Yaxın Şərqdə xaos kabusu dolaşır

post-img

Oyun qaydaları dəyişir, güc balansı yenidən qurulur

Bölgədə cərəyan edən hadisələr onsuz da kövrək olan təhlükəsizlik mühitini daha da gərginləşdirib. Baş verən son olaylara nəzər yetirsək, görərik ki, ABŞ/İsrail–İran xəttində hərbi qarşıdurma yeni və daha qorxulu mərhələyə keçir. Beynəlxalq ictimaiyyət və aparıcı media qurumları hadisələri diqqətlə izləyir, təhlil edir və ciddi narahatlıq sərgiləyir.

“BBC”: Pentaqon ABŞ ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefasını elan edib. Bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell “X”də yazıb. Onun sözlərinə görə, general Rendi Corc Amerika Birləşmiş Ştatları Ordusunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən istefa verib və istefa qərar dərhal qəbul olunub.

“CNN”: Amerika xüsusi idarəsi hesab edir ki, ABŞ və İsrailin davam edən hərbi əməliyyatlarına baxmayaraq, İran əhəmiyyətli raket və pilotsuz uçuş aparatları ilə hücum imkanlarına malikdir. ABŞ kəşfiyyat qurumları İranın raket buraxıcılarının təxminən yarısının salamat qaldığını təxmin edirlər. Bundan əlavə, Tehranın hələ də pilotsuz uçuş aparatlarının təxminən 50 faizinə sahib olduğu deyilir. İran sahillərində yerləşdirilən qanadlı raketlərin əhəmiyyətli bir hissəsi durur. Yəni qalan resurslar İrana həm raketlərdən, həm də PUA-lardan istifadə edərək zərbələr endirməyə imkan verir.

“Anadolu Agentliyi”: İran ətrafında gərginlik fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb. Ticarət naziri Ömər Bolatın sözlərinə görə, Ankara alternativ logistika marşrutlarının işə salınması üçün fəal addımlar atır ki, bu da, xüsusən də böhran dövründə həm enerji istehsalçıları, həm də istehlakçılar üçün vacib bir həll yolu ola bilər.

“KUNA”: Küveytin Əl-Əhmədi limanı yaxınlığında yerləşən neft emalı zavodunun ərazisində İranın pilotsuz uçuş aparatlarının zərbəsindən sonra yanğın baş verib. Məlumata görə, liman yaxınlığında yerləşən zavod bu gün səhər satlarında PUA hücumuna məruz qalıb. Bildirilib ki, yanğınsöndürən briqadalar aktiv yanğın ocaqlarının lokallaşdırılması üzərində işləyir, zərərçəkən yoxdur.

“Al Jazeera”: Əbu-Dabidə “Habşan” təbii qaz emalı kompleksi raketlərin qalıqlarının düşməsi nəticəsində baş verən yanğın səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hökumət hava hücumundan müdafiə sistemləri vasitəsilə ələ keçirilmiş raket qalıqlarının Habşan rayonuna düşməsi hadisəsinə dərhal reaksiya verib və əlavə məlumatın müəyyən edilmiş qaydada təqdim olunacağı qeyd olunub.

“Yonhap”: Cənubi Koreya və Fransa prezidentləri Li Çje Myon və Emmanuel Makron Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin edilməsi və Yaxın Şərqdəki müharibənin nəticələrinin yumşaldılması istiqamətində əməkdaşlıqla bağlı razılıq əldə ediblər. Bunu Li Çje Myon Seulda Makronla birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“The Guardian”: Böyük Britaniya hava hücumundan müdafiə (HHM) sistemi “Rapid Sentry”ni Küveytə göndərəcək. Bu barədə ölkənin Baş naziri Kir Starmerin ofisi məlumat yayıb. Vurğulanıb ki, sistemin yerləşdirilməsinin detallarını Starmer bu gün səhər Küveyt taxtının vəliəhd şahzadə Sabah əl-Xalid əs-Sabah ilə telefon danışığı zamanı müzakirə edib. Qeyd olunub ki, HHM-nin göndərilməsi barədə qərar İran PUA-larının gecə saatlarında Küveytdəki neft obyektinə hücumundan sonra qəbul edilib.

“The Times of Israel”: İsrailin müdafiə naziri İsrael Kats Livanın cənub hissəsindəki sərhəd zonasında yerləşən və radikal “Hizbullah” qruplaşması tərəfindən istifadə edilən evlərin dağıdılacağını bəyan edib. Onun sözlərinə görə, bu qərar İsrailin şimal ərazilərinin təhlükəsizliyini təmin etmək istəyindən irəli gəlir.

“SEPAH”: İranın İslam İnqilabı Keşikçiləri Korpusu vurulan ABŞ-a məxsus qırıcının pilotunun əsir götürüldüyünü bəyan edib. Məlumata görə, ABŞ-ın İran Silahlı Qüvvələri tərəfindən vurulmuş qırıcısının pilotunu “Black Hawk” və “Hercules-130” helikopterləri vasitəsilə xilas etmək cəhdləri uğurla nəticələnməyib. Daha əvvəl SEPAH məlumat yaymışdı ki, hava hücumundan müdafiə vasitələri 24 saat ərzində iki ABŞ qırıcısını vurub.

“Time Out Abu Dhabi”: Əbu-Dabinin Əcban rayonunda raketlərin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmasından sonra obyektdə meydana gələn dağıntılar nəticəsində 12 nəfər yaralanıb. Qeyd olunub ki, yaralananların hamısı əcnəbilərdir: onlardan 7 nəfəri Nepal vətəndaşı, 5 nəfəri isə Hindistan vətəndaşıdır.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Dünya