Yazıçı-publisist, ədəbiyyatşünas alim Yaşar Rzayevin həyat və yaradıcılığı barədə düşüncələr
Bu isti yay günündə yazdığım yazıda dəniz sərinliyi hiss edəcəksiniz, diqqət etsəniz Xəzər dənizinin ləpələrinin səsini, şahə qalxan dalğalarının hayqırtısını belə eşidə biləcəksiniz. Mavi Xəzərin balıq-sim qoxusu verən dəniz ətri, yazda-payızda tez-tez yağan yağışların nəm qoxusu, Talış meşələrinin əsrarəngiz rayihəsi Yaşar Rzayevin nəsrinə hopub, yaradıcılığına bir özəllik, cənub təravəti qatıb.
Ömrünün 85-ci ilini yaşayan filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yaşar Rzayev haqqında çox ampulada söz açmaq olar. Tanınmış jurnalist-publisist, gözəl nasir, ədəbiyyatşünas alim, ictimai-siyasi xadim kimi Yaşar Rzayevin həyatını ayrı-ayrı rakurslardan təhlil edənlər çox olacaq. Yaşar Rzayev hər şeydən əvvəl, tanınmış ictimai-siyasi xadimdir, ömrünün böyük hissəsini bu sahəyə həsr edib. Zaman baxımından ikinci sırada onun jurnalistlik fəaliyyəti dayanır. 1990–95-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olan Yaşar Rzayev 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında Bəyanata, həmin il oktyabrın 18-də Dövlət Müstəqilliyinə imza edən millət vəkillərindəndir. O, 1995-2000-ci illər ərzində Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərib. Ömrünün 10 ilini Y. Rzayev ədəbiyyatşünaslığa, pedaqoji fəaliyyətə həsr edib, alim, pedaqoq kimi ADPU-da çalışıb. Bəs nasirlik fəaliyyətinin yaşı nə qədərdir görən?... Özünün yaşı ilə tən gələr məncə...
Çünki, Yaşar Rzayev anadan elə nasir doğulub və yazıçılıq istedadı zaman məhdudiyyətinə sığmayaraq ömrünün bütün illərinə səpələnib. Hansı işdə, hansı sahədə çalışmasından asılı olmayaraq təbi gələndə, ürək əmr edəndə yazıb, yaxşı da yazıb. Bu gün də ötən əsrin 60-cı illərində ədəbiyyata yeni nəfəs gətirən yazarlardan söz düşəndə Yaşar Rzayevin adı ilk sırada çəkilir. Ona görə yox ki, çox yazıb, onun üçün ki, nə yazıbsa, yaxşı yazıb, ürəkdən yazıb, kimsəni təkrarlamayıb, yazıçılıq, nasirlik iddiasında olmadan ürəyini, duyğularını, arzularını, çox zaman da ağrılarını sətirlərə ustalıqla tökməyi bacarıb. Fikrimcə, Yaşar müəllimin ən böyük dostu, sirdaşı da iç-mərhəm dünyası, bu dünyanın sirli-sehirli aləmidir. Elə bəlkə bu dünyaya sirli bağlılığına görədir ki, gəncliyindən bu yana Yaşar müəllimin heç vaxt səsli-küylü dostları, tanışları, böyük “kruq”u olmayıb. Xarakter, əqidə, duyum baxımından özünə yaxın olan 3-4 dostundan başqa ətrafında kimsənin olmasını istəməyib. Bunları niyə yazıram? Məncə bir insanın xarakterini açmaq üçün bu nüanslara da diqqət yetirmək lazımdır.
Yaşar Rzayev olduqca təmkinli, səbirli, elə o qədər də duyğulu insandır. Sərt görünüşünə baxmayaraq içində bir uşaq təmizliyi, saflığı, kövrəkliyi gizlənib. Müşahidələrimə istinadən deyim ki, uşaq evində keçirilən tədbirlərdə o bir icra başçısı deyildi, valideyn idi, ata idi, həssas, kövrək bir insan idi. Yaxınlarının toyunda belə qol götürüb oynamağa sıxılan bu insan uşaqlarla çox rahat təmasa girirdi, gülürdü, oynayırdı, zarafatlaşırdı-sıxılmadan, çəkinmədən, içdən.
Rayon qəzetində, televiziyada işlədiyim üçün onun partiya komitəsinin ikinci, birinci katibi, icra başçısı, millət vəkili kimi fəaliyyətini izləmək imkanım olub. Etiraf edim ki, ta tələbəlik illərindən onun qayğısını hiss etmişəm, yazılarımı oxuyanda, verilişlərimə baxanda rəyini bildirib, xoş sözlərlə həvəsləndirib, tövsiyələri, məsləhətləri ilə yardımçım olub. Əslində, Yaşar Rzayev bütün jurnalistlərin dostudur, qapısı həmişə yaradıcı insanlara açıqdır. Tanıdığım bütün jurnalist dostlarım onu çox sevir. Əksər insanlar vəzifədən gedəndən sonra onlara münasibət dəyişilir. Yaşar müəllimdə isə tam tərsinədir. O məhz vəzifədən gedəndən sonra rayondakılar, ələxxüs də ziyalılar onun idarəetməsindəki, insanlara yanaşmasındakı fərqi hiss etdilər. Bəlkə də inanmayacaqsınız, uzun illər müxtəlif məsul vəzifələrdə çalışan bu insanın rəhbərlik etdiyi rayonda yaşadığı evindən başqa heç bir obyekti, filanı yoxdur...Bilirsiniz niyə? Təmənnasında olmayıb. O təmənnada olsaydı bəlkə də bu gün el içində bu qədər xətirli-hörmətli olmazdı. Çalışdığı vəzifələr ona təkcə hörmət yox, düşmən, rəqib də qazandırıb. “Yaddaşa qayıdış” kitabında etiraf etdiyi kimi:
Yaddaş:-Xoşbəxtliyi nədə axtarmısan?
Dedim:-haqq uğrunda mübarizədə.
Yadadş:-yaşadığın ğmrün mənasını nədə görmüsən?
Dedim:-düzlükdə.
Yadadş:-bəs bilmirdin ki, ömür boyu haqq uğrunda mübarizə aparmaq və düz yaşamaq nə qədər çətindir?
... Çox istəmişəm Yaşar müəllimdən soruşam-niyə yazıçılığınızı ictimai fəaliyyətə qurban verdiniz? Amma soruşmamışam, bəlkə də ona görə ki, yazıçılıqla yaşamaq, ailə saxlamaq mümkün deyil cavabını alacağımdan qorxmuşam. Bu yaxınlarda haqq dünyasına qovuşan Elçin, hazırda fəaliyyətlərini davam etdirən yazıçı Anar, Sabir Rüstəmxanlı və b. tanınmış söz ustadlarımız da ictimai fəaliyyətlə məşğul olublar. Hərdən də düşünürəm ki, sadaladığım yazarların bəlkə elə ictimai-siyasi fəaliyyətləri onlara həyat hadisələrinin içində olmağa, yazmağa, yaxşı yazar olmağa imkan verib.
85 illik yubileyi ilə əlaqədar yəqin ki, Yaşar Rzayevdən hələ çox yazılacaq, həyat və fəaliyyəti qələm dostları tərəfindən çox rakurslarda təhlil olunacaq. Mənim baxış bucağımdan Yaşar Rzayev ilk növbədə gözəl yazıçıdır, nasirdir, publisistdir. Onun nəsri də şeir kimidir. Forma-məzmun-uslub-ideya cəhətdən tamlıq təşkil edən bədii yaradıcılığı ədəbiyyatımızın gözəl səhifələrindən biridir. Mən Yaşar Rzayevi “Beş dəqiqəılik yol” da necə sevmişəmsə, yol bitsə də bu sevgim davam edir. Bu kiçik, lirik hekayə həyat həqiqətinin real təsviri, həlli, hissiyatı baxımından o qədər çəkicidir ki, özünü xəyalən o marşrutda hiss edirsən və o yolun əbədiyyətə qədər davamını arzulayırsan...Amma...həyatda əbədi heç nə yoxdur və bu ali həqiqət bizə deyir ki, “sağlığında qiymət verin insanlara”...
Etiraf edirəm, Yaşar Rzayev haqqında yazmaq çox çətindir! Birinci ona görə ki, özü çox gözəl yazıb, əsərlərində sözə o qədər çalar, rəng qatıb ki, daha yaxşısını tapmaq sənin üçün müşkülə çevrilir. İkincisi, Yaşar Rzayevin yaradıcılığı haqqında çox tutarlı qələm sahibləri yazıblar, həm də yaxşı yazıblar.
Yazıçı Yaşar Rzayevin demək olar ki, bütün əsərlərini oxumuşam və o xoşbəxt oxuculardanam ki, müəllif bütün əsərlərini mənə şəxsən avtoqrafla hədiyyə edib. İş elə gətirib ki, yazıçı Yaşar Rzayev haqqında qeydlərimi isti yay günündə yazıram və təkrar vərəqlədiyim “Yay əhvalatı” mənə ləzzət edir. “Öz orbitinə qayıtmaq istəyirdi Soltanağa. Onu indi heç bir qüvvə saxlaya bilməzdi burda. Öz orbitində öz yeri vardı, öz çəkisi vardı, öz mənliyi vardı Soltanağanın, öz tənasübü vardı Soltanğanın. Bu tənasübə Ağakişi də, Sərraf da, Baloğlan müəllim də, şair Həsən də, təlimatçı Musa da daxildi və bu tənasüb pozulsaydı, əriyib yox olardı, bir heçə dönərdi Soltanğa”.
Amma Soltanağa kimi pulu az olsa da, mənəviyyatı zəngin olan kişilərin aramızda azalmasına, Səriyyə kimi xanımların az qala tarixə qovuşmağına kədərlənirəm. Bu gün boşanmaların kosmik sürətlə artmağının əsas səbəbi də qadınların bitib tükənməyən var-dövlət, maşın, bahalı telefon, bər-bəzək arzusu, kişilərin pul xatirinə çox şeydən keçmələri, milli-mənəvi dəyərlərə arxa çevirmələridir. Bu ayrıca söhbətin mövzusu olduğuna görə üstündən yan keçirəm...
“Dəryada gəmim qaldı” povestinin epiloqunu 42 yaşlı Yaşar Rzayevin 85 yaşlı Yaşara sorğusu kimi də qəbul etmək olar: “Saçların nə tez ağardı? Alnın nə tez qırışlandı? Gözlərin nə tez çuxura düşdü? Amma gözlərinin nuru, baxışlarının itiliyi,addımlarının qətiliyi, qollarının qüvvəsi əvvəlki kimidir. Çünki daxilində işıq yanır. O işğı yaşadanlar, o işıqla yaşayanlar həmişə güclüdürlər...”
“Vəlinin kupletləri”ndəki ağrını hiss etmisinizmi? Bu ağrı Yaşar Rzayevin Vəlisini yazıçı Anarın “Dantenin yubileyi”ndəki Kəbirlinski ilə qoşalaşdırır, həmdərd edir. Bəli, sənətdə də, həyatda da hamının bəxti gətirmir axı. Amma nə yaxşı ki, bəxti gətirənin də, gətirməyənin də içində özündən xəbərsiz bir “Sözsüz mahnı”sı olur və o mahnı insan ancaq özü olanda, iç dünyası ilə tək qalanda, mənən bütövləşəndə eşidilir...
Yaşar Rzayevin “Ana ömrü” bu ilahi mövzuda yazılmış ən səmimi hekayələrdən biridir. Anasızlıq dərdini erkən dadan müəllif bu həsrətini elə o yanğı ilə də sətirlərə töküb. Bu məhrəmliyi yazıçının “Ata” hekayəsində də görürük. Y. Rzayevin yağışlı, dənizli hekayələrinə ilıq bir həlimlik xasdır, doğma yurda olan sevgi-lənkərançılıq duyulur.Yaşar müəllimin etüdləri sanki mənsur şeirdir. “Bahar etüdləri” isə nəğmə kimidir. Y. Rzayevin təbiət təsvirli hekayələri onu rus ədibi İ.S.Turgenevə yaxınlaşdırır. “Lənkəranda payız” Turgenevin “Nə qədər gözəldir, tərdir çiçəklər” mənsur şeri ilə eyni ovqatdadır.
Qeyd edək ki, “Əks-səda” povesti yazıçı Yaşar Rzayevin maraqla oxunan povestlərindəndir. Ayrı-ayrı novellalardan ibarət əsərə yazıçı maraqlı bir epiqraf seçib:
O illərdən səda gəlir haçandı,
O ümidçin ayaqyalın qaçardıq,
O sevinci bir kədər də taparmış,
O məhəbbət kimi almış, aparmış?...
“Bu, bizim uşaqlığımızın dənizidir. Sahil həmin sahildir, həmin isti qumlar, həmin mavi üfüq, həmin göm-göy sular, həmin ağ qanadlı ləpələr. Dəyişən yalnız bizik”.
Yaşar Rzayev həm də ədəbiyyatşünas alim, tədqiqatçıdır. O, “Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu”(1960-1980-ci illərdə) mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, “Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstində (1930-1950-ci illər)” adlı doktorluq dissertasiyası yazıb. 2007-ci ildə nəşr olunan “Bədii söz və azadlıq şüuru” kitabı onun ədəbiyyatşünas alim kimi necə püxtələşdiyinin bariz sübutudur. 45 elmi, 200 müxtəlif məqalə, oçerk , resenziya, tərcümə, onlarla kitabın müəllifi bu gün də gənclik həvəsi ilə yazır, yaradır, ədəbiyyata, oxuculara olan “borc”unu qaytarır.
“Bilirsiniz ulduzlarda nə var? Bilmirsiniz. Mən də bilmirəm. Bilmək istəyirəm. Amma qanadım yoxdur. Siz isə qanadlısınız, göyərçinlər. Uçun, uçun!”.
Görən 85 yaşlı Yaşar Rzayev arzularının qanadında bu etüdü yazdığı ilk gənclik çağlarına qayıtsaydı o illərdən nəyi geri gətirmək istəyərdi və ömrün ixtiyar çağında göyərçin olub göylərdə qanad çalmaq həvəsi hələ onu tərk etməyib ki?...
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru.
.