Rəqəmsal aləmin də qaynağı çap məhsullarıdır
Kitab oxumağın ən böyük üstünlüklərindən biri də dərketməni, qavramanı gücləndirməsidir. İnsan hər cümləni tələsik ötüb keçmir, dayanır, ara verir, əvvəl oxuduğunu sonrakı ilə əlaqələndirir. Məhz bu zaman əhatəli anlayış formalaşır, bilik daha çox mənimsənilir.
Təəssüf ki, müasir dövrdə insanlar rəqəmsal texnologiyalardan istifadənin sərhədini qorumaqda çətinlik çəkirlər. Bu isə xüsusi diqqət və dərin düşünmə tələb edən sahələrdə, o cümlədən təhsildə öz mənfi təsirini göstərir. Getdikcə kitabdan uzaqlaşma meyili artır, onun yerini isə daha sürətli, qısa və səthi alternativlər tutur. İnsanlar uzun mətn oxumaq əvəzinə, qısa məlumatlara üstünlük verir, dərindən öyrənməkdənsə tez nəticə almağa çalışırlar.
Gənclər üçün dərsləri kitabdan oxumaq çətin və yorucu görünməyə başlayır, rəqəmsal məzmun isə daha asan və cəlbedici təsir bağışlayır. Təhsildə belə, kitabın yerini alternativ rəqəmsal resurslar alır. Hazırda təhsil son onilliklərin ən böyük rəqəmsal sınağından keçir və görünən odur ki, parlaq ekranların vəd etdiyi təhsil inqilabı bir çox inkişaf etmiş dövlətlər üçün böyük məyusluqla nəticələnib. Bu gün hətta texnologiyanın vətəni sayılan ölkələr belə, sinif otaqlarından rəqəmsal cihazları kənarlaşdırırlar.
Fransa, Niderland, Danimarka, İsveç bu sahədə ən erkən və sərt qanun qəbul edən ölkələrdəndir. Bu ölkələrdə şagirdlər dərs saatları ərzində telefonlarını məktəbə təhvil verir, müəllimlər isə dərsi yalnız kitabdan öyrətməyə çalışırlar. Bu ildən Cənubi Koreya və Çində də dərs prosesində elektron cihazlardan istifadə ciddi şəkildə tənzimlənəcək. Yaponiya da oxşar yanaşma tətbiq edir. Xüsusilə ibtidai siniflərdə rəqəmsal vasitələrdən istifadə məhdudlaşdırılır. Ölkəmizdə də dərs zamanı mobil telefonlardan istifadə qadağan edilib.
Bəs müasir dövrün sürət yarışında biz bir düymə ilə əldə edilən hazır məlumatla vaxt qazanmağa, yoxsa insanın öz iradəsi, zəhməti ilə qazandığı biliyə üstünlük verməliyik?
Təhsil eksperti Məzahir Məmmədli vurğuladı ki, ən doğru yanaşma hibrid modeldir:
– Əgər biz 20-30 il əvvəlki ilə indiki nəsli müqayisə etsək, arada ciddi fərqin olduğunu aydın görərik. Keçmişdə qəzet, kitab oxumaq, dərsləri yazaraq yadda saxlamaq gündəlik həyatın ayrılmaz hissəsi idi. Bu isə öyrənmə prosesini daha möhkəm və davamlı edirdi. Lakin bu gün elmi-texniki tərəqqi, xüsusilə süni intellektin həyatımıza sürətlə daxil olması vəziyyəti tamamilə dəyişib. Yeni nəsil artıq nəinki ənənəvi mütaliəyə zaman ayırır, hətta bəzən ailə-məişət məsələlərinə belə diqqəti göstərmir.
Dünyada artıq geniş yayılan bu tendensiya Azərbaycana da təsir göstərir. Təhsil sistemində elektron platformaların tətbiqi, rəqəmsal idarəetmə və onlayn resurslar bu dəyişimin hissəsidir. Hesab edirəm ki, həm müasir texnologiyanın imkanlarından istifadə edilməli, həm də ənənəvi təhsil formaları qorunub saxlanılmalıdır. Xüsusilə yazı mədəniyyətinin, düşünmə bacarığının və yaradıcılığın inkişafı üçün bu balans mütləq qorunmalıdır.
