyi fonunda cərəyan edir. Bir təsadüf yoxsul və kimsəsiz Cəlilin varlı neft sahibkarına çevrilməsinə səbəb olur. Torpaqlar, gəmilər, şaxtalar alır. Lakin cilddən-cildə girməyi bacaran, pozğun və qəddar neft milyonçusu Lütfəli ilə dostluq etməsi sonda onun məhvinə səbəb olur. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.

Lütfəli bəyin təsiri ilə Cəlil sərxoşluğa, qumara və daha pis əməllərə qurşanır, sirkdə atçapan olan gözəl Regina Lazareva ilə yaxınlıq edərək ona külli miqdarda pul xərcləyir. Lütfəlinin fırıldaq ortağı Regina Cəlillə birlikdə səyahətə çıxır və onun pullarını götürüb qaçır. Cəlil ayılıb özünü müflis görür.

Bu müddət ərzində hiyləgər Lütfəli bəy onun mülkünü ələ keçirir. Bakıya qayıdan Cəlil ailəsinin ağır günlərə düçar olduğunu görür və ürəyi partlayır. Cəlilin ölümündən xəbər tutan Lütfəli bəy onun arvadı Şəfiqəyə evlənmək təklif edir. Şəfiqə isə onu bıçaqla vurub öldürür…

Qeyd edək ki, 110 yaşlı “Neft və milyonlar səltənətində” filmindəki təbiət mənzərələri Bakı və ətrafında – Balaxanı, Binəqədi, Zığ kəndlərində, eləcə də bəzi epizodlar Bayılda və Xəzərin sahillərində çəkilib. Balaxanıda neft mədənlərində baş vermiş yanğından xronikal kadrlar da filmə daxil edilib. Hadisələr və təsvirlər seyrçidə 1 əsr əvvəlki dövrün ab-havası barədə müəyyən təsəvvürlər yaradır.

“Knyaz Dəmir Bulat” filminə gəlincə, həmin kinoroman Xəzər dənizçilərinin həyatından bəhs edir. Film mürəkkəb insani münasibətlər, məişət şərtilikləri, onun mövcud olan və illərdən bəri müqəddəs sayılan adi qaydaları haqqındadır. Bu qaydaların pozulması faciəli nəticələrə gətirib çıxarır.

Eyni müəlliflərin 110 il əvvəl Bakıda çəkdikləri daha bir film isə “Ölümünə bir saat qalmış” adlanır. Məhkəmə xronikasından ibarət əhvalatın təsvir olunduğu bu dramaturji kinolent qısametrajlı idi və 1916-cı ilin sentyabrında ilk baxışı olub. Rollarda heç bir Azərbaycan aktyoru çıxış etməyib. Təəssüf ki, mənbələrdən bu kinodram haqqında ətraflı məlumat tapa bilmədik.

(ardı var)

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət