Köçkün teatrın fədakar sənətkarı

post-img

Nazir Rüstəmov - 70

Təməli 1848-ci ildə qoyulmuş Şuşa teatrının çox uğurlu və həm də bəlalı tarixçəsi var. Belə ki, onun ərsəyə gəlməsində və tanıdılmasında Azərbaycan mədəniyyətinin çox görkəmli ziyalıları, unudulmaz simaları iştirak etmişlər. Otuz ildən çox “məcburi köçkün” kimi Bakıda məskunlaşan bu sənət məbədimiz bir gün də olsun öz fəaliyyətinə ara verməyib.

Mən bu sətirləri qələmə alarkən qeyd etməyi vacib sayıram ki, ötən ilin yazından bəri üçüncü dəfədir bu sənət ocağında anşlaqla üzləşirəm. Bu dəfə söhbət açdığım tamaşada isə ayaq üstdə qalanlara minnətdarlıq etmək istəyirəm. Belə ki, birinci hissəsi dərin mənəvi-psixoloji prosesləri, dünyanın, demək olar ki, bütün xalqlarını narahat edən ailə dəyərlərinin aşınmalarını əks etdirən tamaşadan, ikinci hissəsi isə əsl teatr bayramından ibarət olan təqdimatın hər sözünün, hər notunun eşidilməsinə imkan verdilər.

Söhbət ondan gedir ki, aprelin 12-də Şuşa Dövlət Musiqili Dram Teatrında bu mədəniyyət ocağının rejissoru və aktyoru, Əməkdar artist, Cəfər Cabbarlı mükafatı laueratı Nazir Rüstəmovun 70 illik yubileyinə həsr edilmiş mükəmməl bir mərasimin tamaşaçısı olduq. Məclisdə yubilyarın quruluşçu rejissoru olduğu və əsas rollardan birini ifa etdiyi “Ümid işığı” tamaşası (yazıçı-publisist Zemfira Məhərrəmlinin əsəridir) oynanıldı. Bu tamaşanın uğurları barədə əvvəllər yazdığımıza görə indi ancaq axşamın yubiley hissəsində səsləndirilənləri qeyd etmək istəyirik.

Şuşa teatrının aktyoru, Əməkdar artist Teymur Məmmədov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov, Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndəsi – Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Qabil Kazımov, Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrı direktorunun vəzifəsini icra edən Azad Məmmədov, Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü Zemfira Məhərrəmli, Şuşa Teatrının aktrisası, Xalq artisti Şükufə Musayeva, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, Dünya Gənc Türk Yazıçıları Birliyinin qurucu-başqanı Əkbər Qoşalı və başqaları çıxış edərək yubilyarın yaradıcılığından söz açdılar və ona yeni uğurlar arzuladılar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yubilyara ünvanladığı təbrik məktubu səsləndirildi, Nazir Rüstəmovun Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı ilə təltif edildiyi elan olundu, Şuşa Rayon İcra Hakimiyyətinin “Təşəkkürnaməsi” təqdim edildi.

Çıxışlarda qeyd edildi ki, Nazir Rüstəmov Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir.

2003-cü ildən isə Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Elçinin “Şuşa dağlarını duman bürüyüb”, Əbdürrəhimbəy Haqverdiyevin “Dağılan tifaq”, Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” və digər əsərlərdə baş rolu ifa etmiş, ona qədər tamaşanın isə quruluşçu rejissoru olmuşdur. Onun ən uğurlu rejissorluğu və aktyor oyunu isə məhz 70 illik yubileyi günü tamaşaçılara təqdim edilən “Ümid işığı” əsəri oldu. Nazir Rüstəmov, ümumiyyətlə, 120-dən çox tamaşada rol almışdır. Onun “Həm ziyarət, həm ticarət”, “Bəsdir, ağlama”, “Çinarlı şəhərin generalları” (birinci film (film), “Günaydın, mələyim!”, “Seçilən”, “Cavad xan”, “Qaydasız döyüş”, “Qardaşımdan yaxşısı yox idi”, “Heydər Əliyev” filmlərində, “Həyat sən nə qəribəsən” və “Səni ürəyim sevdi” teleseriallarında yaratdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Yubiley gecəsinin sonunda çıxış edən Nazir Rüstəmov Mədəniyyət Nazirliyinə, Şuşa Rayon İcra Hakimiyyətinə, Yazıçılar Birliyinə, Teatr Xadimləri İttifaqına, Şuşa Dövlət Musiqili Dram Teatrına və tamaşaçılara minnətdarlığını bildirdi.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Mədəniyyət