Təqaüddə olan müəllim Sevinc Xəlilova söylədi ki, problem elektron cihazlarda deyil, onlara münasibətdədir:
– Ömrümün çox hissəsini sinif otağında, lövhənin qarşısında keçirmişəm. Əvvəlcə, bunu anlamaq lazımdır ki, müəllimlik insan yetişdirmək sənətidir. Mən o dövrün müəllimiyəm ki, dərs otağında elekron vasitələr, internet yox idi, amma diqqət, maraq, düşünən beyinlər vardı.
Bu, o demək deyil ki, texnologiyaya qarşı çıxmaq lazımdır. Müasir dövrdə bu, mümkünsüzdür. Bu günün şagirdi məlumatı çox tez tapır, amma onu yadında saxlaya bilmir. Səbəbi sadədir: o, artıq əldə etdiyi bilgiyə dəyər vermir. Əvvəllər bir faktı öyrənmək üçün kitablar vərəqlənir, qeydlər aparılır, düzgün mənbələr axtarılırdı. İndi isə məlumat 5 saniyəyə tapılır, 15 saniyəyə unudulur. Bu, öyrənmə prosesinin sıradan çıxmasıdır. Ənənəvi təhsilin ən böyük silahı hüsnxət və mütaliə idi. İndi isə planşetləri, elektron lövhələri üstün tuturlar.
Mən bir dəfə dərsdə çox sadə sual verdim ki, “Nizami Gəncəvi hansı dövrdə yaşayıb?” Sözsüz ki, cavab internetdə var idi. Şagirdlərdən biri dedi ki, “müəllim, bunu araşdırmaq lazım deyil, onsuz da internetdə var”. Qəribə səslənsə də, bu cümlə mənim qəlbimi qırdı. Çünki o şagird, əslində, belə deyirdi: “Düşünməyə ehtiyac yoxdur. Mənə lazım olan şey istənilən an əldə edə biləcəyim informasiyadır”. O an başa düşdüm ki, problem texnologiyada yox, münasibətdədir.
İnsan əxz etdikləri və düşündükləri ilə formalaşır. Əgər bilik sənin yadında qalmırsa, sən onu oxuyub dərindən dərk etmirsənsə, demək, o, sənə aid deyil.
Mən bunu dəfələrlə yoxlamışam. Eyni mövzunu iki fərqli üsulla keçmişəm: biri slaydlarla, elektron təqdimat vasitələri ilə, biri isə sadə lövhə və sual-cavablarla. Bir həftə sonra sual verəndə, izahla keçilən dərsdən daha çox şey yadda qalmışdı. Çünki o dərsdə şagird düşünmüşdü, beynini yormuşdu, digərində isə sadəcə izləmişdi. Çalışıram ki, sualı bir az dəyişim, istiqamət göstərim. Bu proses vaxt aparır. Bəli, texnologiya ilə bunu daha tez etmək olar. Amma tez öyrənilən tez də unudulur.
Son illərdə təhsil sistemində ən ciddi dəyişikliklərdən biri kurikulum modelinə keçiddir. Məqsəd əzbərçiliyə əsaslanan təhsildən uzaqlaşmaq, şagirdi passiv dinləyicidən aktiv iştirakçıya çevirmək, bilikdən çox bacarıqlara üstünlük verməkdir. İdeya olaraq bu yanaşma müasir dövrün tələblərinə cavab verir. Çünki informasiya əlçatandır, əsas məsələ onu necə istifadə etməkdir. Kurikulum da məhz bunu hədəfləyir: şagirdin düşünməsi, analiz və tətbiq etməsi.
Bu baxımdan kurikulumun müsbət cəhətlərini danmaq olmaz. Şagird artıq sadəcə dinləmir, müzakirə edir, fikir bildirir. Qiymətləndirməyə gəlincə isə o yalnız imtahan nəticəsi ilə deyil, proses boyu göstərdiyi fəaliyyətlə dəyərləndirilir. Kurikulumun tətbiqində ciddi məqam bacarıqların inkişafı adı altında baza biliklərin arxa plana keçməsidir. Əgər şagirdin kifayət qədər biliyi yoxdursa, onun analiz etməsi də səthi olur.
Ən vacibi isə yazı məsələsidir. İndi şagirdlər yazı yazmaqdan qaçırlar. Çünki yazı düşünməyə məcbur edir, fikrini cilalamalı, ardıcıllıq qurmalısan . Ekranda isə hər şey silinə və dəyişdirilə bilər. Bu isə məsuliyyət hissini azaldır. Yazı zamanı insan səhv edir və o səhv üzərində düşünür. Niyə bu cümlə düzgün olmadı? Niyə fikir axmadı? Əlaqə harada qırıldı? Bu suallar insanı inkişaf etdirir. Və bəlkə də ən böyük fərq də elə buradadır: yazan insan düşünür, yazmayan isə hazır cavablarla kifayətlənir.
Ekspert Qoşqar Məhərrəmovun fikrincə, rəqəmsal cihazlardan istifadə məhdudiyyətlər olduqda yaxşı nəticə verə bilər:
– Ümumilikdə, insanların həyatından texnologiyanı tamamilə çıxarmaq mümkün deyil. Lakin məktəb mühiti öz mahiyyətinə görə fərqlidir. Burada ənənəvi tədris vasitələri – kitablar, iş vərəqləri, dəftərlər və əyani materiallar hələ də təhsil prosesinin təməl hissəsidir.
Bir çox ölkələrdə tədris prosesində planşet və digər rəqəmsal vasitələrdən istifadə olunur. Lakin bu texnologiyalardan istifadə ciddi nəzarət və məhdudiyyətlər çərçivəsində həyata keçirilir. Şagirdlər istədikləri saytlara daxil ola bilmirlər.
Əgər məktəbdə hər şagirdə planşet verilir və ya siniflərdə rəqəmsal cihazlardan istifadə olunursa, həmin sistemdə mütləq şəkildə məhdudiyyətlər və təhlükəsizlik mexanizmləri olmalıdır. Əks halda, bu vasitələr təhsil prosesini asanlaşdırmaq əvəzinə, çətinləşdirə və şagirdin diqqətini yayındıra bilər. Bu səbəbdən texnologiyanın təhsilə inteqrasiyası informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə mütəxəssislərin iştirakı ilə həyata keçirilməlidir.
Əslində, biz çox vaxt problemin kökünü yanlış yerdə axtarırıq. Problem məktəbdən kənarda da formalaşır. Şagirdlər evdə daha çox ekran qarşısında vaxt keçirir, sosial şəbəkələrə, oyunlara və müxtəlif rəqəmsal platformalara daxil olurlar. Bir çoxunun artıq “TikTok” və “İnstagram” hesabları mövcuddur. Biz ekran asılılığı nəticəsində tədricən mütaliə mədəniyyətimizi itirmək təhlükəsi ilə üz-üzəyik: uşaqlar kitab oxumur, evlərdə jurnal və qəzetlərə rast gəlinmir, kitabların sayı isə olduqca azdır.
Azərbaycan gəncliyi üçün bu məsələnin əhəmiyyəti son dərəcə böyükdür. Çünki ekran asılılığı da psixoloji mexanizmlərlə işləyir, beyində gedən proseslər vasitəsilə formalaşır. Bu tarazlığı qorumağın əsas yolu ailədən başlayır. Valideynlər uşaqlara nəzarət etməli, onların nə izlədiyinə və nə ilə məşğul olduğuna diqqət yetirməlidirlər.
Eyni zamanda, təhsil sistemində texnologiyanın düzgün inteqrasiyası vacibdir. Sözsüz ki, məktəblər kompüter və planşetlərlə təmin olunmalı, sinif otaqları müasir texnoloji vasitələrlə zənginləşdirilməlidir. Lakin bu proses mütləq şəkildə peşəkar idarəetmə tələb edir. Hər məktəbdə informasiya texnologiyaları üzrə mütəxəssisin olması zəruridir ki, sistemlər düzgün qurulsun və təhlükəsiz şəkildə idarə edilsin, şagirdlər kitabdan uzaqlaşmasınlar.
Fidan ƏLİYEVA
XQ

